Sea Breeze

Qərbi Azərbaycan İcmasının inzibati binasında ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə nəşr edilmiş “Azərbaycan” qəzetində Qərbi Azərbaycan mövzusu: sentyabr 1918 – oktyabr 1919” kitabının təqdimat mərasimi keçirildi.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Bildirdi ki, İcmanın uzun illər ortaya qoyulmasına imkan verilməmiş Qərbi Azərbaycan həqiqətlərini işıqlandırmaq istiqamətində ardıcıl fəaliyyəti davam edir. Ən yaxın tərəfdaşların ali təhsil müəssiləri olduğunu bildirən sədr, bu sırada ADA Universitetinin xüsusi yeri olduğunu qeyd etdi.

Ə.Ələkbərli təqdimatı keçirilən kitabın Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfə verdiyini, kitabda 1918-1920-ci illərdə Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilmiş vəhşiliklərin Azərbaycan qəzetinin materiallarında əks olunduğunu, bu faktların həm tariximizin, həm də milli yaddaşımızın ayrılmaz hissəsi olduğunu bildirdi.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə çıxışında Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğuladı. O bildirdi ki, Azərbaycan tarix boyu dəfələrlə erməni millətçilərinin əsassız iddiaları və təcavüzkar siyasəti ilə üz-üzə qalıb. Kitab bir daha göstərir ki, xalqımız tarixən deportasiyalara, soyqırımı cəhdlərinə baxmayaraq, ciddi müqavimət göstərib. Həmin dövrdə mətbuatda dərc olunan yazılar, sadəcə, quru informasiya deyil, həm də xalqımızın faciələrini, eyni zamanda, mübarizəsini əks etdirən qiymətli tarixi mənbələrdir. Bu kitab hər bir azərbaycanlının stolüstü kitabı olmalı, gələcək nəsillərə milli yaddaşın ötürülməsi baxımından mühüm vəsait kimi dəyərləndirilməlidir”, – deyə deputat qeyd etdi.

Təqdimat mərasimində çıxış edən nəşrin müəllifi Azad Ağaoğlu, dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix İnstitutunun elmi işçisi, Qərbi Azərbaycan tarixi üzrə mütəxəssis Nazim Mustafa, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov, İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov qeyd etdilər ki, araşdırmalar yalnız tarixi faktların üzə çıxarılması ilə məhdudlaşmır, həm də hüquqi müstəvidə dəyərləndirilir. Bu baxımdan nəşr Qərbi Azərbaycanda və bütövlükdə xalqımızın 200 illik tarixi boyunca baş verən faciələrin və törədilən cinayətlərin sənədlərlə təsdiq olunmuş salnaməsi kimi qiymətləndirilməlidir.

Sonda tədbir iştirakçıları birlikdə xatirə fotosu çəkdirdilər.

Qeyd edək ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən, hökumətin daxili və xarici siyasətini oxuculara vaxtında və yüksək peşəkarlıqla çatdıran ilk mətbu orqan olan “Azərbaycan” qəzetində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası, Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törədilən kütləvi qırğınlar, Ermənistan Respublikası ərazisində yaşayan azərbaycanlıların kütləvi surətdə məhv edilməsi və tarixi torpaqlarından silah gücünə qovulması haqqında çoxlu məlumatlar işıq üzü görürdü. Qəzet həmçinin Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyinin fəaliyyətini də müntəzəm olaraq işıqlandırmışdır.

Məlumdur ki, 1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində ilk erməni dövləti – Ermənistan (Ararat) Respublikası yarandıqdan sonra rəsmi dövlət orqanları aborigen azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir.

Azərbaycan Milli Şurasının 1918-ci il mayın 31-də keçirilən iclasının qərarı ilə İrəvan şəhəri o şərtlə Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilmişdi ki, Azərbaycana qarşı ərazi iddiasından əl çəksin. Lakin Ermənistan hökuməti nəinki vədinə əməl etmiş, əksinə həm Azərbaycan Respublikasının ərazilərinin işğalını, həm də İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirmişdir.

Bütün bunlar “Azərbaycan” (rusca) qəzetinin diqqət mərkəzində saxladığı əsas mövzulardan idi.

Araşdırmalar göstərir ki, “Azərbaycan” qəzetində Qərbi Azərbaycanla bağlı kifayət qədər material dərc olunub. Qəzetin bir çox nömrələrində Qərbi Azərbaycanla bağlı ciddi faktlar var. Sadəcə bu faktlar 80 ildən çox müddət ərzində diqqətdən kənar qalıb. Çünki qəzet ərəb qrafikası ilə nəşr olunub. Bu məlumatlar artıq ərəb əlifbasından tərcümə olunaraq kitab şəklində oxuculara təqdim olunur.

Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX