RU

İsmail Cingöz: TDT-sız sülh, ticarət və təhlükəsizlik nizamı qurmaq mümkün deyil

Bu yanaşma təkcə Türk Dünyası üçün deyil, qlobal səviyyədə də yeni bir reallıq halına gəlməkdədir

1992-ci ildə Ankarada keçirilən ilk Zirvə görüşü ilə təməlləri atılan Türk Dövlətləri Təşkilatı (TDT) zamanla siyasi, iqtisadi və mədəni inteqrasiyanı gücləndirən mühüm regional aktora çevrildi.
Bu gün təşkilat beynəlxalq arenada artan çağırışlara uyğun mövqe sərgiləyərək qlobal gücə çevrilmə istiqamətində irəliləyir. TDT-nin Qəbələdə keçirilən 12-ci Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyi təhvil alan Prezident İlham Əliyevə uğurlar arzulayıb, Sadır Japarova isə verdiyi töhfələrə görə təşəkkür edib. Ərdoğan təşkilatın dəyişən şərtlərlə ayaqlaşan və ortaq mövqe sərgiləyən bir gücə çevrilməsinin vacibliyini vurğulayaraq, "TDT+" formatının üçüncü tərəflərlə əlaqələrə yeni nəfəs gətirəcəyini bildirib.

Beynəlxalq siyasət üzrə türkiyəli ekspert İsmail Cingöz TDT-nin yaranması, inkişafı, strateji hədəfləri və beynəlxalq sistemdəki rolu barədə Sherg.az-a danışıb:

"SSRİ-nin dağılması ilə 15 müstəqil dövlət Sovet Rusiyasından ayrıldı. Bunlar arasında olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan 1991-ci ildə bir-birinin ardınca müstəqilliklərini elan edərək tarix səhnəsində yer aldılar. Türkiyə Cümhuriyyəti isə Türk dövlətlərini ilk tanıyan ölkə olaraq tarixdə mühüm yer tutdu. Bu, xüsusi vurğulanmalı bir məqamdır.
Müstəqillikdən dərhal sonra Türk dövlətləri “Türk Dilli Ölkələr Əməkdaşlıq Şurası”-yəni Türk Şurası adı ilə 2006-2009-cu illər arasında əsas strukturlaşmaya başladılar. Lakin Türk Dövlətləri Təşkilatının təməli 1992-ci ildə Ankarada keçirilən ilk “Türk Dilli Ölkələr Zirvəsi” ilə qoyuldu. Daha sonra, 2006-2009-cu illərdə aparılan struktur dəyişiklikləri ilə Türk Şurası yeni sistemə keçdi. Nəhayət, 3 oktyabr 2009-cu ildə imzalanan “Naxçıvan Sazişi” ilə ilkin strukturlaşmasını başa vuran təşkilat, 12 noyabr 2021-ci ildə İstanbulda keçirilən Zirvə toplantısı ilə “Türk Dövlətləri Təşkilatı” (TDT) adını aldı və institusional formaya keçdi. Zaman keçdikcə dünyada yeni bir beynəlxalq sistemin formalaşdığı müşahidə olunmaqdadır. Bu yeni dünya düzəni çərçivəsində Pekin-London xəttində ikiqütblü bir güc balansı meydana çıxır. Çin və Böyük Britaniya bu yeni düzənin əsas oyunçuları kimi ön plana çıxarkən, Türk Dövlətləri Təşkilatı isə 1945-ci ildəki kimi parçalanmamaq üçün vahid bir blok olaraq üçüncü qütb kimi tarix səhnəsində yer almağa çalışır".

