RU

"Azərbaycanın Aİ ilə əməkdaşlığında yeni və daha məhsuldar mərhələ başlayıb"

Prezident İlham Əliyev Kopenhagendə "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısında ən fəal iştirakçılardan biri oldu. Dövlətimizin başçısı yenə sammit çərçivəsində bir çox dövlət, hökumət başçısı, həmçinin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti və Aİ Komissiyasının Prezidenti ilə ikitərəfli görüşlər keçirdi. Qarşı tərəflərin müraciətləri əsasında keçirilən həmin görüşlər Avropa liderlərinin Azərbaycana olan marağının, Prezident İlham Əliyevin şəxsi nüfuzuna, yürütdüyü siyasətə etimadın və ehtiramın bariz nümunəsi idi. 

Azərbaycanın Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaş olduğunu xatırladan Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki,  sıx iqtisadi və ticarət əlaqələri gündəliyinə regional bağlantıların gücləndirilməsi məsələsi də daxil olub: "Zəngəzur dəhlizinin (TRIPP ) açılması ilə Asiyanı Avropa ilə birləşdirən daha bir strateji nəqliyyat dəhlizi öz işinə başlayacaq. Bu yol yeni reallıqlar kontekstində Çin və hazırda Avropa İttifaqının investisiyalarını artırdığı Mərkəzi Asiyanı Aİ ölkələri ilə birləşdirəcək. Dəhlizdən daşınacaq yüklərin həcminin artırılması üçün imkanların nəzərdən keçirilməsi Aİ-nin marağındadır. Ölkəmizlə enerji, ticarət, bağlantılar üzrə məhsuldar tərəfdaşlığı davam edən Avropa İttifaqı üçün Azərbaycan hər sahədə etibarlı tərəfdaşdır. Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən Azərbaycanın ən böyük ticarət tərəfdaşı da Avropa İttifaqı ölkələridir".  

P.Vəliyeva avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin vasitəçiliyi ilə keçirilən sülh danışıqlarında əldə olunan tarixi razılaşmanın yeni bir mərhələnin əsasını qoyduğunu vurğulayaraq əlavə edib ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri və imzalanan birgə sənədlər bir çox qüvvələrin, erməni diasporunun və lobbi dairələrinin iflası demək idi: "Sülh müqaviləsində əks olunan bəndlər artıq regionda üçüncü dövlətin hər hansı missiyasının fəaliyyətini mümkünsüz edir, bölgəyə müdaxilə cəhdlərinə qapını bağlayır. Bu reallığı dərk edən bəzi Avropa liderləri artıq anlayıblar ki, Prezident İlham Əliyevin yaratdığı sülh mühitini qəbul edib münasibətləri normallaşdırmaqdan başqa yol yoxdur. Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Bu, tarixi Vaşinqton Sülh Sammitindən sonra iki ölkə rəhbəri arasında keçirilən ikinci görüş idi. Bundan öncə Çində ŞƏT+ formatında keçirilən sammitdə tərəflər bir araya gəlmişdi. Sülh prosesi ərəfəsində bu cür görüşlərin keçirilməsi sülhün öz praktiki nəticələrini göstərdiyinin daha bir nümunəsidir".  

Etimad-quruculuq tədbirləri çərçivəsində artıq tərəflərin bir neçə addım atdığını deyən P.Vəliyeva söyləyib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan ilk növbədə öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir: "Bu ölkə öz konstitusiyasında və müstəqillik aktında Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. Bunun üçün tərəflərin razılaşması mövcuddur. "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı tərəflərin sülh prosesinin gedişi, Ermənistan tərəfindən sözügedən dəyişikliyin edilməsinin və Vaşinqton görüşünün nəticələrinin (TRIPP) xatırladılması, eləcə də Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlərin müzakirəsi üçün fürsət oldu. Nəticə etibarilə Azərbaycanın müstəqil, balanslaşdırılmış və çoxvektorlu xarici siyasətinə göstərilən etimad, eləcə də dövlət başçısının şəxsi nüfuzuna olan yüksək hörmət "Avropa Siyasi Birliyi" Zirvə toplantısında bir daha aydın şəkildə öz təsdiqini tapdı. Proqnozlaşdırmaq olar ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında yeni və daha məhsuldar mərhələ başlayıb və perspektivlərin yaxın gələcəkdə reallaşmasını gözləmək olar". 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
63
azerbaijan-news.az

1Источники