RU

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində dayanıqlı və sağlam şəhərlər müzakirə olundu

Bakı, 1 oktyabr, AZƏRTAC

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində bu gün “Azərbaycanın gələcəyini formalaşdırmaq: iqlimə davamlı və sağlam şəhərlər və icma” panel sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyada şəhərsalma və ağıllı şəhər innovasiyalarının iqlim risklərinə davamlılığı gücləndirməkdə, emissiyaları azaltmaq və sağlam həyat tərzini təşviq etməkdə rolu müzakirə olunub. Azərbaycanda tətbiq edilə bilən ağıllı şəhər infrastrukturuna dair nümunələr paylaşılıb.

Sessiyanın moderatoru UN-Habitat Azərbaycanın nümayəndəsi Anna Soave olub.

Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin Kommunikasiya Departamentinin müdiri Turxan Əhmədov bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dəmir yolu xətləri alternativ cərəyan dartı sistemi ilə fəaliyyət göstərir və Avropa standartlarına uyğundur. O qeyd edib: “ADY iqlimə uyğun transformasiyaya addım-addım yanaşır. Bu, sistemimizin bir neçə təbəqəsində – infrastruktur, əməliyyatlar və rəqəmsal platformalarda həyata keçirilir. İnfrastruktur tərəfdən sistemlər müasir sistemə çevrilir. Bu texniki dəyişiklik həm enerji sərfiyyatını azaldır, həm də yük və sərnişin xidmətlərində qalıq yanacaqlardan asılılığı minimuma endirir”.

Xarici İşlər Nazirliyi İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Elmar Məmmədov bildirib ki, Azərbaycanın dayanıqlı şəhər təşəbbüsünə 60-dan çox ölkə qoşulub: “Çoxsektorlu fəaliyyətlər, dayanıqlı və sağlam şəhərlərə aparan yollar COP29 Sədrliyinin uğurlu təşəbbüslərindən biridir. Bu günə qədər 200-dən çox tərəfdaş, o cümlədən təxminən 60 ölkə və 100-dən çox şəhər bu təşəbbüsə qoşulub və dəstəkləyib. Təşəbbüs əvvəlki qlobal təşəbbüslərdə nəzərə alınmamış sahələri – sağlam şəhərlər, iqlim-şəhər maliyyəsi və qlobal koordinasiyanı əhatə edir”.

E.Məmmədov əlavə edib ki, Azərbaycan azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl şəhər” layihələri üzrə mühüm təşəbbüslər həyata keçirir. Onun sözlərinə görə, Bakıda “Ağ Şəhər” layihəsi çirklənmiş ərazinin yaşıl şəhərə çevrilməsinin uğurlu nümunələrindən biridir.

“GRIMSHAW” şirkətinin dayanıqlılıq üzrə rəhbəri Paul Toyne Azərbaycanı iqlim fəaliyyətində liderlik göstərdiyini vurğulayaraq, bu prosesdə cəmiyyətin bütün hissələrinin yüksək səviyyədə iştirakını qeyd edib. “Bu, Azərbaycanın böyük nailiyyətidir. Hökumət, özəl sektor və cəmiyyətin digər üzvləri fəal şəkildə iştirak edir. Azərbaycanı bu uğur münasibətilə təbrik edirəm,” - deyə o bildirib.

Paul Toyne karbon emissiyalarının azaldılmasının və iqlim dəyişikliyi nəticələrinin – isti hava, istilik dalğaları və daşqınlar kimi halların öhdəsindən gəlməyin vacibliyini vurğulayıb. “Enerjidən daha səmərəli istifadə etməliyik və onu israf etməməliyik”, - deyə o davamlı və effektiv enerji idarəçiliyinin əhəmiyyətini qeyd edib.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF) koordinatoru Abdinnasir Şel Saqar bildirib ki, dünyada şəhərlərin infrastrukturu miqrasiya proseslərinin yaratdığı problemlərə görə ciddi təzyiq altındadır.

Onun sözlərinə görə, əgər müəyyən bir şəhərdə 1 milyon insanın məskunlaşması nəzərdə tutulursa, lakin əvəzində ora 2 milyon insan köç edirsə, şəhərlərin yerləşdirmə və məskunlaşma imkanları məhdudlaşır: “Təəssüf ki, hələ də dünyada insanların rahat məskunlaşma imkanları kifayət qədər deyil. Mənzil və digər vacib infrastruktur hər kəs üçün əlçatan olmalıdır”.

Koordinator əlavə edib ki, müasir dövrdə şəhərlərin inkişafı yalnız yeni binaların tikintisi və əhalinin yerləşdirilməsi ilə məhdudlaşmır: “Sürətli urbanizasiya, iqlim dəyişikliyi, demoqrafik artım və miqrasiya prosesləri şəhərləri yeni çağırışlarla üz-üzə qoyur. Bu səbəbdən “şəhərlərin mobilizasiyası” anlayışı xüsusi aktuallıq kəsb edir. Bu, mövcud resursların, infrastrukturun, idarəetmə potensialının və insan kapitalının səfərbər olunaraq daha dayanıqlı, çevik və yaşana bilən mühitin yaradılması deməkdir”.

Sessiyada, həmçinin şəhərlərin iqlim davamlılığı, sağlamlıq və icma daxilolması, siyasət və planlaşdırma, maliyyələşdirmə, beynəlxalq əməkdaşlıq və ağıllı şəhərlərdə idarəetmə və vətəndaşların iştirakı mövzuları ətraflı müzakirə olunub.

Избранный
6
azertag.az

1Источники