RU

Azərbaycan-Cənubi Koreya əməkdaşlığı yüksəliş dövrünü yaşayır

Çağdaş dünyamızda məsafəcə xeyli uzaqda yerləşən elə bir xalq, elə bir ölkə yoxdur ki, o, Cənubi Koreya qədər Azərbaycanla tarixi, iqtisadi, mədəni və hətta mənəvi tellərlə sıx bağlı olsun. Təsadüfi deyil ki, hər iki dost xalqın öz keçmişi ilə fəxr etməyə yetərincə əsası vardır. Hər iki xalqı həmçinin zəhmətsevərlik, qonaqpərvərlik, vətənpərvərlik, qonşusuna əl tutmaq kimi yüksək ülvi insani keyfiyyətlər də birləşdirir. Koreya xalqının əldə etdiyi bütün nailiyyətlər onun qədim tarixə, mədəniyyətə, maddi və mənəvi potensiala malik olmasının məntiqi nəticəsidir. Çoxlarına məlumdur ki,  beş min ildən çox tarixi keçmişə malik olan Koreya mədəniyyəti və ənənələri Konfutsi prinsipləri əsasında formalaşıb. Bu gün Koreyaya səyahət edən hər bir şəxs dünya irsinin 13 obyektinin, dünya mirasının 19 qeyri-maddi mədəni irsinin, UNESCO-nun Yaddaş İrsinə daxil olan 16 sənədli irsin şahidi ola bilər.

Müasir dünya iqtisadiyyatından, elm tutumlu sahələrdən söhbət düşəndə ilk öncə gözlərimiz önündə həm də dünya bazarında özünəməxsus yer tutan Koreya canlanır. Bu diyar dünya ölkələri arasında qədim tarixi, özünəməxsus mədəniyyəti ilə fərqlənir. Bu gün 52 milyonluq Cənubi Koreya xalqı əfsanəvi kral Tanqun tərəfindən miladdan 2333 il əvvəl əsası qoyulmuş qədim dövlətinin yaranması gününü böyük coşqu və uğurlarla qeyd edirlər. Dövlətin əsasının qoyulması günü Cənubi Koreyada beş milli bayramdan biri və ən önəmlisidir.   

Ötən əsrin 60-cı illərindən etibarən Cənubi Koreya unikal iqtisadi sıçrayış nəticəsində Şimal-Şərqi Asiyanın mərkəzində dünya ekspertlərini heyrətləndirən bir gücə çevrildi. Nəticədə bu ölkə yoxsul kənd təsərrüfatı iqtisadiyyatından texnologiya nəhənginə çevrildi. Bu, hakimiyyətin çevik və səmərəli fəaliyyəti, keçirilən islahatlarla bərabər Koreya xalqına xas olan çalışqanlıq və əqidə möhkəmliyi ilə mümkün oldu. Nəticədə ümum daxili məhsul 450 dəfə artdı. Hazırda ölkə iqtisadiyyatı Asiyada böyüklüyünə görə dördüncü yerdə qərar tutub. 2024-cü ilin sonuna olan məlumata görə, ölkədə ümumi daxili məhsul 2 faiz artıb.

Cənubi Koreya iqtisadiyyatı, əsasən, elektronika, tekstil və avtomobil kimi istehlak mallarının istehsalına, eləcə də ağır sənaye sektoruna: gəmiqayırma və polad istehsalına əsaslanır. Dövlətin rəhbərlik etdiyi sənayeləşmə iqtisadi inkişafın əsas mexanizminə çevrildi. Koreyanın nadir təbii sərvətlərə və çoxsaylı təhsilli işçi qüvvəsinə malik ölkə olduğunu dərk edən Cənubi Koreya hökuməti bir sıra qətiyyətli addımlar atdı. Prezident Pak Çon Hinin başçılıq etdiyi hərbi hökumət əmək tutumlu, ixrac yönümlü sənayeləşməni davam etdirərək  iqtisadi islahatlar ("Koreya iqtisadi möcüzəsi") həyata keçirdi.

Ölkənin əsas təbii mineralları molibden, maqnezit, qrafit, barit, slyuda, flüorit, gümüş, dəmir, qurğuşun, sink, alüminium və kömürdür. Ən böyük sənaye sahələri elektronika, gəmiqayırma, avtomobil istehsalı, tikinti və tekstildir. Cənubi Koreya təhsil, insan potensialının inkişafı, demokratik idarəetmə və innovasiya sahələrində yaxşı nəticələr nümayiş etdirir. Elə bu xüsusiyyətlərinə görə, bu ölkə dünya iqtisadiyyatı üçün mühüm bir regiona çevrilib.

Cənubi Koreyanın beynəlxalq valyuta ehtiyatları 2025-ci ilin avqustuna olan məlumata görə, 416,29 milyard dollar təşkil edib. Onun qızıl ehtiyatları isə bu ilin martında 104,45 ton olub.

