RU

Qələm tutmağı öyrədənlər – Gələcəyin memarları

Hər bir insanın həyatında dərin iz buraxan, düşüncəsinə yön verən, qəlbinin dərinliyində silinməz xatirəyə çevrilən bir ad olur – o da “müəllim” adıdır. Müəllim insanı savadlı, vətəni isə işıqlı gələcəyə aparan yolun bələdçisidir. Onun əlləri qələmin, sözün, elmin müqəddəsliyini qorumaqla yanaşı, habelə baxışlarında gələcəyə ümid, səsində isə məsuliyyətin səsi duyulur. Zaman dəyişir, nəsillər bir-birini əvəz edir, amma müəllimin cəmiyyət qarşısındakı rolu heç vaxt köhnəlmir. O, əsrlər boyu millətin mənəvi dayağı, maarifin çırağı, xalqın tərəqqisinin təməli olub. 

 

Bəli, hər uğurlu insanın arxasında da elə bir müəllim dayanır – səssiz, təmənnasız, amma qürurla… Müəllimlər bu gün də sabahın vətəndaşlarını formalaşdırır, cəmiyyətin düşüncəsini, mənəviyyatını və gələcəyini yoğururlar.

 

Bu gün, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Bizə qələm tutmağı öyrədən o şərəfli peşə sahiblərinin təqviminin ən mənalı və unudulmaz səhifələrindən biridir.

 

Modern.az Azərbaycan müəlliminin cəmiyyətdəki yeri və rolu, onun keçmişi, bu günü və gələcəyi barədə fikirlərini öyrənmək üçün bir sıra tanınmış ictimaiyyət nümayəndələri ilə həmsöhbət olub.

 

İlk növbədə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyevanın bu əlamətdar günlə bağlı təəssüratlarını öyrəndik. 

 

“5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün Azərbaycan müəllimlərini səmimi qəlbdən təbrik edir, ömürlərini xalqın işıqlı gələcəyinə həsr edən bu müqəddəs peşə sahiblərinə möhkəm can sağlığı, səbr və yeni uğurlar arzulayıram”, - deyə millət vəkili bildirib. 

 

Ümummilli lider Heydər Əliyev müəllim əməyini həmişə yüksək dəyərləndirərək deyirdi:

 

“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”.

 

Deputat vurğulayıb ki, müəllimlik missiyası zaman və məkan tanımır:

 

“O, insanın formalaşmasında, şəxsiyyətin yetişməsində, dünyagörüşün formalaşmasında valideyndən sonra ən mühüm rolu oynayır. Müəllim bəzən bir insanın taleyini, düşüncəsini, dünyaya baxışını dəyişən qüvvəyə çevrilir. Öyrədən, yol göstərən, ruh verən, həyatı dərk etdirən müəllim əməyi əvəzolunmazdır. Zəfərimizin qəhrəmanlarını yetişdirən, vətəni sevdirən, mərhəməti, ədaləti, insanlığı aşılayan da məhz müəllimdir. O, milli kimliyi gələcək nəsillərin varlığında zərrə-zərrə formalaşdıran mənəvi memardır.

 

Məhəmməd peyğəmbər (s.ə.s.) alimləri “yer üzünün çırağı, nuru” adlandırırdı. O, biliyi bilməyənlər arasında yaymağı ən böyük sədəqə sayır, bilik öyrədən və öyrənən arasında sevgi və hörməti vacib hesab edirdi:

 

“Kimdən bilik öyrənirsinizsə, ona hörmət edin, kimə bilik öyrədirsinizsə, ona qarşı da mehriban olun”.

 

O həmçinin qeyd edib ki, tarix boyu dahi şəxsiyyətlər müəllimin rolunu bəşəri ölçülərlə qiymətləndiriblər.

 

Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir:

 

“Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”.