Ekspert TDT-nin iqtisadi, hərbi, siyasi və mədəni sahələrdə birgə hərəkət etməyin zəruriliyini dərk etdiyini söyləyib:
"Bu məqsədlə “Ortaq Əlifba Birliyi” ilə başlayan proses, “Şuşa Bəyannaməsi” kimi sənədlərlə davam edir. Türkiyə ilə Azərbaycan arasında imzalanan Müdafiə və Strateji Tərəfdaşlıq Sazişi bu əməkdaşlığın bariz nümunəsidir. Görünən odur ki, TDT qlobal gücə çevrilmək istiqamətində yeni strukturlar və təşəbbüslərlə özünü yeniləyir və bu istiqamətdə daha irəli addımlar atmağa ciddi iradə nümayiş etdirir. Rəcəb Tayyib Ərdoğan da son Zirvə toplantısında bu məsələyə xüsusi diqqət yetirib. Gələcəkdə Türk Dövlətləri Təşkilatının NATO-ya bənzər birgə hərbi əməkdaşlıq modelinə sahib olması mümkündür. Bu kontekstdə “Şuşa Bəyannaməsi”nin daha inkişaf etmiş versiyalarının reallaşdığını görə bilərik. Eyni zamanda, Avropa Birliyinə bənzər bir iqtisadi inteqrasiya və əməkdaşlıq modelinin də gündəmə gəlməsi mümkündür. Gələcəkdə yüngül, orta və ağır sənaye, yazılım, informasiyalaşma texnologiyaları və innovasiya kimi sahələrdə birlikdə və koordinasiyalı şəkildə, demək olar ki, vahid bir dövlət kimi hərəkət edən bir strukturun formalaşdırılması hədəflənir.
Bu cür addımlar, güc birliyi yaratmaq məqsədi daşıyır və “yeni format” adı altında bu təşəbbüslərin yaxın gələcəkdə həyata keçməsi mümkündür.
Yeni Dünya Nizamının qurulmasında enerji, faydalı qazıntılar, su və kənd təsərrüfatı kimi strateji sahələrdə böyük üstünlüklərə malik olan Türk Dövlətləri Təşkilatına üzv ölkələr, yeraltı və yerüstü sərvətləri ilə bu sistemin təyinedici aktorları arasında yer alma potensialına sahibdirlər.
Ərdoğanın da qeyd etdiyi kimi, “yeni format” anlayışı ilə Türk Dünyası yalnız mədəni və siyasi deyil, eyni zamanda iqtisadi, logistik və texnoloji sahələrdə də birləşmiş bir güc olmağa doğru irəliləməkdədir".

Analitik bu gün, Türk Dövlətləri Təşkilatının artıq yalnız regional bir qurum deyil, dünyanın bir çox yerində söz sahibi olan və təsir göstərən bir aktora çevrildiyini qeyd edib:
"Somali, Yəmən və Fələstin-Qəzza kimi böhran bölgələrində Türkiyə diplomatik, humanitar və sülhməramlı fəaliyyətlər həyata keçirir. Ukrayna–Rusiya müharibəsi, eləcə də Avropa və Amerika arasındakı gərginliklər fonunda Ankara müdafiə və təhlükəsizlik sahəsində mərkəzi rol oynamaqdadır. Avropa ölkələri artıq Türkiyə olmadan bir müdafiə sistemi qurmağın mümkün olmadığını qəbul edirlər. Bundan əlavə, Türkiyənin Liviya ilə imzaladığı Münhasır İqtisadi Zona razılaşmaları regionda güc balansına təsir göstərib. Şimali Kipr Türk Cümhuriyyətinin tanınması istiqamətində aparılan diplomatik fəaliyyətlər də diqqətçəkicidir. Xüsusilə BMT-nin 80-ci sessiyasında Prezident Ərdoğanın “Şimali Kipr Türk Cümhuriyyətinin tanınma zamanı gəlib çatıb” bəyanatı beynəlxalq aləmdə rezonans doğurdu. Yaxın Şərqdə İsrail-İran qarşıdurması və bölgədəki sabitlik məsələlərində də Türkiyə fəal diplomatik güc kimi çıxış edir. Bütün bu faktlar onu göstərir ki, artıq Türkiyəsiz və Türk Dövlətləri Təşkilatısız bir sülh, ticarət və təhlükəsizlik nizamı qurmaq mümkün deyil. Bu yanaşma təkcə Türk Dünyası üçün deyil, qlobal səviyyədə də yeni bir reallıq halına gəlməkdədir".
Избранный
19
sherg.az

1Источники