Cənubi Koreyanın əsas xarici ticarət tərəfdaşları Çin, ABŞ, Yaponiya, Honq Konq və digər ölkələrdir. Çin Cənubi Koreyanın ən böyük ticarət tərəfdaşıdır, ABŞ isə ikinci yerdədir. Cənubi Koreyanın ixracına, əsasən, yarımkeçiricilər, idxalına isə enerji məhsulları kimi sənaye xammalı və Çin, ABŞ və Yaponiyadan gələn məhsullar daxildir.

Azərbaycan ilə Cənubi Koreya arasında diplomatik əlaqələr 1992-ci ilin martında qurulub. Hər iki ölkə Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri üzrə Müşavirə çərçivəsində münasibətləri inkişaf etdirirlər. Ötən dövr göstərdi ki, Koreya Respublikası Azərbaycanın Şərqi Asiya siyasətində mühüm yer tutur və o da öz növbəsində Cənubi Qafqaz regionunda Azərbaycana böyük əhəmiyyət verir. Təsadüfi deyil ki, bu ölkənin Cənubi Qafqaz regionunda ilk səfirliyi də məhz Azərbaycanda açılmışdır. Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 2006-cı ilin martında, Azərbaycanın Cənubi Koreyadakı səfirliyi isə 2007-ci ilin martında təsis edilmişdir. Həmin dövrdən etibarən iki ölkə arasında münasibətlər həyatın müxtəlif sahələrində yüksələn xətlə davam edir. 2006-cı ildə Cənubi Koreya Prezidentinin Azərbaycana səfəri və 2007-ci ildə Azərbaycan Prezidentinin Koreyaya səfəri ilə iki ölkə arasındakı münasibətlər daha da inkişaf etmişdir.

O dövrdən etibarən dövlət və hökumət başçılarının, ayrı-ayrı nazirliklərin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, beynəlxalq forumlar çərçivəsində görüşləri və əlaqələri həyata keçirilir. Xüsusilə parlamentlərarası əlaqələr daha faydalı və əhəmiyyətli hal almışdır.

Hər il hökumətlərarası iqtisadi komissiyanın iclasları və siyasi dialoqlar həyata keçirilir. Komissiyanın 4-cü iclası 2024-cü ilin 2 aprel tarixində Bakı şəhərində keçirilmişdir. COP29 iqlim konfransının Bakıda keçirilməsi Azərbaycan və Koreyanı həm ikitərəfli, həm də çoxtərəfli təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirmək üçün səyləri birləşdirməyə stimul verdi.

İki ölkə arasındakı əməkdaşlıqda səhiyyə, informasiya texnologiyaları, neft kimya sənayesi, nəqliyyat və turizm sahələrinə mühüm əhəmiyyət verilir. Hər iki tərəf həmçinin hərbi əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirir.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında dinamik iqtisadi-ticarət əlaqələri mövcuddur. Azərbaycan Cənubi Qafqazda Koreyanın ən böyük və mühüm iqtisadi-ticarət tərəfdaşıdır. Koreya, Azərbaycanın qeyri-neft sektoruna birbaşa xarici investisiya yatıran ən böyük ölkələrdən biridir.

Qarşılıqlı iqtisadi əlaqələrin şaxələndirilməsi əməkdaşlığın məzmununu daha da zənginləşdirir. Cənubi Koreya şirkətləri inamla Azərbaycanda  iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə qoyurlar. Onlar həvəslə Azərbaycanda müxtəlif sahələrə, xüsusilə avtomobil sənayesi, rabitə, infrastruktur və inşaata investisiyalar yatırırlar. Koreya şirkətləri Bakı şəhərində yolların çəkilişində iştirak edir, nəqliyyat infrastrukturlarında, xüsusilə  Bakı  Metropoliteni və hava limanı layihələrində texnologiyalarını tətbiq ediblər.

Azərbaycan və Cənubi Koreya 2024-cü ildə "yaşıl inkişaf" və "yaşıl enerji" kimi perspektivli sahələrə diqqət yetirərək ikitərəfli əməkdaşlığı genişləndiriblər.

Azərbaycan və Cənubi Koreya arasında imzalanmış "İkitərəfli Ticarətin İnkişafı Sazişi" ticarətin davamlı artımında mühüm rol oynayır. Hər iki ölkənin bazarlarında qarşı tərəfin məhsullarına böyük təlabat və maraq vardır. Təbii ki, dövlətlər arasında siyasi ab-havanın yaxşı olması ticarət əlaqələrinin inkişafına da öz müsbət təsirini göstərir. 2024-cü ildə  Azərbaycan ilə Cənubi Koreya arasında ticarət dövriyyəsinin həcmi 430 milyon dollar təşkil edib.

Azərbaycan tərəfi Cənubi Koreyadan xeyli miqdarda mal idxal edir. Onların sırasında, əsasən, dərman preparatları, ölçü, nəzarət, tibbi və cərrahiyə alətləri və aparatları, rentgen avadanlıqları, polietilen, propilen, neft-qaz kəmərləri üçün borular, boyanmış, laklanmış və ya plastiklə örtülmüş, eni 600 mm-dən çox olan yastı polad prokatı, məişət cihazları, optik və fotoqrafika, elektrik və elektronika avadanlıqları, nəqliyyat vasitələri, həmçinin onların ehtiyat hissələri, havanın kondisiyalaşdırılması üçün qurğuların və kondisionerlərin hissələri, kassa aparatları daxildir.