 

Dahi Nizami Gəncəvi üçün elm və təhsil insanı kamilliyə aparan ən doğru yoldur. Onun fikrincə, elm insana təbiətin və mənəviyyatın sirlərini açmağa, ağıl və biliyin gücü ilə üstünlük qazanmağa imkan verir. Görkəmli alim Nəsrəddin Tusi isə “Əxlaqi-Nasiri” əsərində yazırdı:


“Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?”

 

Millət vəkilinin sözlərinə görə, Azərbaycan maarifçilik tarixində Firudin bəy Köçərli, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli kimi maarifpərvər ziyalıların rolu əvəzsizdir.

 

“Onlar məktəb və təhsil ideyasını millətin tərəqqisinin əsası kimi dəyərləndirir, müəllimlik peşəsini cəmiyyətin gələcəyinə işıq salan müqəddəs bir missiya sayırdılar. Müxtəlif dövrlərdə yaşamış müdriklərin fikirləri bir həqiqəti təsdiqləyir: əsl müəllim hər zaman milli sərvət, milli dəyər kimi qəbul edilmişdir. Gələcəyin necə olacağını söyləmək çətin olsa da, bir həqiqət dəyişməz qalır – müəllim və şagird münasibəti insanlığın mənəvi təməlidir. Bu münasibət – sevgi, inam, hörmət və mənəvi bağlılıq üzərində qurulub. Bu hissləri süni intellekt nə qədər inkişaf etsə də, təkrarlaya bilməz”.

 

“Elə bir insan tapmaq çətindir ki, onun qəlbində müəllimi ilə bağlı xoş bir xatirə olmasın”, - deyə həmsöhbətimiz əlavə edib:

 

“Dünyanı dəyişən, tarixi yaradan dahi şəxsiyyətləri də elə müəllim yetişdirib. Müəllimlik elə bir peşədir ki, onun həyatda alternativi yoxdur. Zaman keçəcək, texnologiyalar dəyişəcək, lakin müəllimlik missiyası öz ucalığını heç vaxt itirməyəcək. Forma və məzmun yenilənə bilər, amma mahiyyət – insan yetişdirmək amalına sədaqət əbədi qalacaqdır. Bu gün Azərbaycan müəllimi cəmiyyətin modernləşməsi və texnoloji yenilənmə dövründə yeni bir mərhələdən keçir. Müasir müəllim artıq “öyrədən” deyil, öyrənməyə bələdçilik edən, yaradıcılıq mühiti quran, tənqidi düşüncə və dəyərləri birləşdirən şəxsdir. O, bilik ötürən deyil, öyrənməyə ruhlandıran liderə çevrilməkdədir. Əminik ki, Azərbaycan müəllimi bu dönüş dövrünü ləyaqətlə yaşayacaq, yeni reallıqlara uyğunlaşaraq təhsilin gələcəyini formalaşdıracaqdır. Məhz bu inamla Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan müəllimi ən müasir və mütərəqqi təhsil sistemini quracaqdır”.


Müəllim – keçmişin irsini, bu günün reallıqlarını və sabahın ümidlərini birləşdirən mənəvi körpüdür. Onun işığı sönməz, adı ucalardan uca qalar”, - deyə M.Vəliyeva qeyd edib. 

 

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə də bu əlamətdar günlə bağlı fikirlərini bölüşüb:

 

“Pedaqoqlar təlim və tərbiyə prosesini səciyyələndirəndə müəllim və şagird münasibətlərini xüsusilə ön plana çəkirlər. Psixoloqlar isə müəllim-şagird münasibətlərini “sehirli məkan” kimi dəyərləndirirlər. Məktəbin hər bucağında gözəgörünməz tellərlə mövcud olan bu sehirli məkanın özünəməxsus səhifələri var. Müəllimin fəaliyyəti öyrədici, inkişafetdirici və tərbiyəedici vəzifələr üzərində köklənib. Bunlar olduqca çətin vəzifələrdir. Onlar müəllimdən çoxlu qabiliyyətlər tələb edir. Bu qabiliyyətlər içərisində kommunikativ və didaktik qabiliyyətlər daha önəmli əhəmiyyət kəsb edir. Kommunikativ qabiliyyətlər sehirli məkanın birinci səhifəsini, didaktik qabiliyyətlər isə ikinci səhifəsini təşkil edir”.

