BAKI, 7 oktyabr. TELEQRAF
İsveçin Evle şəhərində 13 yaşlı yeniyetmənin şübhəli bilindiyi kütləvi atışmadan sonra yeniyetmə cinayətkarlığına qarşı sərt tədbirlərin görülməsi nəzərdən keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş naziri Ulf Kristersson danışıb.
Hökumət ağır cinayətlərə görə cinayət məsuliyyəti yaşını 15-dən 13-ə endirmək planını açıqlayıb. Lakin bu təşəbbüs 26 aparıcı prokurorun kəskin etirazına səbəb olub. Onlar xəbərdarlıq ediblər ki, bu dəyişiklik hüquqi qeyri-müəyyənlik yaradacaq və ədalət prinsiplərinə zərər vuracaq.
“13 və 14 yaşlı uşaqlar arasında inkişaf və yetkinlik fərqi çox böyükdür. Bu, hüquq sisteminə zərər vermədən həyata keçirilə bilməz”, - Prokuror Tobias Kudren qeyd edib.
Tənqidlərə cavab olaraq Baş nazir Kristersson bildirib ki, “həyat çətin qərarlarla doludur” və mütəşəkkil cinayətkarlıqla mübarizə üçün “daha qətiyyətli üsullar” tələb olunur.
Ədliyyə naziri Qunnar Strömmer isə vurğulayıb ki, hazırkı sistem, yəni 15 yaşdan kiçiklərin cinayət məsuliyyətinə cəlb olunmaması, cəmiyyəti ağır cinayətlər qarşısında həssas vəziyyətdə qoyur.