RU

III MDB Oyunları: Azərbaycan 2-ci yerə yüksəlib

Azərbaycanın evsahibliyi etdiyi III MDB Oyunlarında sentyabrın 30-da 7 idman növü üzrə yarışlar keçirilib.

Çövkən üzrə Azərbaycan millisi ikinci oyununda Küveyt yığması ilə qarşılaşıb. Şəki şəhər stadionundakı görüş 5:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb. İlk turda idmançılarımız Qırğızıstan millisinə 4:0 hesabı ilə qalib gəlib. Bununla da millimiz qrupu birinci yerdə başa vuraraq, yarımfinala yüksəlib. 

Komandanın  baş məşqçisi Namiq Orucov oyundan sonra deyib:"İlk dəfə Azərbaycanın çövkən komandası MDB Oyunlarında təmsil olunur. Bu, Avropada və dünyada çövkənin təbliğatı baxımından çox vacibdir. Bu oyun sübut edir ki, çövkən Azərbaycanda inkişafdadır. Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm ki, bizə sona qədər dəstək oldular. Hədəfimiz finala çıxmaq və qalib olmaqdır. Bunun üçün hazırlaşmışıq. Üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırmağa çalışacağıq". 

Gəncə İdman Sarayında üzgüçülük və voleybol, Mingəçevirdə taekvondo, Yevlaxda isə boks yarışları davam etdirilib.

Azərbaycan üzgüçüsü Oqtay Hüseynov III MDB Oyunlarında 400 metr məsafəyə  qarışıq üzmə yarışında bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. O, jurnalistlərə açıqlamasında bu uğurdan məmnunluğunu ifadə edib:"İlk dəfədir ki, Azərbaycan üzgüçüsü MDB Oyunlarında qızıl medal qazanır. Bunu bacardığım üçün çox sevincliyəm. Xoşbəxtəm ki, Azərbaycanın bayrağını ən yüksəyə qaldırdım. Yarışdan öncə bir qədər tələskənliyim var idi, amma üzməyə başlayarkən həyəcanı aradan qaldıra bildim".

Gəncə İdman Sarayında üzgüçülük yarışlarında Azərbaycan idmançıları daha iki medal qazanıblar. 4x200 metr məsafəyə sərbəst üsulla üzməkdə Azərbaycan üzgüçüləri Oqtay Hüseynov, Yeqor Maynitski, Fərhad Şirməmmədli və Süleyman İsmayılzadə bürünc mükafat əldə ediblər. Rusiya idmançıları qızıl, Qazaxıstan üzgüçüləri isə gümüş medala sahibləniblər.

Azərbaycan üzgüçüsü Yeqor Maynitski 200 metr məsafəyə bras üsulu ilə üzmədə fərqlənərək üçüncü yeri tutub və bürünc medal alıb. Rusiyalı İlya Yaşmanov qızıl, Belarusdan olan Maksim Malyşka gümüş medala yiyələniblər.

Azərbaycan atıcısı Cavid Həsənov III MDB Oyunlarında gümüş medal qazanıb. Rusiyalı German Telenin qızıl medala sahiblənib, qazaxıstanlı Ratmir Yenikeyev isə üçüncü olub.

Daha bir atıcımız Daniyella Ulanova III MDB Oyunlarında üçüncü yeri tutub. 

O, stend atıcılığı yarışlarında bürünc medal qazanıb. İlk iki pilləni müvafiq olaraq rusiyalı idmançılar Yelizaveta Yevgrafova və Darya Lekomtseva tutublar.

Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan boks yarışlarında 1/4 final mərhələsində 33 qarşılaşma keçirilib. Millimizin 7 idmançısı 5 çəki dərəcəsində mübarizə aparıb.

Günün ilk görüşünü boksçumuz Gülər Hüseynova 48 kiloqram çəki dərəcəsində Bibisora Racabova (Tacikistan) ilə keçirib və 4:1 hesabı ilə qalib gəlib.

Gün ərzində Qardaş Rəhimov 46 kiloqram çəki dərəcəsində Mikita Beskaravaynı (Belarus), Əli Ruşanov 46 kiloqram çəki dərəcəsində Anqsar Ussenxan (Qazaxıstan), Məhəmmədəli Kərimli 50 kiloqram çəki dərəcəsində Azizbek Şkokirjonov (Özbəkistan), Ayxan Həsənov 50 kiloqram çəki dərəcəsində Dayanç Orayev (Türkmənistan), İbrahim Bədəlli 54 kiloqram çəki dərəcəsində Erbol Barataxunov (Qırğızıstan), Hidayət Məmmədov 70 kiloqram çəki dərəcəsində Oybekjon Abdurahimov (Özbəkistan) ilə üz-üzə gəliblər. 

Bir gün əvvəl isə boksçumuz Aysel Fərəcova (46 kq) 1/4 finalda çərçivəsində Aleksandra Kutsikovanı (Belarus) 5:0 hesabı ilə məğlubiyyətə uğradıb və yarımfinala yüksəlməklə azı bürünc medalı da təmin edib. 

Cəmilə Muradlı (54 kq) da adını yarımfinala yazdırıb. Boksçumuz startda Nigora Yusupovaya (Tacikistan) ilk raundda tam üstünlüklə qalib gəlib.

63 kq çəki dərəcəsində Haqverdi Həsənov 1/4 finalda Bahdan Şaşlikovdan (Belarus) güclü olub. O, rəqibini 3:2 hesabı ilə məğlub edib. 

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq. Azərbaycan   ümumi medal sıralamasında 2-ci pillədə qərarlaşıb. Siyahıya Rusiya komandası başçılıq edir. 3-cü yeri Belarus tutur.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Избранный
82
azerbaijan-news.az

1Источники