RU

“Avropa Siyasi Birliyi”nin Azərbaycan üçün ƏHƏMİYYƏTİ

“Bu gün Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının keçirilməsinin böyük əhəmiyyəti var”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, sözügedən təşkilatın dünyadakı nüfuzu getdikcə artmaqdadır:

““Avropa Siyasi Birliyi” obyektiv mövqedən çıxış edir. Ölkəmizə qarşı yanaşmasından da bunu görürük. Bu təşkilat Avropa Şurası Parlament Assambleyası və ATƏT-ə nisbətən daha obyektiv mövqedədir.

Üstəlik, ölkələrə qarşı qərəzsizdir və fərq qoymur. Həmçinin, “Avropa Siyasi Birliyi” tərəfindən Azərbaycana qarşı da qərəzli münasibət görmürük. Əksinə, ölkəmizə diqqətlə yanaşırlar”.

Siyasətçi qeyd edib ki, ölkəmizə qarşı belə müsbət münasibət təsadüfi deyil:

“Onlar başa düşürlər ki, Azərbaycanın mövqeyi ilə hesablaşmaq lazımdır. Ölkəmiz də bu platformada öz obyektiv mövqeyini ortaya qoyur. Hesab edirəm ki, Azərbaycanın “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirakı daha səmərəlidir. 

Ölkəmizə qarşı təzyiq olmur, qərəzli qətnamalər qəbul etmirlər. Üstəlik, Azərbaycan sözügedən təşkilatın toplantılarında hər zaman bərabərhüquqlu tərəfdaş kimi çıxış edərək öz mövqeyini açıq şəkildə bəyan edir”. 

Akif Nağı onu da əlavə edib ki, belə Zirvə toplantıları çərçivəsində dövlət və hökumət başçılarının bir araya gəlməsi də faydalıdır:

“Yəni “Avropa Siyasi Birliyi” yaxşı bir meydançadır. Azərbaycan da bu meydançanın imkanlarından maksimum dərəcədə istifadə etməlidir. Çünki Avropanın köhnə qurumları artıq özünü doğrultmur. 

Bunu hər kəs görür. Lakin “Avropa Siyasi Birliyi”ndə müsbət tendensiyalar var. Ölkəmiz də bundan öz maraqları üçün maksimum şəkildə istifadə etməyi bacarır. Nəzərə almaq lazımdır ki, bu ittifaqda birtərəfli qərarlar qəbul etmirlər.

Hansısa birtərəfli qətnamələrdən çəkinirlər. Yalnız konsensus əsasında ümumi mövqeyi əks etdirən sənədlər qəbul olunur və dünyada gedən proseslərə münasibət bildirilir.

Ölkə rəhbərlərinin bir araya gəlməsinə, dünyanın taleyinə aid məsələləri müzakirə etmələrinə ehtiyac var. Beləliklə, Avropanın birgə mövqeyi ortaya qoyula bilər. Bu baxımdan da, “Avropa Siyasi Birliyi”nin Zirvə toplantıları olduqca əhəmiyyətlidir. Buna digər Avropa qurumlarında nail olmaq mümkün olmadı.

Digər təşkilatlarda çox fərqli mövqelər var. Lakin burada dünyanın taleyindən narahatçılığın əsas olduğu hiss olunur. Qəbul olunan bütün qərarlar da dünyanın maraqlarına cavab verir”. 

Избранный
77
cebheinfo.az

1Источники