RU

Sağlam rəqabət – yüksək inkişaf

Tələb və təklifin maneəsiz uyğunluğu

Dünən Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II Milli Rəqabət Forumu keçirilib.

Millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları, özəl sektorun təmsilçiləri və digər maraqlı tərəflərin iştirak etdikləri forumda müasir iqtisadi şəraitdə rəqabət siyasətinin təhlili, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi, bu sahədə mövcud çağırışlar və ictimai maraqların qorunması, eləcə də effektiv və ədalətli bazar münasibətlərinin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, Azərbaycanın iqtisadi inkişafında rəqabət qabiliyyətliliyinin güclənməsi, texnologiyaların tətbiqi və beynəlxalq nüfuzun artması mühüm rol oynayır. Hazrda ölkədə iqtisadiyyatın texnoloji modernləşməsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin müşahidə olunduğunu diqqətə çatdıran nazirin sözlərinə görə, bunun nəticəsində həm yerli, həm də xarici investorlar üçün əlverişli şərait formalaşır, Azərbaycan iqtisadiyyatına marağın artması regional inkişaf üçün də yeni imkanlar açır. Rəqabətin bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olduğunu vurğulayan M.Cabbarov bildirib ki, tələb və təklif yalnız rəqabət mövcud olduqda düzgün formalaşır, innovasiya və məhsuldarlıq isə məhz sağlam rəqabət mühitinin təminatı ilə mümkün olur.

Azərbaycanda təbii inhisarların effektiv və şəffaf tənzimlənməsinin rəqabət mühitinin qorunması və iqtisadiyyatın sağlam inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirən nazirin sözlərinə görə, gündəlik həyat və iqtisadi fəaliyyətin düzgün uzlaşdırılması üçün təbii inhisarların rolu və onların tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə beynəlxalq əməkdaşlıq istiqamətində atılan addımların iqtisadi perspektivləri genişləndirdiyini diqqətə çatdıran nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış iqtisadi islahatlar nəticəsində sahibkarların rəqabət qabiliyyətinin artması müşahidə olunur.

Qeyri-neft sektorunu ölkənin iqtisadi siyasətinin əsas hərəkətverici qüvvəsi adlandıran nazir daha sonra deyib ki, 2021-2024-cü illərdə bu sahədə hər il orta hesabla 6, 7 faiz artım qeydə alınıb. Qeyd olunub ki, İqtisadiyyatın şaxələndirilməsinin və rəqabət mühitinin gücləndirilməsin bizim əsas hədəfimizdir. Ölkə Prezidenti tərəfindən iqtisadiyyatın şaxələndirilməsinin əsas vəzifə kimi müəyyənləşdirildiyini xatırladan M.Cabbarovun sözlərinə görə, bu yeni məhsul və xidmətlərin istehsalı üçün bilik, bacarıq, insan kapitalı və müasir texnologiyaların mənimsənilməsini tələb edir. Bütün bunların uğurlu olması üçün isə düzgün mühit, yəni rəqabət mühiti vacibdir.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxışında qeyd edib ki, qarşıdakı dövrlərdə əsas hədəf ölkədə rəqabət mühitinin gücləndirilməsi, dövlət satınalmalarında çox iştirakçılığın təmin olunması, kiçik və orta sahibkarlığın dəstəklənməsi olacaq. Diqqətə çatdırılıb ki, rəqabət mühitinin təmin olunması həm dayanıqlı iqtisadi inkişafı, həm də sənayeləşmə səviyyəsinin yüksəlməsini şərtləndirir ki, bu da biznes subyektlərinin gəlirliliyinin artmasına və iqtisadi şaxələndirmənin genişlənməsinə şərait yaradacaq.

Bu ilin ötən dövründə ölkədə baş verən rəqabət qanunvericiliyinin pozulması halları barədə məlumat verən E.Bağırovun sözlərinə görə, yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi, eləcə də iqtisadi təmərküzləşmə əməliyyatları üzrə baxılmış müraciətlər 2 dəfəyədək, qanunsuz reklamların yayımı və təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılmış müraciətlər isə 20 faizədək artıb.

Qeyd olunub ki, hesabat dövründə qurum əməkdaşları tərəfindən 83 təmərküzləşmə əməliyyatı araşdırılıb ki, bu da rəqabət mühitində fəallığı və davamlı inkişaf dinamikasını nümayiş etdirir: “Bu il ərzində haqsız rəqabətə yol verilməklə rəqabət qanunvericiliyinin pozulması ilə bağlı 54 araşdırmaya başlanılıb və 12 iş qaldırılıb. Görülən tədbirlərin bir məqsədi var: rəqabəti pozan davranışlardan çəkindirmək və rəqabət mədəniyyətinin təşəkkülünə nail olmaq. Məhz bunun nəticəsidir ki, 14 təsərrüfat subyekti aşkar olunmuş pozuntu hallarını könüllü aradan qaldırıb”.

Sonra Milli Məclisin deputatı Azər Əmiraslanov və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışları dinlənilib. Daha sonra agentlik sədrinin müşaviri Cəfər Babayevin və qurumun təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalının moderatorluğu ilə “Müasir rəqabət çağırışları və dəyişən siyasət: Rəqabət siyasətinin iqtisadi inkişafda rolu” və “Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar” adlı panel müzakirələr keçirilib.

Müzakirələrdə rəqabət siyasətinin iqtisadi inkişafda rolu, rəqabət tənzimləmələrinin biznes mühitinə təsirləri, rəqəmsal platformalarda meydana çıxan yeni rəqabət çağırışları, transsərhəd rəqabət pozuntularının qarşısının alınması, Rəqabət Məcəlləsinin bazar iştirakçılarının davranışlarına ilkin təsirləri, təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsinin əsas prinsipləri, enerji, nəqliyyat, telekommunikasiya, su təsərrüfatı və digər strateji sahələrdə təbii inhisar subyektlərinin fəaliyyətində ictimai maraqların qorunması, təbii inhisar subyektlərinin maliyyə dayanıqlılığının təmin edilməsi, eləcə də özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektləri ilə təbii inhisarların qarşılıqlı fəaliyyətinin təşkili kimi mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Panel müzakirələrinin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mirbağır YAQUBZADƏ
XQ

Избранный
26
1
xalqqazeti.az

2Источники