RU

Deputat: “Gürcüstanın daxili siyasətində baş verən hadisələrlə Azərbaycanın siyasi sistemini müqayisə etmək kökündən yanlışdır”

“Gürcüstanın daxili siyasətində baş verən hadisələrlə Azərbaycanın siyasi sistemini müqayisə etmək kökündən yanlışdır. Bu, siyasi proseslərin düzgün qiymətləndirilməməsidir. Azərbaycanda hər şey, o cümlədən siyasi sistemin keyfiyyəti də, paradiqmaları da dəyişib, ancaq 1990-cı illərin əvvəllərindən siyasi sistemimizə miras qalan bəzi radikal düşüncə tərzi dəyişməyib. Buna görə də bu gün Gürcüstanla Azərbaycanın daxili siyasi proseslərinin müqayisəsi cəhdləri edilir. Çünki radikal müxalifətin yanaşması elə 1990-cı illərdən eyni ənənə üzrə davam edir - harada rəngli inqilab varsa, Azərbaycanda da rəngli inqilab olsun, harada narıncı inqilab baş verirsə, Azərbaycanda da baş versin, Gürcüstanda asayiş pozulursa, gərək Azərbaycanda da pozulsun. Radikal müxalifət uzun illərdir, bu məntiqlə çıxış etdiyinə görə onların elektoratları da dağılıb. Bu gün insanların onların arxalarınca meydanlara çıxmamalarının səbəbi məhz həmin radikal düşüncə tərzinə sahib qrupların ictimai müstəvidə nüfuzlarının olmaması ilə bağlıdır. Sadəcə, bunu görərək və bilərək qəsdən özlərinin siyasi qeyri-populyarlıqlarını Azərbaycanda insan hüquqlarının məhdudlaşdırılması ilə əlaqələndirməyə çalışırlar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

“Məsələ bundadır ki, Azərbaycan cəmiyyəti yetkin cəmiyyətdir və bunun fərqindədir ki, radikal qüvvələr manipulyasiya edirlər. Əslində isə siyasi proseslərə təsir imkanları yoxdur. Bunu ört-basdır etmək üçün hüquq sistemini ittiham edirlər. Beləliklə, ictimai rəydə öz nüfuzlarını bir qədər də aşağı salmış olurlar. Buna görə də Azərbaycanda küçələrə çıxmaq lazım olanda hamı bunu edir və heç bir hüquq maneə olmur. 44 günlük müharibə dövründə pandemiyanın ağır şərtlərinə baxmayaraq Azərbaycan xalqı boydan-boya küçələri doldurdu. Çünki xalq bu qələbəni istəyir və qələbə gətirən siyasəti dəstəkləyirdi”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 7 Oktyabr 2025, 16:38   
Избранный
21
pravda.az

1Источники