RU

Qadınların Bakıda avtobus sürməsi nəyi dəyişəcək? - AÇIQLAMA

Bildiyimiz kimi, ictimai nəqliyyatda qadınların iştirakının təşviqi məqsədilə “BakuBus” MMC yeni təlim proqramına start verib. Şirkət gender bərabərliyinin gücləndirilməsi və qadınların nəqliyyat sektoruna inteqrasiyası istiqamətində ardıcıl addımlar atır. Bəs, görəsən hal-hazırda təlimlər necə davam edir?

Missiya.Az-ın sorğusuna cavab olaraq “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, şirkət fəaliyyətə başladığı gündən sərnişin məmnunluğu və xidmət keyfiyyətinin artırılmasını əsas prioritet kimi müəyyən edib:

“Eyni zamanda biz gender bərabərliyinin təşviqinə və inklüziv iş mühitinin yaradılmasına böyük önəm veririk. Xüsusilə qadın sürücülərin ictimai nəqliyyata cəlb olunması ‘BakuBus’ üçün prioritet mövzulardandır. Bu məqsədlə 1 avqust tarixində qadın sürücülər üçün təlimlərə başlanılıb. Təlimlərə qoşulan 5 namizəddən 2-si artıq prosesin son mərhələsinə yaxınlaşıb və hazırda şəhər turu üzrə praktiki məşğələlərdə iştirak edirlər.”

Əsmər Əliyevanın sözlərinə görə, növbəti mərhələdə namizədlər nəzəri və praktiki imtahan verəcəklər. Uğur qazandıqları halda, qadın sürücülər “BakuBus” MMC-də rəsmi olaraq fəaliyyətə başlayacaqlar.

“İnanırıq ki, qadın sürücülərin ictimai nəqliyyatda iştirakı xidmət mədəniyyətinin yüksəldilməsinə, təhlükəsizliyin artırılmasına və sosial inkişafın dəstəklənməsinə mühüm töhfə verəcək,” – deyə şirkət rəsmisi əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
68
missiya.az

1Источники