Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən elan edilən 225-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsi yekunlaşıb.
NOCOMMENT.az məlumat verir ki, Pitçinq mərhələsi dörd sessiya üzrə təşkil olunub və hər sessiya canlı yayım vasitəsilə ictimaiyyətə təqdim edilib. Bu yanaşma prosesin şəffaflığını təmin edib. Ekspert Şurasının fəaliyyətini dəstəkləmək üçün xüsusi hazırlanmış kitabçalar üzvlərə təqdim olunub.
Müsabiqəyə ümumilikdə 41 şirkət tərəfindən 88 film layihəsi təqdim olunub. Onlardan 17-si əvvəllər ARKA-dan maliyyə dəstəyi almış, 24-ü isə ilk dəfə müraciət edən şirkətlərin layihələridir. Təqdim edilən layihələr arasında müxtəlif janrlar yer alır:
24 tammetrajlı bədii film
21 qısametrajlı bədii film
14 sənədli film
14 bədii-sənədli film
15 animasiya filmi
Bu ilki müsabiqənin xüsusiyyətlərindən biri özəl sektorun fəal iştirakı olub. Təqdim edilən büdcələrə əsasən, layihə xərclərinin təxminən 31 faizi özəl şirkətlər, 69 faizi isə dövlət dəstəyi hesabına qarşılanması nəzərdə tutulur. Bu göstərici kino sahəsində dövlət-özəl tərəfdaşlığının güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Seçim nəticəsində 29 layihə pitçinq mərhələsinə buraxılıb. Onların bölgüsü belədir:
6 tammetrajlı bədii film
8 qısametrajlı bədii film
4 bədii-sənədli film
3 sənədli film
5 animasiya filmi
3 tələbə filmi
Seçim Komissiyası və Ekspert Şurasının yekun iclası 7 oktyabr 225-ci il tarixində keçiriləcək. İclasın ardından qalib layihələrin siyahısı ictimaiyyətə açıqlanacaq.