Azərbaycanda həyat sığortası bazarında zərərlik əmsalı yüksələrək 80 faiz səviyyəsinə çatıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu bazarda əsas artım isə sığortaçıların əsas yığım mənbəsi olan həyatın yaşam sığortasıdır.
Belə ki, 2025-ci ilin ilk səkkiz ayında həyat sığortası bazarının həcmi illik 19 faiz artımla 526.8 milyon manata yüksələrkən, sığorta ödənişlərinin həcmi 28% artımla 423.6 milyon manata qalxıb. Beləliklə, həyat sığortaçıları üçün ümumi olaraq zərərlilik əmsalı son bir ildə 75 faizdən 80 faizə qalxıb.
Həyatın yaşam sığortası bazarı illik eyni dinamika ilə yığımlar 498.5 milyon manata, ödənişlər isə 419.9 milyon manata yüksəlsə də, zərərlilik əmsalı 79 faizdən 84% faizə yüksəlib. Bu o deməkdir ki, sığortaçılar üçün cəlb olunan hər 100 manatdan 84 manatı ödənişə yönəldilir. Qalan 16 faiz isə onların əməliyyat xərcləri və mənfəətinə yönəldilib.
Ümumi olaraq son üç ilə nəzər salsaq sığorta şirkətlərində bu nisbət 54%-dən 79%-ə, bu il isə 84%-ə qalxıb.
Qeyd edək ki, 2025-ci ildən etibarən dövlət sektorunda həyatın yığım sığortasına tətbiq olunan vergi və sosial sığorta güzəştlərinin ləğv olunub. Bu dəyişiklik “Sosial sığorta haqqında” qanuna təklif olunan düzəlişlərdə əksini tapıb. Yeni qaydalara görə, 2025-ci il yanvarın 1-dən sonra bağlanacaq müqavilələrə güzəştlər şamil edilməyəcək, lakin həmin tarixədək qüvvədə olan müqavilələr keçid dövrü qaydası ilə əvvəlki şərtlərlə qüvvədə qalacaq.