RU

İrəvan Avropaya doğru daha bir addım atan kimi Rusiya təzyiq kartını dərhal işə saldı...


Ermənistandan onlarla yük maşını sürücüsü Rusiyadan deportasiya oluna, yaxud onlara səyahət qadağası qoyula bilər. Bu, Moskvanın immiqrasiya qanunlarını sərtləşdirməsi ilə bağlıdır. Rusiyaya viza tələbi olmayan ölkələrin vətəndaşları bu yaxınlaradək Rusiyada ildə 180 günə qədər qala bilirdilər. Ötən il Rusiya hökuməti bu müddəti 90 günə endirib.

“Azatutyun” radiosu yazır ki, bu dəyişiklik Rusiyaya kənd təsərrüfatı məhsulları və digər mallar daşıyan yük maşını sürücülərinə təsir edib. Axı Rusiya Ermənistan üçün əsas ixrac bazarıdır. Xeyli sayda sürücü hər ay bu böyük ölkəyə səfər edir, hər səfərdə də bir neçə gününü orada keçirir. Bəzi sürücülər “Azatutyun”a deyiblər ki, artıq 90 günlük müddət bitdiyindən Rusiyada “qara siyahı”ya salınıblar. Rusiya polisi məhkəmə icazəsi olmadan onları deportasiya edə, üç il müddətinə ölkəyə giriş qadağasını qoya bilər. Bir sürücü deyib: “Hökumətimiz bizə bu dəyişiklik barədə xəbərdarlıq etməyib. Rusiyaya gedəndə bunu bilmirdik. Buna görə də indi işimizi itiririk”. O, Rusiyanın cənubundakı Vladiqafqaz şəhərindən telefonla danışıb, deyib ki, yerli immiqrasiya mərkəzində 20-30 erməni sürücüsü görüb. Başqa bir sürücü bildirib: “Yük maşını sürücülərinin 90 faizi, ehtimal ki, bu limiti bitirib və “qara siyahı”ya salınıblar”. Onun həmkarı isə qeyd edib: “Rusiyaya qayıda biləcəyimizi bilmirik. Buraya miqrant kimi işləməyə gəlmirik. Sadəcə girib-çıxırıq. Bizim kimiləri üçün nəsə yaxşı bir şey etməlidirlər”. Ermənistan hökuməti məsələyə şərh verməyib. Bu məsələnin Moskva qarşısında qaldırılıb-qaldırılmadığı bəlli deyil. Hökumətin Miqrasiya Xidmətinə görə, keçən il Rusiya 1100 ermənini deportasiya edib. 2025-ci ilin yanvar-avqust aylarında Ermənistanın 5 milyard dollarlıq ixracatının 37 faizini Rusiya təşkil edib. Kənd təsərrüfatı məhsulları, hazır yeməklər və spirtli içkilərin Ermənistandan ixracından ötrü Rusiya bazarı çox vacib sayılır. Avqustun sonu və sentyabrın əvvəlində Rusiya hüquq-mühafizə orqanları Ermənistanın “Spayka” qida şirkətinə məxsus 100-dən çox ağır yük maşınını saxlayıb. “Azatutyun” bunun səbəbinin hələ də qeyri-müəyyən qaldığını yazır. Nəticədə minlərlə erməni fermeri üçün həyati vacib şirkətin fəaliyyəti pozulub. Belə bir dönəmdə Moskva Ermənistan hökumətinə xəbərdarlıq edib ki, Avropa İttifaqına (Aİ) qoşulmaq istəyi ciddi iqtisadi nəticələrə yol açacaq. Aİ 2025-ci ilin yanvar-avqustunda Ermənistanın ixracatının yalnız 1 faizini təşkil edib. Amma rəsmi İrəvan hələ də bu xəbərdarlığa məhəl qoymur. Məsələ ilə bağlı “armenianreport” portal yazır: “Baş nazir Nikol Paşinyan Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin tərkibindəki Avropa Departamenti ilə bağlı mhüm addım atıb. O, Avropaya inteqrasiya departamentinin yaradılması barədə qərar qəbul edib. İlk baxışdan bu, sadəcə texniki addım kimi görünsə də, əslində, mühüm simvolik və strateji qərardır. Ermənistan Avropa İttifaqı ilə yaxınlaşma kursunu təkcə ritorika səviyyəsində deyil, həm də dövlət diplomatiyası strukturu çərçivəsində institusionallaşdırır. Bu, o deməkdir ki, Avropa istiqaməti İrəvan üçün sadəcə olaraq prioritet istiqamətə çevrilir. Və məhz bu məqamda Moskvada qıcıq və təhdidlərlə dolu səs eşidilir. Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski Avropa İttifaqını guya Ermənistan, Azərbaycan və Gürcüstanın “dövlətçiliyini məhv etmək” cəhdində ittiham edir. Onun sözlərinə görə, Aİ “ənənəvi dəyərləri aşındırır” və “ölkələri Ukrayna ssenarisinə doğru aparır”.