 

Hikmət müəllim sehirli məkanın birinci və ikinci səhifələrinə də diqqət çəkib:

 

“Sehirli məkanın birinci səhifəsi: - Sinif məkanını keyfiyyət ölçüləri ilə dəyərləndirəndə onun nə qədər mürəkkəb quruluşa və özünəməxsus münasibətlər sisteminə malik olduğu aydın olur. Hər bir şagird bu məkana təhsil almaq üçün gəlir. Amma şagirdlər bu məkanda bilik və bacarıqlar əldə etməklə bahəm, həm də şəxsiyyət kimi sosiallaşırlar. Sosiallaşma çoxlu amillərin əhatəsində baş verir. Sinif şəraitində müəllimin şagirdlərə münasibəti bu prosesin aparıcı amilinə çevrilir. Pedaqoji təcrübədən də məlumdur ki, müəllimlərə ən düzgün qiyməti şagirdlər verirlər. Şagirdlər müəllimlərdə hansı keyfiyyətlərə üstünlük verirlər? sualını aydınlaşdırmaq üçün psixoloqlar məktəblərdə maraqlı tədqiqatlar aparıblar. Bu tədqiqatların birində həm məktəbin yuxarı sinif şagirdlərinə, həm pedaqoji institutun I kurs tələbələrinə, həm də müəllimlərə “ideal müəllimin keyfiyyətlərini”qeyd etmək xahiş edilmişdi. Əldə edilən nəticələrdən məlum olmuşdur ki, şagirdlər və tələbələr müəllimlərin insani keyfiyyətlərinə, müəllimlər isə işgüzar və peşə keyfiyyətlərə üstünlük verirlər. Göründüyü kimi, şagirdlər və müəllimlər eyni problemi prizmanın müxtəlif bacaqlarından dəyərləndirirlər”.

 

“Şagird sinifdə sevincli də ola bilir, kədərli də. Müəllim onun yaşadığı hiss və həyacanları bölməyi bacarmalıdır”, - deyə o əlavə edib:

 

“Onun şagirdin qəlbinə yol tapması, dediyi bir kəlmə sözdən asılıdır, müəllimin müdrüklüyü bu addımından başlayır. Humanist müəllimlər, ilk növbədə, bu keyfiyyətləri ilə fərqlənirlər. Bu keyfiyyət müəllimi şagirdə sevdirir. Müəllim və şagird bir-birini sevəndə..... həm müəllimin, həm də şagirdin uğurları artmağa başlayır. Sehirli məkanın ikinci səhifəsi: - Bu səhifədə didaktik qabiliyyətlər dominantdır, amma onlar kommunikativ qabiliyyətlərlə birləşəndə sinifdə uğurlar pedaqoji möcüzələrə çevrilir. Didaktik qabiliyyətlər öz məzmununu təhsilin fəlsəfəsindən asılı olaraq dəyişir. Keçən əsrin ortalarında didaktik qabiliyyətlər deyəndə “öyrətmə bacarığı”, keçən əsrin sonlarında “öyrənməyi öyrətmək bacarığı”, bu gün “yaradıcı insanlar yetişdirmək bacarığı” nəzərdə tutulur. “Öyrətmə”, “öyrənməyi öyrətmə”, “yaradıcı insanlar yetişdirmə” təlimin müxtəlif təhsil fəlsəfəsinə əsaslanan fərqli yanaşmalarıdır. Bu yanaşmalar müəllimdən fərqli təlim konsepsiyasına əsaslanmağı tələb edir”.