Azərbaycan tərəfi isə öz növbəsində Cənubi Koreyaya xam neft, neft emalı məhsulları, kimya məhsulları, əlvan metallar, qara metallar və məhsulları, kənd təsərrüfatı emalı məhsulları, elektrik mühərrikləri ilə təchiz edilmiş digər məişət maşınları, yataq ləvazimatları ixrac edir.   

İki ölkə iqtisadi əməkdaşlıqla yanaşı, mədəniyyət və təhsil sahələrində də geniş əlaqələr qurmuşlar. Son illər təhsil və elm sahəsində şaxələndirilmiş fəaliyyət də öz bəhrəsini vermişdir. Təqaüd proqramı buna bir nümunədir. Koreya hökuməti tərəfindən verilən "Qlobal Koreya Təqaüdü" proqramı əsasında Azərbaycanlı tələbələr Cənubi Koreyada bakalavriat və magistr pillələrində təhsil alırlar. 

Müstəqillik əldə etdikdən sonra Azərbaycanda Koreya dilinə və ədəbiyyatına maraq son dərəcə artmışdır. Bakı Dövlət Universiteti "Uzaq Şərq dilləri və ədəbiyyatı" kafedrasında 2007-ci ildə Regionşünaslıq (Koreya üzrə) ixtisas açılmışdır. ADA  Universiteti ilə Seul Milli Universiteti arasında əməkdaşlıq həyata keçirilir. INHA Universiteti mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biridir. Reytinqə görə Cənubi Koreyada 189 universitet arasında 8-ci yerdə olan INHA Universitetində 60-a yaxın Azərbaycanlı tələbə təhsil alır.

2024-cü ilin oktyabrında Koreya Hökuməti tərəfindən "Kiçik Həcmli İnkişafa Rəsmi Yardım" proqramı çərçivəsində Gəncə Şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə edilib. Bu təşəbbüs Azərbaycanda həssas əhali qruplarının, xüsusən də uşaqların sağlamlığını qorumağa və onların tibbi xidmətlərə çıxışını yaxşılaşdırmağa yönəlib. İanə edilmiş avadanlıqlara defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, xəstə monitoru, əməliyyat lampası, əməliyyat masası, elektrocərrahiyyə aparatı, cərrahi aspirasiya aparatı, alət dəsti, infuziya sistemi daxildir. Koreya hökuməti tərəfindən ianə edilən tibbi avadanlıqların ümumi dəyəri 500000 dollar təşkil edib.

2025-ci il iyunun 5-dən 8-dək Koreyanın paytaxtında keçirilən Seul Beynəlxalq Səyahət Sərgisində Azərbaycanın turizm potensialı nümayiş etdirilmişdir. Sərgidə ölkəmizi "Azərbaycan Hava Yolları" QSC və 5 milli tərəfdaş təmsil etmişdir. Sərgidə həmçinin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin turizm potensialı nümayiş etdirilmişdir. 

Bakı şəhərində həmçinin Koreya dili və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu sahədə Bakıda Koreya Mədəniyyət Mərkəzinin keçirdiyi tədbirləri qeyd etmək olar. Həmçinin Koreya dili kursları, K-pop festivalları, Hanbok  geyim günləri və film nümayişləri təşkil edilir. 

Son dövrlərdə Azərbaycanın beynəlxalq nüfuzu artdıqca, Koreyada Azərbaycana olan maraq da yüksəlmiş, buna görə də Azərbaycanda biznes imkanları axtaran sahibkarlarla yanaşı, Azərbaycanın zəngin mədəniyyətini yaxından tanımaq üçün ölkəyə səfər edən turistlərin sayı da xeyli artmışdır. Koreyalı turistlər Azərbaycanın zəngin tarixi, rəngarəng mədəniyyəti, təbii mənzərələri, qonaqpərvərliyi və müasirliklə tarixiliyin unikal sintezini yüksək qiymətləndirirlər. Koreyanı ziyarət edən Azərbaycanlı turistlərin də sayı getdikcə artmaqdadır.

Qətiyyətlə vurğulamaq olar ki, Azərbaycan-Cənubi Koreya tərəfdaşlığı etibarlı və möhkəm özüllər üzərində bərqərar olmuşdur. Bu gün dinc inkişafa və iqtisadi tərəqqiyə xidmət edən bu əməkdaşlıq Zəngəzur yolu işə düşəndən sonra daha yüksək pilləyə qədəm qoyacaqdır. Şərqi Asiya ölkələrindən axıb gələn ticarət yüklərinin Avropaya çatdırılması və əksinə, Avropa mallarının Asiya ölkələrinə tranziti iki qitə ölkələrini və xalqlarını yüksək rifaha qovuşduracaqdır.    

Atamoğlan MƏMMƏDLİ, 

BDU-nun dosenti

Избранный
93
azerbaijan-news.az

1Источники