RU

Deputat: “Avropa İnsan Hüquqları Məhkəməsi ədalətdən və hüquq normalarından kənar fəaliyyət göstərir”

“Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı ədalətsiz mövqe sərgilənmişdi. Azərbaycan nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandırması ilə bağlı o zaman bəyanat verdi. Bu kontekstdən yanaşanda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) əslində Azərbaycandan nəsə tələb etmək haqqı da yoxdur. Eyni zamanda bu illər ərzində Azərbaycan torpaqları işğal altında olduğu dönəmdə və ondan bir qədər əvvəl istər Ermənistan ərazisindən, eləcə də Qarabağ və ətraf rayonlardan ümumilikdə 1 milyona yaxın qaçqın və köçkün oluduğu dönəmdə Avropa İnsan Haqları Məhkəməsi məsələlərə münasibət bildirib, ermənilərdən, separatçılardan və onların arxasında dayananlardan haqlı tələblər etməli idi. Bunu etməyib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.

 

“Vətən müharibəsinə qədərki dönəmdə - Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın, təxminən, beş min civarında itkin və əsir düşmüş vətəndaşı olub. Onların hüquqlarının, ailə üzvlərinin iztirablarının qarşılanması, suallara cavab verilməsi ilə bağlı qarşı tərəfə yönəlik suallar və ittihamlar olmalı idi. Bunlar da olmayıb. Bu gün isə Azərbaycan torpaqlarını işğaldan azad edib və 30 il ərzində işğala səbəb olmuş separatçılar, terrorçular, silahlı birləşmələrin başında dayanan şəxslər - əslində hərbi cinayətkarlar, hərbi cinayətlər törətmiş və bütün beynəlxalq hüquq normalarına müvafiq olaraq mühakimə olunmalı olan şəxslər Azərbaycan məhkəmələri, qanunvericiliyi qarşısında cavab verməlidir. Onların cinayət əməlləri bu gün məhkəmə araşdırması predmetidir. İstintaq başa çatıb və açıq məhkəmə prosesində törədilən cinayətlər elə həmin o cinayətkarların bilavasitə verdikləri ifadələrlə sübut olunmaqdadır. Guya AİHM bunun fərqində olmadan onların hüquqlarını müdafiə etməyə qalxırsa, bu, bir daha deməyə əsas verir ki, AİHM-də bu vaxta qədər Azərbaycana qarşı ikili münasibət olub. Bu gün də o münasibət davam etməkdədir. Heç bir halda Azərbaycandan hansısa müvafiq tələblər etmək haqları yoxdur. Bir daha qeyd edirəm, bu gün Azərbaycan məhkəməsi qarşısında dayanan və mühakimə olunan şəxslər hərbi cinayətkarlardır. Onlar Azərbaycan xalqına qarşı misli görünməmiş cinayətlər həyata keçiriblər. Bu, əslində insanlığa, bəşəriyyətə qarşı törədilən cinayətlərdir və beynəlxalq hüquq müstəvisində də məsuliyyət tələb edir. Biz öz gücümüzə onları həbs etdik və ədalət mühakiməsi həyata keçirməkdə, haqqı, ədaləti bərpa etməkdəyik. Buna dəstək olmaq əvəzinə bu cür çağırışlarla çıxış etmək AİHM-nin tamamilə ədalətdən və hüquq normalarından kənar fəaliyyət göstərdiyini deməyə əsas verir. Yalnız və yalnız təəssüf etmək olar ki, Avropa İnsan Hüquqları Məhkəməsi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə, Azərbaycana qarşı növbəti dəfə belə qərəzli mövqe nümayiş etdirir”, - sədr müavini bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 2 Oktyabr 2025, 13:46   
Избранный
91
pravda.az

1Источники