 

İctimai Şura sədri nəzərə çatdırıb ki, müəllimin pedaqoji fəaliyyəti müəyyən bir konsepsiyaya əsaslanmırsa, dərsin keyfiyyəti haqqında danışmaq mümkün deyil:

 


“Konsepsiya (latınca conceptio-anlama sistemi) ədəbiyyatda müxtəlif məzmunda (nəyinsə izahında rəhbər ideya; vahid sistem təşkil edən bir şeyə baxışlar kompleksi; hər hansı bir hadisəni başa düşmək, şərh etmək üçün müəyyən yol, əsas nöqteyi-nəzər və s.) açıqlansa da, mahiyyəti etibarı ilə fəaliyyət strategiyasını müəyyən edir. Məlumdur ki, strategiya olmadan taktikanı ayırd etmək mümkün deyil. Müəllim də fəaliyyətə başlayanda öz strategiyasına (oxu: konsepsiyasına) əsaslanaraq, taktika (oxu: metodika və texnologiya) müəyyənləşdirir. Qabaqcıl müəllimlərin fəaliyyətlərindəki uğurların sirləri onların konsepsiyasının məzmunundadır”.

 

O həmçinin vurğulayıb ki, bütün dövrlərdə həm adi müəllimə, həm də qabaqcıl müəllimə təsadüf edilib:

 

 “Qabaqcıl müəllimlər öz pedaqoji fəaliyyətlərində rəhbər tutduqları konsepsiyanı tətbiq etməyin yolunu tapması ilə fərqlənmişlər. Onlar hətta eyni məsələni müxtəlif rakurslardan həll edirlər. Müəllim özünəməxsus təlim konsepsiyasını yarada biləndə onun dərsində rəngarənglik əmələ gəlir. Belə olduqda dərs həm müəllimin özü üçün, həm də şagird üçün maraqlı olur. Bu konsepsiyanı yarada bilməyin iki önəmli şərti var: müəllimin şagirdə olan sevgisi və bilik, bacarıq, qabiliyyətləri. Bu iki şərt odənəndə müəllim şagirdin qəlbində sevgi qazanmış olur. Unutmaq olmaz ki, şagirdlərin təlim uğurları müəllimə sevgidən başlayır. Bu günlərdə müəllimlər peşə bayralarını qeyd edirlər. Müəllimini sevən şagird bu günü səbirsizliklə gözləyir, öz yaradıcılıq imkanlarından istifadə edərək, onu peşə bayramı münasibəti ilə təbrik  edirlər. Belə gündə məlum olur ki, şagird sevgisini hansı müəllim qazanıbdır. Bu bayram günündə biz də əziz müəllimləri təbrik edir, onlara şagirdlərinin sevimli müəllimi olmağı arzu edirik”.

 

 


Mətbuat Şurasının sədri Rəşad Məcid də nitqinə ona ilk dərs deyən müəllimindən bəhs edərək başlayıb: 

 

“Hər bir insanın həyatında ona ilk dərs deyən, xatirəsini heç vaxt unutmadığı müəllimlər olur. Bizim uşaqlığımızda müəllimlər bizim üçün müqəddəs sayılırdı. Onların qarşısında daim ehtiramla dayanır, özümüzü hörmətlə aparırdıq. Mənim heç vaxt unutmadığım müəllimim Ağdam şəhər 1 nömrəli orta məktəbdə ibtidai sinifdə mənə dərs deyən Fəridə müəllimə olub. Həmişə onu işıqlı xatirələrlə yada salıram. Yadımdadır, 3-cü sinfi bitirəndə, hətta ona olan minnətdarlığımı bir bənd şeirlə də ifadə etmişdim”.

 

R.Məcid bildirib ki, daha sonrakı illərdə də istər Ağdamdakı orta məktəbdə, istərsə də universitetdə unutmadığı, hər zaman dərin hörmət bəslədiyi müəllimləri olub. 

