RU

Elgün Cavadov: Sım kəndinə gələn turistlərin sayı aylıq 2 min nəfəri keçib

Astara, 3 oktyabr, Gülay Nəzərova, AZƏRTAC

Regionlarda turizmin inkişafı istiqamətində əsas prioritetlərimizdən biri kənd turizminin inkişafıdır. Agentlik yarandığı dövrdən indiyədək bu istiqamətdə müxtəlif fəaliyyətlər həyata keçirib. Əsas hədəflərimizdən biri kənd əhalisinin məşğulluğunun artırılması və onların bacarıqlarının inkişaf etdirilməsidir. Bu məqsədlə kənd icmaları üçün bələdçi kitabı, həmçinin aqroturizm təsərrüfatlarının yaradılması məqsədilə ayrıca vəsait hazırlanıb və regionlarda keçirilən təlimlərdə istifadə olunur.

AZƏRTAC xəbər verir ki, bunu Astaranın Sım kəndində jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov deyib.

O bildirib ki, Sım kəndi “Turistik kənd” konsepsiyasına daxil edilib. Burada turizmin təşviqi üçün xüsusi layihələr həyata keçirilib. Ümumilikdə Azərbaycanın digər turistik kəndlərində də Sım təcrübəsindən istifadə edilərək, infrastrukturun inkişafı istiqamətində işlər görülür. Bu fəaliyyətlər dövlət proqramları çərçivəsində icra olunur.

"Bütün bu işlərin nəticəsində kəndə gələn turistlərin sayı sürətlə artıb. Əgər əvvəllər il ərzində Sıma təxminən minə yaxın turist gəlirdisə, indi yalnız yay aylarında hər ay iki mindən çox turist kəndi ziyarət edir. Bu, son iki ildə qurulan infrastrukturun birbaşa nəticəsidir. Gələcək illərdə də burada infrastrukturun genişləndirilməsi, kənd evlərinin fasadlarının yenilənməsi nəzərdə tutulur. Məqsədimiz Azərbaycanın kənd turizmi potensialını nümayiş etdirmək və nümunəvi kənd modeli formalaşdırmaqdır", - deyə Elgün Cavadov diqqətə çatdırıb.

 

Избранный
105
1
azertag.az

2Источники