RU

Rusiyanın 11-ci Beynəlxalq Bakı Kitab Sərgisində iştirakı barədə yanlış xəbərlər yayılıb...


Mədəniyyət Nazirliyi: “Bakı Kitab Sərgisində Rusiya çox yüksək səviyyədə təmsil olunur”

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi davam edir. Oktyabrın 1-də başlayan sərgi oktyabrın 7-də başa çatacaq.

XI Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransında açıqlandı ki, sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq, mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsindəki rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.

Neçə gündür davam edən sərgidə 23 ölkədən 68 xarici təşkilat və 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edir. Məlumata görə, İspaniya, Küveyt və İndoneziya Bakı sərgisinə ilk dəfə qatılıblar.

Sərgidə iştirak edən dövlətlərin Türkiyə, İtaliya, ABŞ, Argentina, İngiltərə, Litva, Qətər, İndoneziya, İspaniya, Çin, Cənubi Koreya və s. olduğu bildirilir.

Sərginin keçirildiyi günlərdə belə məlumat yayıldı ki, sərgidə iştirak edən ölkələr arasında Rusiya təmsil olunmur. Rusiyanın sərgidə iştirak etməməsi barədə deyilənlər, sözün açığı, bizə qəribə gəldi. Bilirik ki, keçən dönəmlərdə Rusiya dəfələrlə bu sərgiyə qatılıb və stendləri olub, maraqlı təqdimatlarla oxucuların diqqətini çəkib.

“Yayılan məlumatlar həqiqəti əks etdirmir”

Deyilənlərin nə qədər doğru olub-olmadığını araşdırmaq məqsədilə tədbirin təşkilatçısı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova “Bakı-Xəbər”ə bildirdi ki, yayılan xəbər həqiqəti əks etdirmir. “Bakı Kitab Sərgisində Rusiya çox yüksək səviyyədə təmsil olunur. Görünür, kimlərinsə o sərgidən xəbəri olmayıb, ona görə belə deyiblər. Belələrinə inanmayın. Rusiyanın sərgidə çox böyük stendi də var, çoxlu kitablar təqdim edirlər. Ona görə yayılan məlumatlar həqiqəti əks etdirmir. Getsəniz özünüz də görə bilərsiniz”-deyə nazirlik təmsilçisi bildirdi.

Qeyd edək ki, rəsmi xəbərə görə, iştirakçı ölkələr sırasında Türkiyə və Rusiya kimi böyük kitab bazarına malik dövlətlər də olub. Sərgi çərçivəsində 250-dən artıq tədbirin keçirilməsi, eləcə də dünya şöhrətli yazıçı və alimlərin iştirakı planlaşdırılırdı.
Leyla QARAXANLI

Избранный
23
baki-xeber.com

1Источники