 

“Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində mənə dərs deyən bir çox müəllimləri əvvəldən tanıyırdım – ya televiziyadan, ya da kitablarından. Amma onlarla canlı ünsiyyətdə olmaq, onların tələbəsi olmaq mənim üçün böyük həyəcan idi. Ustadım professor Şirməmməd Hüseynov, Famil Mehdi, Nəsir İmanquliyev, Qulu Xəlilov, Nurəddin Babayev kimi tanınmış simalar bizə dərs deyiblər. Ustad Şirməmməd Hüseynovla sonrakı illərdə də rastlaşdıqca hər zaman ona olan ehtiramımı ifadə etmiş, əllərindən öpmüşəm”.

 

Müsahibimizin fikrincə, müəllimlər hər zaman – keçmişdə də, bu gün də, gələcəkdə də etibarlı şagird və tələbələrin yetişməsində təməl daşları olublar, həmçinin bundan sonra da olacaqlar:

 

“Müəllimlər günündə onları böyük hörmətlə yada salıram. Dünyasını dəyişənlərə rəhmət diləyir, yaşayanlara can sağlığı arzulayıram. Mənim müəllimlərimdən biri də hazırda Bakı Dövlət Universitetində dərs deyən professor Cahangir Məmmədli və Akif Rüstəmovdur”, - müsahibimiz əlavə edib.

 

Yekun olaraq o qeyd edib ki, onların bu gün də jurnalist tələbələrin yetişməsində böyük rolu vardır:

 

“Bütün müəllimləri 5 oktyabr – Müəllimlər Günü münasibətilə təbrik edir, onlara uğurlar arzulayıram. Müəllim adı uca addır – bu adı hər zaman uca tutmaq lazımdır”, - deyə o qeyd edib.

 

 

Azad Vətən Partiyasının rəhbəri Akif Nağı da öz növbəsində vurğulayıb ki, müəllim cəmiyyətdə xüsusi statusa malik olan bir şəxsdir. 

 

“Qədimdən insanlar çalışıblar ki, övladlarına yaxşı təhsil vermək üçün yaxşı müəllimlərə müraciət etsinlər. Müəllimlər cəmiyyətin, dövlətin gələcəyini formalaşdıran gəncləri yetişdirirlər. Bu, son dərəcə vacib və məsuliyyətli bir missiyadır. Bu gün Azərbaycanda müəllimlərə münasibətin daha yaxşı olması istənilir – istər bağçalarda, istər məktəblərdə, istərsə də ali təhsil müəssisələrində. Burada məsələ ikitərəflidir. Bir tərəfdən, dövlət müəllimlərin qayğılarını daim nəzərdə saxlamalı, onlara ciddi dəstək verməlidir. Müəllimlərə investisiya qoymaqdan çəkinmək olmaz. Binalar, müəssisələr vacibdir, amma ən böyük sərmayə müəllimə qoyulmalıdır. Müəllim yüksək əməkhaqqı ilə təmin olunmalı, xüsusi statusu olmalı, güzəştlər və imtiyazlarla əhatə olunmalıdır”.

 

O bildirib ki, digər tərəfdən isə müəllimlər öz peşə borcunu və daşıdıqları missiyanı dərk etməlidirlər. 

 

“Müəllim yalnız maddi maraqla bu sahədə olmamalıdır. Əgər kimsə “mənə yaxşı maaş verilmir, dövlət qayğı göstərmir, mən də öz işimə biganəyəm” deyirsə, bu, qətiyyən yolverilməzdir. Zənnimcə, belə düşünənlər müəllimlik etməməlidirlər”.

