Son illər Azərbaycanın müxtəlif bölgələrində keçirilən beynəlxalq tədbirlər təkcə ölkənin iqtisadi və siyasi nüfuzunun güclənməsinə deyil, həm də milli mədəniyyətin dünyada təbliğinə mühüm töhfə verməkdədir. Azərbaycanın zəngin tarixi, çoxəsrlik mədəni irsi, xalq yaradıcılığı, incəsənəti və adət-ənənələri bu tədbirlər vasitəsilə həm yerli, həm də beynəlxalq səviyyədə geniş auditoriyaya çatdırılır.
Bu, ölkənin “yumşaq güc” siyasətinin ən effektiv istiqamətlərindən biridir və Azərbaycanın mədəni diplomatiyasını daha da gücləndirir.
Azərbaycanın beynəlxalq miqyaslı mədəni diplomatiyası
Beynəlxalq tədbirlərin regionlarda keçirilməsi, ilk növbədə, mədəni irsin canlı təbliği baxımından mühüm platforma yaradır. Şuşa, Şəki, Qəbələ, Gəncə, Naxçıvan, Lənkəran, Quba kimi şəhərlərdə baş tutan festival, sərgi, musiqi yarışmaları, teatr günləri və folklor tədbirləri Azərbaycanın mədəni zənginliyini nümayiş etdirmək üçün ideal məkandır. Məsələn, Şuşada keçirilən “Xarıbülbül” Musiqi Festivalı həm Qarabağın azad olunmuş torpaqlarında həyatın bərpasını simvolizə edir, həm də milli musiqimizin, muğam sənətimizin, xalq yaradıcılığımızın beynəlxalq aləmdə təbliğinə mühüm töhfə verir.
Bu tədbirlər zamanı müxtəlif ölkələrdən gələn sənətçilər, jurnalistlər və qonaqlar Azərbaycan mədəniyyətini yaxından tanımaq imkanı qazanırlar. Onlar həm milli musiqi, rəqs, teatr sənətini, həm də milli geyimlərimizi, mətbəximizi, xalq sənətkarlığını yerindəcə görürlər. Beləliklə, Azərbaycan mədəniyyəti haqqında dünyada daha obyektiv və pozitiv təsəvvür formalaşır. Türk Dövlətləri Təşkilatının Qəbələdə XII Zirvə Görüşünə həm də bu prizmadan yanaşmaq mümkündür. Xatırladaq ki, Türk Dövlətləri TəşkilatınınZirvə görüşləri yalnız siyasi və iqtisadi əməkdaşlığın dərinləşməsi baxımından deyil, həm də türk dünyasının ortaq mədəniyyətinin təbliği və qorunması istiqamətində mühüm əhəmiyyət daşıyır. Bu görüşlər türk xalqları arasında tarixi, dil, ədəbiyyat, musiqi, adət-ənənə və mədəni dəyərlər baxımından birliyi gücləndirən geniş platforma rolunu oynayır. Zirvə toplantıları türk mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına, ortaq mədəni irsin gələcək nəsillərə ötürülməsinə və ümumtürk kimliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Bu kontekstdə Azərbaycanın iştirakı və təşəbbüskarlığı xüsusilə diqqətəlayiqdir. Zirvə toplantıları həm ölkəmizin zəngin mədəni irsinin təqdim olunması, həm də türk dünyasında Azərbaycan mədəniyyətinin tanıdılması baxımından mühüm platforma rolunu oynayır. Azərbaycanın qurum çərçivəsində həyata keçirdiyi mədəni təşəbbüslər ölkənin yumşaq güc siyasətinin əsas sütunlarından biridir. Zirvə görüşlərində Azərbaycan mədəniyyətinin nümayişi, milli musiqi, incəsənət, folklor, ədəbiyyat və ənənəvi sənət növlərinin təqdimatı türk xalqları arasında mədəni inteqrasiyanı dərinləşdirməklə yanaşı, Azərbaycanın tarixi irsini də ön plana çıxarır. Məsələn, 2021-ci ildə İstanbulda keçirilən Zirvə Görüşündə Qarabağ Zəfərinin mədəni-siyasi simvolu kimi təqdim olunan Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi Azərbaycanın mədəni diplomatiyasının mühüm uğuru oldu. Bu qərar yalnız simvolik məna daşımırdı – Şuşada keçirilən “Xarıbülbül” Musiqi Festivalı, “Vaqif Poeziya Günləri”, türk ölkələrinin mədəniyyət nümayəndələrinin iştirakı ilə baş tutan sənət tədbirləri Azərbaycanın zəngin musiqi və ədəbiyyat irsinin bütün türk dünyasına, ümumən beynəlxalq ictimaiyyətətanıdılmasına yeni şərait yaratdı. Beləliklə, Zirvə görüşlərinin siyasi gündəliyi ilə yanaşı, Azərbaycanın mədəni diplomatiyası da beynəlxalq miqyasda formalaşmış oldu. Zirvə toplantıları zamanı Azərbaycan mədəniyyətinin təbliği çoxşaxəli istiqamətlərdə aparılır. Bu, ilk növbədə incəsənət və musiqi vasitəsilə həyata keçirilir. Muğam, aşıq sənəti, xalq rəqsləri, milli geyim və dekorativ-tətbiqi sənət nümunələri zirvələr çərçivəsində keçirilən mədəni proqramlarda daim xüsusi yer tutur. Bu, Azərbaycan musiqi məktəbinin və xalq yaradıcılığının türk xalqları arasında ortaq dəyərlər sistemi daxilində tanıdılmasına imkan verir.
