RU

GÖKSUR IIR raketi aşağı hündürlükdən uçan hədəfi dəqiqliklə vurdu

Türkiyənin ASELSAN şirkəti və TÜBİTAK SAGE mərkəzi tərəfindən birgə inkişaf etdirilən GÖKSUR 100-N VLS şaquli buraxıcı sistemindən ilk dəfə GÖKSUR IIR infraqırmızı axtarıcı başlıqlı raketinin atış sınağı həyata keçirilib.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, sınaq zamanı GÖKSUR IIR raketi aşağı hündürlükdən uçan yüksək sürətli hədəfi tam dəqiqliklə vurub.

Belə ki, atəşi idarəetmə sistemi və ara mərhələdə GÜDÜ data linki ilə hədəfə yönləndirilən GÖKSUR IIR raketi, yeni nəsil IIR axtarıcı başlığı sayəsində hədəfə kilidlənərək 11+ km məsafədə, dəniz səthinə yaxın uçan hədəfi birbaşa zərbə ilə məhv edib. Bu atış testi ilə Türkiyədə ilk dəfə dəniz səthinə yaxın hədəf yerli raketlə vurulmuş olub.

GÖKSUR məhsul ailəsi ASELSAN və TÜBİTAK SAGE tərəfindən suüstü platformaların öznümüdafiəsi üçün hazırlanıb. O, xüsusilə səthə yaxın uçan gəmi əleyhinə və qanadlı raketlər kimi çətin hədəflərə qarşı yüksək effektivlik təmin edən dəqiq zərbə qabiliyyətinə malik hava hücumundan müdafiə sistemi olaraq diqqəti cəlb edir. GÖKSUR-un dəniz platformalarında tətbiqi xüsusilə səthə yaxın uçan qanadlı raketlərə, pilotsuz uçuş aparatlarına və döyüş təyyarələrinə qarşı effektiv müdafiə xətti yaradır.

Həmçinin GÖKSUR vasitəsilə gəmi üzərindəki raket müdafiə sistemlərinin modernizasiyasına töhfə verilərək Türkiyənin milli müdafiə sənayesi qabiliyyətlərinin gücləndirilməsi hədəflənir.

Sınaqla bağlı fikirlərini bölüşən Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bildirib ki, ölkənin milli hava hücumundan müdafiə infrastrukturu yeni imkanlarla inkişaf edir.

“Bu sayədə dəniz platformalarına oyunun qaydalarını dəyişdirən yeni bir HHM qabiliyyəti daha qazandırmış olduq. Bu mühüm uğura imza atan ASELSAN və TÜBİTAK SAGE komandalarımız başda olmaqla, əməyi keçən bütün tərəfdaşlarımızı səmimi qəlbdən təbrik edirəm. Mavi Vətənə etibar bəxş edən yeni texnologiyalarımızı daha da irəli aparmaq üçün gecə-gündüz çalışmağa davam edəcəyik”, – deyə H.Görgün qeyd edib.

fcda1e5f

Избранный
66
poliqon.az

1Источники