“Yaxşı oyun keçdi. Qarşımızda “Kopenhagen” kimi rəqib olsa da, futbolçularım çəkinmədi. İkinci hissədə bəzi top itkilərimiz oldu. Gözəl oyun, möhkəm mübarizə şəraitində matç keçdi. Məşqçiləri ilə oyundan öncə görüşüb söhbətləşdik. Çox gözəl iş görürlər. Çox pozitiv komandadırlar. Onlara uğurlar arzu edirəm".
Teleqraf xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Q.Qurbanov bildirib ki, o, həmişə qələbəyə inanıb: "Məndə inam həmişə olub. Həmişə inamla işləmişəm, futbolçularıma da meydanda inamlı oynamağı tapşırmışam. Birimiz bir az çəkindiksə, bacarmayacağıq. Məğlub olduğumuz oyunlar olub ki, inamlı oyun göstərib azarkeşlər tərəfindən bəyənilmişik".
Qurbanov əlavə edib ki, "Qarabağ" onun məşqçi kimi formalaşmağında ən böyük silah olub: "Bu komandanın adı məni yorulmağa, inamsız olmağa qoymadı. Hədəfimiz stabilliyi saxlamaq idi. Uğurun gələcəyini bilirdik. Futbolçulardan həmişə əsgər kimi vuruşmağı tələb etmişəm. Çox nadir hallarda komanda yorğun olub və istədiklərimizi edə bilməyib. Böyük və iddialı klublar da bəzən büdrəyirlər. Hamı inkişaf edir, yenilik axtarır".
"Qarabağ"ın baş məşqçisi digər klublardan dəvət gəlib-gəlməməsinə dair suala belə cavab verib: “Hər dövrün öz baş məşqçisi olub. Ən yaxşı baş məşqçi barədə qərar verməyə tələsməyək. Kənardan gələn təkliflər barədə tələsməyək. Stabillik önəmlidir. Hər hansı dəvət gələrsə belə, bu, bizim komandadakı stabilliyi poza bilməz. Avropadan təklif gözləmirik. Onların öz iş üslubları var. Hələ ki, Azərbaycandayıq”.