RU

Romada Qəzzaya dəstək aksiyasında polislə qarşıdurma baş verib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Roma, 5 oktyabr, AZƏRTAC

İtaliyanın paytaxtı Romada Qəzzaya dəstək məqsədilə keçirilən aksiyada təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında gərginlik qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bir neçə saat dinc keçən aksiya zamanı yüzlərlə etirazçı dağılaraq hökumət binalarına yaxınlaşmaq üçün yollarını dəyişiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının müdaxiləsi və baryer qurması nəticəsində qarşıdurmalar olub. Nümayişçilər tullantı qablarını və avtomobilləri yandırıblar. Polis əməkdaşları butulka və fişəng atan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Kütləvi iğtişaşlara görə 262 nəfər həbs olunub və ya şəxsiyyətləri müəyyən edilib. Təhlükəsizlik qüvvələrinin 41 əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb, 2 etirazçı xəstəxanaya yerləşdirilib.

İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, etirazçılar paytaxtda II İohann Pavelin heykəlinin üzərinə yazılar yazıb və zərər vurublar.

“Sülh üçün küçələrə çıxdıqlarını iddia edənlər sülhün əsl müdafiəçisi və qurucusu olan insanın xatirəsini təhqir edirlər. İdeologiyadan korlanmış insanların törətdiyi bu ləyaqətsiz hərəkət onların tarixdən və onun qəhrəmanlarından tamamilə xəbərsiz olduqlarını nümayiş etdirir”, - deyə Baş nazir qeyd edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, aksiyada 250 mindən çox insan iştirak edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
azertag.az

1Источники