Azərbaycan bölgələrinin mədəni müxtəliflik və yaradıcı potensialı dünyaya təqdim olunur
Eyni zamanda, zirvə görüşləri Azərbaycan dilinin, ədəbiyyatının və klassik irsinin tanıdılması üçün də unikal fürsət yaradır. Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri həmçinin Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə qorunması və tanıdılması üçün real mexanizmə çevrilib. Zirvələrdə qəbul olunan qərarlar nəticəsində Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası kimi qurumlarla Azərbaycan arasında əməkdaşlıq genişlənib. Bu qurumların təşəbbüsü ilə Bakıda, Naxçıvanda, Şuşada keçirilən sərgilər və konfranslar vasitəsilə Azərbaycanın xalçaçılıq, musiqi, memarlıq, ədəbiyyat və teatr sahəsindəki irsi türk dünyasında daha geniş tanınmağa başlayıb.
Mədəni təbliğin ən güclü vasitələrindən biri də mədəniyyətlərarası dialoq və mədəni paytaxt proqramlarıdır. Şuşa, Naxçıvan və Şəki kimi şəhərlərin türk dünyasının mədəniyyət paytaxtı seçilməsi Azərbaycanın müxtəlif bölgələrinin mədəni müxtəlifliyini və yaradıcı potensialını göstərmək baxımından mühüm hadisədir. Bu şəhərlərdə təşkil olunan türk ölkələrinin sənət həftələri, kinofestivallar, folklor tədbirləri və ustad dərsləri Azərbaycan mədəniyyətini regionun aparıcı mədəni mərkəzlərindən birinə çevirmişdir. Zirvə görüşləri həm də Azərbaycanın multikultural dəyərlərinin təbliği baxımından mühüm rola malikdir. Azərbaycanın çoxmillətli mədəni irsi – yəhudi, rus, talış, ləzgi, avar və digər xalqların mədəniyyətinin ümumtürk kontekstində təqdimatı ölkəmizin tolerantlıq modelinin dünyaya tanıdılmasına xidmət edir. Bu, həm də Türk dünyasının ortaq dəyərləri ilə Azərbaycan multikulturalizmi arasında körpü yaradır. Ümumiyyətlə, beynəlxalq tədbirlər vasitəsilə Azərbaycanın milli dəyərləri müasir təqdimat formasında dünyaya çatdırılır. Rəqəmsal texnologiyaların, müasir incəsənət nümunələrinin tədbirlərdə tətbiqi milli irsin yeni formatda təbliğini mümkün edir. Bu, gənc auditoriyanın diqqətini cəlb edir və mədəniyyətin zamanla ayaqlaşmasına şərait yaradır. Bütün bu proseslər nəticəsində Azərbaycan mədəniyyəti yalnız qorunan deyil, həm də qlobal səviyyədə tanınan bir irsə çevrilir. Hər bir regionda keçirilən beynəlxalq tədbir həm milli qürurun təzahürü, həm də mədəni diplomatiyanın canlı nümunəsidir. Beləliklə, beynəlxalq tədbirlərin regionlarda keçirilməsi Azərbaycanın mədəniyyətinin təbliği baxımından çoxşaxəli əhəmiyyət daşıyır. Bu tədbirlər ölkənin tarixi irsini dünyaya tanıdır, gənclərin milli ruhda formalaşmasına xidmət edir, multikultural dəyərləri möhkəmləndirir və Azərbaycan mədəniyyətini beynəlxalq səviyyəyə çıxarır. Regionlarda mədəni tədbirlərin artması Azərbaycanın həm mədəni, həm də diplomatik gücünün daha da möhkəmlənməsinə səbəb olur. Azərbaycanın zəngin mədəniyyəti bu tədbirlər sayəsində təkcə regionların deyil, bütövlükdə dünyanın diqqət mərkəzinə çevrilir. Türk Dövlətləri Təşkilatının Qəbələdə XII Zirvə Görüşü bunun faktiki təsdiqidir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.