RU

Avroittifaq Azərbaycan üçün yeni müsbət gündəlik müəyyən etdi...


Fikrət Yusifov: “Ticarətdə yol nə qədər qısa olarsa, əldə edilən mənfəət də bir o qədər böyük ola bilir”

“Biz Mərkəzi Asiyanın perspektivlərini nəzərə alaraq nəqliyyat, enerji və rəqəmsal infrastrukturu inkişaf etdirməklə Azərbaycanla əlaqələri gücləndirmək istəyirik”. Bunu Trend-ə Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos sentyabrda Azərbaycana səfərindən sonra özəl müsahibəsində deyib.

M.Kos qeyd edib ki, uzun müddət ərzində ilk dəfə olaraq Cənubi Qafqaz vasitəsilə Avropadan Mərkəzi Asiyaya ticarət yollarının perspektivi reallığa çevrilir: “Avropa İttifaqı Transxəzər Nəqliyyat Dəhlizində investisiya imkanlarının araşdırılmasına özəl sektoru dəvət edəcək. Azərbaycana səfərim Aİ-ni Cənubi Qafqaz və daha sonra Qara dəniz regionu vasitəsilə Asiya ilə birləşdirən daha geniş strategiyanın ilk addımı oldu. Biz Mərkəzi Asiyanın perspektivlərini nəzərə alaraq nəqliyyat, enerji və rəqəmsal infrastrukturu inkişaf etdirməklə Azərbaycanla əlaqələri gücləndirmək istəyirik. Aİ-nin Azərbaycan üçün müsbət gündəliyi var: iqtisadi inkişafı və davamlı artımı stimullaşdırmaq üçün konkret təkliflər. Bu, Orta Dəhlizin inkişafı üçün həlledici əhəmiyyət kəsb edən Azərbaycana mühüm iqtisadi, siyasi və strateji faydalar gətirir. Bu kontekstdə Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizində əsas tərəfdaşdır”.

“Anladılar ki, Cənubi Qafqazın açar dövləti olan Azərbaycana basqı etməklə heç nəyə nail olmaq mümkün deyil”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun fikrincə, Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun səsləndirdiyi bu fikirlər bir daha sübut edir ki, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan son illər ərzində Avropa İttifaqı ilə münasibətlərdə düşünülmüş, uzaga hesablanmış bir siyasət yürüdüb: “Və bu gün Azərbaycan Avropa Birliyi ölkələri ilə neft və qaz satışına söykənmiş əmkdaşlıqla kifayətlənmək fikrində deyil. Azərbaycan Avropaya bundan sonra yaşıl enerji ixrac etmək və Mərkəzi Asiyanın qapılarını onun üzünə açmaq qədər geniş imkanlara sahib bir ölkədir. Və bu gün həmin imkanları reallaşdırmaq zamanı gəlib çatıb. Avropa İttifaqı ölkələrinin Çinlə hər il ortalama 800 milyard dollar həcmində ticarət dövriyyəsi var. Bu gün həmin əlaqələrin 80 faizi su və yalnız 20 faizi quru yolu vasitəsilə həyata keçirilir. Yol ticarətin onurğa sütunudur. Ticarətdə yol nə qədər qısa olarsa, əldə edilən mənfəət də bir o qədər böyük ola bilir. Bu gün Çinin Şərqindən yüklər bəzən Avropaya 60 günə qədər çatdırıla bilir. Lakin bu yüklərin Çinin şərqindən Orta Dəhlizlə Azərbaycan üzərindən daşınması bundan 3 dəfə az zaman aparır. Avropa Birliyi bu gün Azərbaycanla iş birliyini əsaslı şəkildə genişləndirmək seçimi edib. Bu seçimi edənə qədər, Fransa başda olmaqla, AB və digər üzv ölkələr Azərbaycana çox basqılar etdilər və hər dəfə də layiqli cavablarını aldılar. Nəhayət sonda anladılar ki, Cənubi Qafqazın açar dövləti olan Azərbaycana basqı etməklə heç nəyə nail olmaq mümkün deyil. Azərbaycanla sadəcə olaraq işləmək, əməkdaşlıq etmək lazımdır. İndi biz bu real, sağlam və genişmiqyaslı əməkdaşlığın başlanğıcındayıq. ABŞ-ın Cənubi Qafqaza gəlməsi də bu prosesi yetərincə sürətləndirəcək. Orta Yol tək yüklərin daşınması üzrə kommunikasiya olmayacaq. Orta Yoldan bir çox digər kommunikasiyaların, o cümlədən türkmən qazını Avropaya daşıyacaq TransXəzər Qaz kəmərinin də keçməsi reallaşdırılacaq. Orta Yol boyunca böyük regionda iqtisadiyyatın və ticarətin inkişafının yeni mərhələsi başlayacaq”.

Vidadi ORDAHALLI

Избранный
9
baki-xeber.com

1Источники