RU

Məktəbəhazırlıq qruplarının uşaqların inkişafında rolu - TƏHLİL

Məktəbəqədər hazırlıq uşağın gələcək həyatına, təhsil prosesinə və şəxsiyyətinin formalaşmasına birbaşa təsir göstərən ən vacib mərhələlərdən biridir. Bu mərhələ sadəcə məktəbə getməzdən əvvəl müəyyən biliklərin öyrənilməsi deyil, uşağın idraki, emosional, sosial və fiziki inkişafının əsasının qoyulduğu dövrdür. Elmi tədqiqatlar göstərir ki, erkən uşaqlıq dövründə əldə edilən təcrübə və vərdişlər insanın gələcək öyrənmə sürətini və uğur potensialını müəyyənləşdirir. Bu baxımdan məktəbəqədər hazırlığın keyfiyyətli təşkili yalnız təhsilin ilk pilləsində deyil, bütün təhsil sistemində nəticələrin göstəricisinə çevrilir.

Bu fikirləri Operativ Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 22-ci maddəsində məktəbəqədər təhsil uşaqların hərtərəfli inkişafına, onların təlimə psixoloji və fizioloji cəhətdən hazırlanmasına yönələn mərhələ kimi müəyyən edilir:

“Bu müddəa dövlətin məktəbəqədər hazırlığı formal deyil, strateji əhəmiyyətli pillə kimi qəbul etdiyini göstərir. Həmçinin, “Məktəbəqədər təhsil haqqında” 2018-ci il tarixli Qanunda da qeyd olunur ki, bu mərhələdə uşaqların fərdi xüsusiyyətlərinə, maraq və qabiliyyətlərinə uyğun təlim-tərbiyə proqramları tətbiq edilməli, onların sosial adaptasiyası, ünsiyyət və özünüifadə bacarıqları formalaşdırılmalıdır.

Statistik göstəricilər bu sahədə müəyyən irəliləyişlərin baş verdiyini göstərir. Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, ölkədə 5 yaşlı uşaqların 73 faizi məktəbəqədər hazırlıq proqramına cəlb olunub. Bu göstərici 2016-cı ildə cəmi 24 faiz idi. Cəmi 8 il ərzində bu səviyyədə artım Elm və Təhsil Nazirliyinin sahəyə diqqətinin və məqsədyönlü siyasətinin nəticəsidir. Nazirlik son illərdə “Məktəbəqədər təhsilə bərabər çıxış” layihəsini həyata keçirərək regionlarda yeni qruplar açıb və kənd məktəblərində məktəbəqədər hazırlıq sinifləri təşkil edib. Bu, sosial ədalət və təhsildə bərabər imkanların təmin olunması baxımından müsbət addımdır.

Məktəbəqədər hazırlığın uşaqların idraki və emosional inkişafına təsiri elmi cəhətdən də sübut olunub. UNICEF və UNESCO-nun birgə hesabatına görə, məktəbəqədər hazırlığa cəlb olunan uşaqlar ibtidai təhsildə orta hesabla 25 faiz daha yüksək nəticə göstərirlər. Onların diqqət, yaddaş və dil bacarıqları daha sürətlə inkişaf edir. Bundan əlavə, erkən yaşda sosial adaptasiya qazanmış uşaqların məktəb mühitinə uyğunlaşması daha asan olur ki, bu da sonrakı illərdə dərs davamiyyətinə və akademik uğura müsbət təsir göstərir.

Bununla belə, sistemdə hələ də həllini gözləyən problemlər qalmaqdadır. Bəzi bölgələrdə məktəbəqədər müəssisələrin çatışmazlığı, tərbiyəçilərin peşə hazırlığının qeyri-bərabər səviyyədə olması və oyun əsaslı tədris metodikasının tam tətbiq edilməməsi uşaqların fərqli inkişaf səviyyələrinə səbəb olur. “Təhsil haqqında” Qanunun 5-ci maddəsində dövlətin təhsildə keyfiyyətin təminatı və əlçatanlıq öhdəliyi qeyd olunub, lakin bu istiqamətdə bölgələrarası fərqlərin aradan qaldırılması üçün resurs paylanması mexanizmləri hələ də təkmilləşdirilməlidir.

Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi kurikulum islahatları və “Erkən uşaqlıq dövrünün inkişaf göstəriciləri” sənədinin tətbiqi bu sahədə müasir yanaşmanı nümayiş etdirir. Yeni proqram uşağın şəxsiyyət yönümlü inkişafını əsas götürür və onun maraqlarına uyğun tədris mühiti formalaşdırır. Bu, beynəlxalq təcrübəyə uyğun addımdır. Finlandiya, İsveç və Estoniyada məktəbəqədər mərhələ uşağın mühitini müşahidə etməsi, empatiya və tədqiqat bacarıqlarının formalaşdırılması üzərində qurulub. Orada əsas məqsəd uşağın erkən yaşdan düşünmə, qərarvermə və sosial məsuliyyət hissini inkişaf etdirməkdir. Azərbaycan da bu istiqamətdə müasir pedaqoji modelləri tətbiq etməyə başlayıb ki, bu da Elm və Təhsil Nazirliyinin uzaqgörən siyasətinin nəticəsidir".

Kamran Əsədov əlavə edib ki, məktəbəqədər hazırlıq həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətlidir:

“Dünya Bankının hesabatına görə, məktəbəqədər təhsilə qoyulan hər 1 manat investisiya gələcəkdə iqtisadi məhsuldarlığa 6 manata qədər təsir göstərir. Uşağın erkən yaşda aldığı sosial və idraki bacarıqlar onun əmək bazarına uyğunlaşmasını asanlaşdırır və gələcəkdə sosial adaptasiyasını gücləndirir. Bu baxımdan dövlətin bu sahəyə diqqəti uzunmüddətli sosial-iqtisadi sabitliyin əsaslarından biridir.”

Bütün bunlar göstərir ki, məktəbəqədər hazırlığın genişləndirilməsi istiqamətində görülən işlər doğru istiqamətdədir. Elm və Təhsil Nazirliyi bu sahədə sistemli və ardıcıl siyasət yürüdür, məktəbəqədər təhsilin əlçatanlığını artırmaqla uşaqların bərabər imkanlarını təmin edir. Növbəti mərhələdə diqqət tərbiyəçi kadrların müasir pedaqogika üzrə ixtisasartırma proqramlarına, fərdi inkişaf izləmə sistemlərinin gücləndirilməsinə və valideynlərin maarifləndirilməsinə yönəldilməlidir".

Ayşən Sadıxzadə

Избранный
25
operativmedia.az

1Источники