RU

İnhisarlara qarşı addımlar nə vaxt atılacaq?

Rəqabət Məcəlləsi qüvvəyə minsə də, bu sahədə ciddi dəyişiklik müşahidə olunmur

Təbii inhisarların tənzimlənməsi iqtisadiyyatın sağlam inkişafı üçün vacibdir. Bunu Bakıda keçirilən II Milli Rəqabət Forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib (APA).

O qeyd edib ki, gündəlik həyat və iqtisadi fəaliyyətin düzgün uzlaşdırılması üçün təbii inhisarların rolu və onların tənzimlənməsi xüsusi əhəmiyyət daşıyır: “Bəzi hallarda təbii inhisar anlayışı ictimai müzakirələrdə və ekspert təhlillərində yanlış qəbul olunur. Təbii inhisar heç də mənfi anlayış deyil. Sadəcə olaraq, bu sahələrin düzgün tənzimlənməsi vacibdir. Azərbaycanda bir sıra strateji əhəmiyyətli sahələrdə fəaliyyət əsasən təbii inhisar subyektləri tərəfindən həyata keçirilir. Ölkə kontekstində bu, adətən dövlət müəssisələrinə aiddir. Dövlət müəssisələrinin təbii inhisar statusunun idarə olunması rəqabət mühitinin qorunması baxımından diqqət mərkəzindədir. Bu sahələrin müəyyən qədər özəl sektor üçün açılması, yeni oyunçuların meydana gəlməsi təbii inhisarların mövqeyi ilə balanslı şəkildə tənzimlənir. Bu proses həm qəbul edilmiş qanunvericilik, həm də aparılan institusional islahatlarla dəstəklənir. Ayrı-ayrı dövlət müəssisələrində korporativ idarəetmənin gücləndirilməsi və dövlət holdinqlərinin yaradılması da məhz bu məqsədə xidmət edir”.

Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan kimi kiçik bazarlarda əsas çağırışlardan biri iqtisadiyyatın diversifikasiyası, yeni məhsul və xidmətlərin bazara gətirilməsidir: “Ən azı iki böyük oyunçunun mövcudluğu vacibdir. Lakin sağlam rəqabət mühitinin formalaşması üçün bu say daha çox olmalıdır. Məqsədimiz iqtisadiyyatda bu gün mövcud olmayan məhsul və xidmətlərin istehsalını təşviq etmək və onları bazara çıxarmaqdır. Bu istiqamətdə əsas məsələ həmin bazarların necə tənzimlənməsi və istehlakçı maraqlarının necə qorunması ilə bağlıdır. Bütün bu çağırışlar rəqabət siyasətinin və dövlət tənzimləyici qurumlarının qarşısında duran mühüm vəzifələrdir”.

Mikayıl Cabbarov onu da deyib ki, Azərbaycanda tənzimləyici qurumların bazar iştirakçısı funksiyasını daşıması sistemli risk yaradır.

İqtisadiyyat nazirinin bu çıxışı dövlətin əlində olan təbii inhisarların fəaliyyətinə nəzarətin gücləndirilməsinin zəruriliyini bir daha ortaya qoyur. Bu, xüsusilə əhalinin kütləvi istehlakçısı olduğu xidmətləri təqdim edən qurumlarla bağlı son dərəcə vacibdir. Bura elektrik enerjisi, qaz, su təminatı ilə yanaşı, dövlət qurumlarının inhisarçı mövqedə olduğu digər sahələr - İnternet və rabitə, sərnişindaşıma xidmətləri və sair də daxildir. Məlumdur ki, Azərbaycanda dövlətin əlində olan xidmət sahələrinin əksəriyyətində kəskin keyfiyyət problemi yaşanır: bir qayda olaraq vətəndaşların onların təchizatçısını seçmək imkanı olmur. Bu, həmin sahədəki dövlət inhisarçısının xidmət keyfiyyətindən daha çox qiymət artımına diqqət yetirməsinə gətirib çıxarır. Nəticədə, məsələn, Bakı şəhərində metro ilə sərnişindaşıma tarifləri ildən-ilə artsa da, xidmətin keyfiyyətində hər hansı müsbət dəyişiklik müşahidə olunmur. Əksinə, metrodan istifadə sürətlə artan sıxlığa görə mümkünsüz hala gəlir.

Yaxud su, qaz, elektrik enerjisi təminatı ehtiyacın yüksəldiyi dövrlərdə kəskin şəkildə pisləşir: yayda su, qışda qaz təminatında fasilələr istehlakçıları çətin vəziyyətə salır. Bölgələrin elektrik enerjisi ilə təminatı isə ilin bütün fəsillərində yarıtmaz haldadır.

Yaxud Aztelekom-un ötən ildən İnternet tariflərini kəskin artırması fonunda bu xidmətin keyfiyyətində heç bir dəyişiklik baş verməyib.

Azərbaycanın 2000-ci illərin əvvəlini əhatə edən öz təcrübəsi göstərir ki, belə xidmətlərin özəl əllərə idarəçiliyə verilməsi bütün təchizat sisteminin yenilənməsi, xidmət keyfiyyətinin yüksəlməsi ilə nəticələnir. Təəssüflər olsun ki, Bakının elektrik təchizatından başlayan bu proses yarımçıq dayandırıldı.

Dünya təcrübəsi göstərir ki, inhisar kimə məxsus olursa-olsun, iqtisadiyyat üçün zərərli haldır. Azərbaycan təcrübəsi bu halın ölkənin ümumi iqtisadi inkişafına necə zərər vurduğunun əyani göstəricisidir. Ötən ildən Azərbaycanda Rəqabət Məcəlləsi qüvvəyə minsə də, ölkə iqtisadiyyatının əksər sahələrində müşahidə olunan inhisarlaşma sahəsində hansısa ciddi dəyişikliyin olduğunu söyləmək mümkün deyil. Hərçənd Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov maraqlı statistika açıqlayıb. Onun sözlərinə görə, 2025-ci ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrünə nəzərən bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi, eləcə də iqtisadi təmərküzləşmə əməliyyatları üzrə baxılmış müraciətlər 2 dəfəyədək, qanunsuz reklamların yayımı və təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılmış müraciətlər isə 20 faizədək artıb.

O bildirib ki, bu dövrdə 83 təmərküzləşmə əməliyyatı araşdırılıb: “Bütün bunlar rəqabət mühitində fəallığı və davamlı inkişaf dinamikasını nümayiş etdirir. Əlavə olaraq, bu il ərzində haqsız rəqabətə yol verilməklə rəqabət qanunvericiliyinin pozulması ilə bağlı 54 araşdırmaya başlanılıb və 12 iş qaldırılıb. Əlbəttə ki, görülən tədbirlərin bir məqsədi var: rəqabəti pozan davranışlardan çəkindirmək və rəqabət mədəniyyətinin təşəkkülünə nail olmaq. Məhz bunun nəticəsidir ki, 14 təsərrüfat subyekti aşkar olunmuş pozuntu hallarını könüllü aradan qaldırıb. Sahibkarlıq subyektlərinin bu addımı onların rəqabət mühitinə artan həssaslığının göstəricisidir”.

Yazını hazırladı: Dünya SAKİT

Избранный
13
musavat.com

1Источники