RU

Gürcüstanda seçki sakit keçməyəcək - ŞƏRH

Mixail Saakaşvilinin gücü azalsa da, azadlığa çıxmaq şansı qalır

“İctimai çağırışlara əsasən, radikal siyasi qüvvələrin elan etdiyi sabahkı mitinqin məqsədi konstitusiya quruluşuna qarşı çıxmaq və onu zorakılıq yolu ilə devirməyə və ya dəyişdirməyə cəhd etməkdir”. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, qanun pozuntularına çox sərt cavab veriləcək: 

"Biz heç kimə riskə getməyi və qanuna qarşı çıxmağı məsləhət görmürük". Kobaxidze bütün siyasi partiya və birlikləri məqsədi Gürcüstanda zorakılıq yolu ilə konstitusiya quruluşunu devirmək və yaxud dəyişmək olan aksiyalardan çəkinməyə çağırıb. Bu arada Tbilisi Şəhər Şurasında Vahid Milli Hərəkat Partiyasının deputatı Zviad Kuprava saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin birinci müavini Laşa Maqradze bildirib ki, istintaq materiallarına görə, 2025-ci il sentyabrın 30-da Zviad Kuprava sosial şəbəkələrdə vətəndaşları oktyabrın 4-də keçiriləcək seçkiləri pozmağa və mövcud hakimiyyəti devirməyə çağıran video yayımlayıb: "Çağırışlarının cinayət mahiyyətini ört-basdır etmək və müvafiq məsuliyyətdən yayınmaq üçün o, seçkiləri Rusiyanın xüsusi əməliyyatı, seçki məntəqəsini xüsusi əməliyyat yeri, hökuməti isə İvanişvili adlandırıb. Bu da təbii ki, Gürcüstan Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əməlin cinayət olduğunu istisna etmir". Onun sözlərinə görə, Kuprava həbs olunarkən DTX nümayəndələrinə müqavimət göstərib. Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Müxalif qüvvələr Tbilisidə mitinq elan edib. Bildirilir ki, kütləvi aksiyanın məqsədi dinc yolla inqilaba nail olmaqdır.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Sherg.az-a açıqlamasında deyib ki, Gürcüstanda seçki məsələsi qarışıqdır. Ekspert xatırladıb ki, prezident seçkilərində də narazılıqlar, gərginliklər yaşanmışdı: 

"Budəfəki seçkilərdə də etirazların, narazılığın olacağı bəllidir. Hakim "Gürcü Arzusu"nun ciddi rəqibi yoxdur. Mixail Saakaşvili artıq güclü rəqib sayılmır, əvvəlki reputasiyası qalmayıb. Dəstəkçiləri də çox deyil. Ancaq müxalifətin, o cümlədən iqtidarın seçkilərdə necə təşkilatlanacağı önəmlidir. Digər mühüm məqam Qərb ölkələrinin Gürcüstandakı seçkilərin nəticələrinə reaksiyasının necə olacağıdır. İstənilən halda qonşu ölkədə hər zaman olduğu kimi budəfəki seçkilər də gərgin keçəcək. Mitinqlərin olacağı da şübhəsizdir. Hesab edirəm ki, M.Saakaşvili seçkini udmasa belə, ən azından azadlığa çıxmaq üçün şans əldə edə bilər. Bunun üçün Qərb dövlətlərinin gürcü hökumətinə təzyiqi artmalıdır".
Избранный
33
1
sherg.az

2Источники