RU

Mərkəzi Bank Daşkənddə keçirilən regional toplantıda təmsil olunub

BAKI, 30 sentyabr. TELEQRAF

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Özbəkistanın paytaxtı Daşkənd şəhərində Mərkəzi Asiya ölkələrinin mərkəzi bank nümayəndələrinin iştirakı ilə keçirilmiş regional toplantısında iştirak edib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, AMB-nin sədr müavini ödəniş xidmətləri sahəsində tənzimləyici çərçivələr üzrə həyata keçirilmiş dəyişikliklər, tənzimləmə və nəzarət texnologiyaları üçün zəruri infrastrukturun formalaşdırılması, həmçinin xüsusi tənzimləmə rejiminin tətbiqi ilə bağlı Azərbaycan Mərkəzi Bankının təcrübəsini diqqətə çatdırıb.

Tədbirdə ödəniş sistemləri, rəqəmsal maliyyə infrastrukturu, kibertəhlükəsizlik, maliyyə texnologiyaları sahəsinin tənzimlənməsi, həmçinin innovativ həllərin tətbiqi üzrə iştirakçı ölkələrin təcrübələri ətrafında mükakirələr aparılıb.

Qeyd edək ki, tədbir Mərkəzi Asiya ölkələrinin mərkəzi bankları ilə Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirmək, təcrübə mübadiləsini təşviq etmək, ödəniş sistemləri və rəqəmsal maliyyə texnologiyaları sahələrində birgə təşəbbüslərin genişləndirilməsinə dəstək vermək məqsədilə təşkil olunub.

Tədbir çərçivəsində Vüsal Xəlilovun Özbəkistan Mərkəzi Bankı (Central Bank of Uzbekistan) sədrinin birinci müavini Nodirbek Saydullayev ilə ikitərəfli görüşü keçirilib. Görüşdə qurumlar arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
78
teleqraf.com

1Источники