Filippində güclü zəlzələdə ölənlərin sayı 72-yə çatıb
Ajans.az xəbər verir ki,Filippin Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurasının verdiyi son məlumata görə, zəlzələ nəticəsində təxminən 300 nəfər yaralanıb, 171 minə yaxın insan hadisədən zərər çəkib. Onlardan azı 20 min nəfər evlərini tərk etməyə məcbur olub. Ən çox ölüm halı Sebu ştatının Boqo şəhərində baş verib – burada 30 nəfər həyatını itirib. Boqo şəhəri ötən həftəsonu Bualoi qasırğasından da zərər görmüşdü. Qonşu San Remigio şəhərində isə 22 nəfərin öldüyü təsdiqlənib. Zəlzələ nəticəsində 600-dən çox yaşayış evi dağılıb və ya zədələnib. Eyni zamanda xəstəxanalar, kilsələr, bələdiyyə binaları, yollar və 10-dan çox körpü də dağıntıya məruz qalıb. Bu, səlahiyyətli qurumlar tərəfindən təqdim olunan ilkin qiymətləndirmədir. Rəsmilər bildiriblər ki, hazırda heç bir şəxsin itkin düşməsi ilə bağlı məlumat yoxdur. Buna görə də cümə axşamı günü axtarış-xilasetmə əməliyyatlarının yekunlaşdırıldığı elan edilib.