Oktyabrın 2-də FİFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, toplantıda verilən qərara əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
"Bu tarixi nailiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin uğurlu idman siyasətinin, o cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin nəticəsidir.
Yüksək inam və etimada görə FIFA İcraiyyə Komitəsinin üzvlərinə, xüsusən də, qurumun prezidenti cənab Canni İnfantinoya minnətdarlığımızı bildiririk", - deyə qurumun açıqlamasında bildirilib.
Qeyd edək ki, 1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lərin dünya çempionatının 25-cisinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər. Bununla futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.