 

Həmsöhbətimizin sözlərinə görə, tariximizdə də buna bənzər nümunələr rast gəlinir:

 

“Məsələn, Hacı Zeynalabdin Tağıyev kasıb, imkansız ailələrin təhsil alması üçün məktəblər tikdirirdi. Şuşada Mir Mövsüm Nəvvab, Şamaxıda Seyid Əzim Şirvani, Bakıda Mirzə Ələkbər Sabir – hamısı çətin şəraitdə olsalar da, məktəblər açır, tədris edirdilər. Onlar müəllim missiyasının şərəfini anlayırdılar. Bu gün də müəllimlər üçün yaradılan şəraitdən asılı olmayaraq, hər kəs öz məsuliyyətini dərk etməlidir. Cəmiyyətin, dövlətin gələcəyini müəllimlər formalaşdırır. Bu ikitərəfli prosesdə – həm dövlətin qayğısında, həm müəllimin məsuliyyətində – boşluqlar var və onların aradan qaldırılması vacibdir”.

 

 

Təhsil eksperti Elçin Əfəndi isə müəllimlər günü ilə bağlı fikirlərini bölüşərkən deyib ki, əgər biz keçmişlə bu günü, yaxud gələcəyi müqayisə etsək, təhsil sahəsində bir sıra dəyişikliklərin şahidi olarıq. 

 

“Xüsusilə məktəblərdə gender balansının pozulması diqqət çəkir. Kişilər bu sahədən kənarda qalıb, əsas pedaqoji heyəti qadınlar təşkil edir. Keçmişdə isə kişi müəllimlərin sayı daha çox idi və onlar da tədris prosesinin əsas iştirakçısı idilər.

 

Bu dəyişikliklərin bir çox səbəbi var. Əsasən də maddi motivasiya və müəllim peşəsinin əvvəlki nüfuzunu itirməsi məsələsidir. Keçmişdə müəllim adı çəkiləndə hər kəs bir anlıq durub düşünərdi, özünə çəki-düzən verərdi. İndi isə təəssüf ki, bu hörmət əvvəlki kimi deyil”.

 

Təhsil eksperti onu da diqqətə çatdırıb ki, sözügedən dəyişikliklərdə valideyn-müəllim münasibətlərinin balanssızlığı, müəllimlərə qarşı haqsız münasibət və bəzi müəllimlərin neqativ hallarda adlarının hallanması (rüşvət və s.) da rol oynayır:

 

“Sertifikasiya prosesi, MİQ imtahanlarında zəif nəticələr də müəllim nüfuzuna təsirsiz ötüşmür. Amma biz arzu edirik ki, müəllim adına əvvəlki ehtiram bərpa olunsun, bu ad yenə də cəmiyyətdə yüksək dəyərləndirilsin. Doğrudur, bu gün müəyyən qədər hörmət və dəyər var, lakin texnologiyanın, süni intellektin sürətli inkişafı səbəbindən gələcəyə nikbin baxmaq çətindir. Ola bilsin ki, 10-15 ildən sonra tədris prosesində müəllimin rolunu süni intellekt əvəz etsin. Bu da pedaqoji sahəyə təsir edəcək”.

 

“Buna baxmayaraq, könül istəyir ki, yaxın illərdə Azərbaycan müəlliminin nüfuzu, cəmiyyətin ona olan hörməti bərpa olunsun”, - deyə təhsil eksperti əlavə edib:

 

Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Mən müəllim adından yüksək ad tanımıram”.

 

Ekspert vurğulayıb ki, bu adı qorumalı, yaşatmalı və dəyərləndirməliyik:

 

“Burada müəllimlərin özlərinin də üzərinə böyük məsuliyyət düşür. Onlar da neqativ hallardan çəkinməli, nümunə olmalıdırlar. Bu münasibətlə bütün müəllimləri təbrik edir, onlara uğurlar və peşəkar inkişaf arzu edirəm. Öz üzərində çalışan, öyrədən hər bir müəllim bu şərəfli adı daşımağa layiqdir”, - deyə o nitqini sonlandırıb.

 

Избранный
12
1
modern.az

2Источники