RU

Tramp hakimiyyətdə olduğu müddətdə III Dünya müharibəsi olmayacaq – ŞƏRH

Dünya siyasəti son illərdə hərbi toqquşmaların artması, geosiyasi güc balansının dəyişməsi və böyük dövlətlər arasındakı rəqabətin dərinləşməsi fonunda daha da gərginləşib. Xüsusilə Rusiya-Ukrayna müharibəsi beynəlxalq münasibətlərdə “soyuq müharibə”ni xatırladan yeni qarşıdurma mərhələsini formalaşdırıb. Bu proses bəzən “III Dünya müharibəsinin pərdəarxası” kimi xarakterizə olunur. Əlbəttə, böyük dövlətlər hələ də birbaşa hərbi münaqişəyə qoşulmaqdan çəkinirlər, amma təhlükənin tam sovuşmadığını politoloqlar da, siyasətçilər də etiraf edirlər. Məhz bu kontekstdə Macarıstanın Baş naziri Viktor Orbanın “III Dünya müharibəsi ehtimalı” barədə çıxışı beynəlxalq gündəmi yenidən hərbi risklərə fokusladı.

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, Macarıstan Baş nazirinin fikirlərində ciddi həqiqətlər var:

“Son baş verən Rusiya–Ukrayna müharibəsini götürək. Bu savaş bir çox ekspertlər tərəfindən pərdəarxası III Dünya müharibəsi kimi dəyərləndirilir. Sadəcə olaraq, II Dünya müharibəsindəki kimi bütün dövlətlərin real döyüş səhnəsinə qoşulması yoxdur. Əgər ABŞ başda olmaqla Qərb ölkələri Ukrayna tərəfdən bilavasitə hərbi əməliyyatlara müdaxilə etsəydi, bu, artıq yeni dünya müharibəsi olacaqdı. Hələ də bu təhlükə tamamilə aradan qalxmayıb. Ola bilsin ki, Ukrayna deyil, başqa bir region və ya ölkə bu müharibəyə səbəb olacaq addımlar atsın. Amma açığı, yaxın perspektivdə qlobal savaş ehtimalını görmürəm. Donald Trampın hakimiyyətdə olduğu müddətdə belə bir müharibə baş verməyəcək. Çünki Tramp daha çox maliyyə maraqlarını önə çəkən biznesmen siyasətçidir. Vladimir Putin də əslində III Dünya müharibəsinin başlanmasında maraqlı deyil. Çünki ölkəsinin Ukraynada itkilərinin fərqindədir, sadəcə bunu açıq şəkildə etiraf etmir. Reallıq budur ki, hazırkı şəraitdə heç bir böyük güc qlobal müharibənin başlanmasında maraqlı görünmür”.

Politoloqun sözlərinə görə, müharibə ehtimalının ən çox müzakirə olunduğu cəbhə yenə də Ukraynadır:

“Ukraynanın arxasında dayanan dövlətlər yeni qlobal savaş istəmirlər. Onların əsas məqsədi yalnız müşahidəçi qalmaq, ən yaxşı halda iqtisadi və hərbi yardımla kifayətlənməkdir. Real canlı qüvvə ilə müdaxilə olmadan isə müharibə genişlənə bilməz. Buna baxmayaraq, Viktor Orbanın həyəcan təbili çalmaqda haqlı olduğunu düşünürəm. O, sadəcə olaraq dünya ictimaiyyətini ayıq-sayıq olmağa çağırır və belə bir müharibə baş verəcəyi halda bunun bədəlini hər kəsin ödəyəcəyini xatırladır”.

// Gülnarə Abasova, Editor.az

Избранный
112
editor.az

1Источники