Bu bəyanat, çoxlarının dediyi kimi, bir rus məmurunun suveren dövlətlərin daxili işlərinə kobud müdaxiləsinin növbəti nümunəsidir. Bu, qonşular üçün narahatlığı deyil, Rusiyanın qorxusunu əks etdirir: keçmiş sovet respublikalarının nəhayət Rusiyanın təsir orbitindən çıxacağından və həqiqətən müstəqil oyunçuya çevriləcəyindən Moskva çox qorxur.

Cənab Vodolatski Ermənistanın Avropa seçimini şərh etmək əvəzinə, daxildə baş verənlərə münasibət bildirə bilərdi. Rusiya bu gün siyasi qeyri-azadlıq, vətəndaş təşəbbüslərinin boğulması, ictimai rəyə ciddi nəzarət mühitində yaşayır. Əvvəllər müxtəlif baxışların olduğu yerdə indi yalnız şüarlar qalır. Harada seçki olmalıdır, orada saxtakarlıq qalır. Əvvəllər dissident adlandırılanları isə bu gün “xarici agent” adlandırırlar. Bu, müasir Rusiyanın reallığıdır - müxalifətin sadəcə susdurulmadığı, əksinə, məhv edildiyi Stalin repressiyaları dövrünə bənzər bir reallıqdır. Qoy hər kəs öz işi ilə məşğul olsun. İqtisadi və demoqrafik problemlər içində boğulan, Ukraynaya qarşı müharibədə bataqlığa düşən, minlərlə insan və milyardlarla dollar itirən Rusiya başqalarına mühazirə oxumaq üçün hər hansı mənəvi hüququnu itirib. Ermənistanın öz seçim hüququ var. Bizim milli maraqlarımıza uyğun şəkildə inkişaf etmək hüququmuz var. Avropaya inteqrasiya Moskvanın onu təsvir etməyə çalışdığı kimi “xəyanət” və ya “sivilizasiya kodunu dəyişmək cəhdi” deyil. Bu, ən fundamental dəyərlərin demokratiya, insan hüquqları, qanunun aliliyi və fərdi azadlıq olduğu dünyaya doğru şüurlu bir hərəkətdir. Avrointeqrasiya departamentinin yaradılması kiməsə qarşı deyil, nəyə görəsə atılan addımdır. Ermənistanın qonşu dövlətlərin siyasətçilərinin şıltaqlığından asılı olmadığı gələcək üçün. Bəli, Azərbaycan və Gürcüstan haqqında danışanda Vodolatskinin haqlı və ya haqsız olduğunu müzakirə etmək də lazım deyil. Həmin ölkələrin öz jurnalistləri, analitikləri, politoloqları var ki, onlar müstəqil şəkildə bu çıxışı dəyərləndirə bilərlər. Amma Ermənistana müraciət etdikdə belə bəyanatlar qəbuledilməzdir. Nikol Paşinyan Avropaya inteqrasiya departamentinin yaradılmasında strateji düşüncə nümayiş etdirdi. O, sadəcə olaraq Xarici İşlər Nazirliyinin aparatını gücləndirmir; o, Avropa vektorunu institusionallaşdırır. Rusiya siyasətçiləri Ermənistana məsləhət verməkdənsə sussunlar. Axı onların ölkəsi çoxdan örnək olmaqdan çıxıb. O, öz sisteminin tam zəifliyini və beynəlxalq təcridini ifşa edən Ukrayna ilə müharibədə bataqlığa düşüb”.

Samirə SƏFƏROVA

Избранный
71
baki-xeber.com

1Источники