Rusiyada məşhur çay markaları təhlükəli toksinlər səbəbindən gündəmə gəlib.
Bildirilir ki, son səkkiz ay ərzində Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsinə Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) təhlükəli pestisidlərlə çirklənmiş 111 ton çay məhsulunu dövriyyədən çıxarıb.
Şübhəli istehsalçılar arasında "Tess", "Greenfield" və "Zolotaya çaşa" kimi tanınmış brendlərin də adı keçir. Mütəxəssislər bildirirlər ki, təhlükəli məhsulla qarşılaşmaq riski nisbətən aşağı olsa da, sağlamlığa təsirləri olduqca ciddi ola bilər.
Pestisidlər sinir sisteminə hücum edir, yaddaş və diqqəti zəiflədir, allergiyaya səbəb olur və hətta xərçəng xəstəliyinə yol aça bilər.
Bəs ölkəmizdə satışda olan və təhlükəli hesab edilən “Tess” və “Greenfield” çayları ilə bağlı araşdırma aparılırmı?
Mövzu ilə bağlı "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirib ki, çaylardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub:
"Bəzi media səhifələrində Rusiya Federasiyasında istehsal olunan bir çox çaylarda təhlükəli kimyəvi maddələrin tapılması barədə məlumatlar yayılıb. Onlardan ölkəmizə idxal olunan çaylardan - "Greenfield" və "Tess" çay çeşidlərindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən riskəsaslı yanaşma tətbiq edilməklə nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Hazırda araşdırmalar davam edir".