AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının VI turunun oyunlarında qeydə alınan mübahisəli epizodları şərh edib.


Rekord.az xəbər verir ki, o, ilk olaraq "İmişli" - "Zirə" matçında yaşananlara toxunub.


De Blekere bildirib ki, matçın 36-cı dəqiqəsində top oyunda olarkən, "Zirə"nin 4 nomrəli futbolçusu "İmişli"nin 9 nömrəli futbolçusunu arxadan ehtiyatsızlıqla itələyib və hakimlər briqadası bu epizodu görməyib:


"VAR vəziyyəti yoxladı, lakin bu hərəkəti qırmızı vərəqə epizodu hesab etmədiyi üçün müdaxilə etmədi (TV görüntülərində təmas nöqtəsi aydın görünmür).


Gözləntimiz "Zirə"nin futbolçusuna ehtiyatsız hərəkətə görə sarı vərəqə verilməsi, "İmişli"nin lehinə cərimə zərbəsi təyin olunması idi. Təmas baş və ya üz nahiyəsində aydın görünərsə, onda zorakı davranışa görə qırmızı vərəqə gözlənilir".


O, ardınca "Sabah" - "Sumqayıt" matçının 16-cı dəqiqəsində yaşananlara münasibət bildirib:


"Top "Sabah"ın 11 nömrəli futbolçusuna ötürüldü və o, topu qəbul etdikdən sonra "Sumqayıt"ın 80 nömrəli futbolçusuna qarşı ehtiyatsız şəkildə qaydanı pozdu. Hakim qayda pozuntusunu gördü, lakin üstünlük tətbiq etdi. Top oyundan çıxdıqdan sonra hakim "Sabah"ın 11 nömrəli futbolçusuna sarı vərəqə göstərdi.


Bu, düzgün qərardır, çünki "Sabah"ın futbolçusu topu almağa çalışarkən ayağının üst hissəsi ilə (tam təmas yoxdur) rəqibə toxundu. Ehtiyatsız oyuna görə sarı vərəqə doğrudur. Təmas ayaqdan yuxarı və ya güclü kontakt olsaydı, o zaman ciddi qayda pozuntusuna görə qırmızı vərəqə gözlənilərdi".


Hakimlər Komitəsinin sədri eyni qarşılaşmadakı digər epizodlarla bağlı bunları deyib:


"45+2-ci dəqiqə hücum zamanı "Sabah"ın 21 nömrəli futbolçusu cərimə meydançasında topu yaxın məsafədən "Sumqayıt"ın müdafiəçisinin qoluna vurdu. "Sumqayıt"ın futbolçusunun qolu bədəninə yaxın və təbii vəziyyətdə idi. Həmçinin o, qolunu topa tərəf yönəltmədi. Hakim oyunu davam etdirdi və VAR da hakimin qərarını dəstəklədi. Bu, hakimin düzgün qərarı idi. 78-ci dəqiqə hücum zamanı "Sabah"ın hücumçusu qol vurur. VAR epizodu yoxlayır və hücumun başlanğıcında "Sabah"ın 5 nömrəli oyunçusunun topa oynadıqdan sonra ehtiyatsız şəkildə "Sumqayıt"ın 21 nömrəli oyunçusunun ayağına zərbə endirdiyini görür. VAR baş hakimi epizoda baxmağa dəvət edir. Videogörüntülərə baxdıqdan sonra hakim hər iki kapitana vəziyyəti izah edir, qolu ləğv edir, "Sumqayıt"ın lehinə cərimə zərbəsi təyin edir və ehtiyatsız oyuna görə "Sabah"ın 5 nömrəli oyunçusuna sarı vərəqə göstərir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir".


Federasiya rəsmisi "Sabah" - "Sumqayıt" matçının sonlarında ləğv olunan qolla bağlı da danışıb:


"90+2-ci dəqiqə "Sabah"ın hücumu zamanı 20 nömrəli futbolçu cərimə meydançasında topu qəbul edir və qol vurur. VAR epizodu yoxlayır və görür ki, "Sabah"ın hücumçusu qol vurmazdan əvvəl topa əli ilə toxunub. Qaydalar bunu deyir: oyunçu qol vurmazdan əvvəl əllə oynayırsa, qol ləğv olunmalıdır. Bu, hər zaman belədir – istər qəsdən, istərsə də təsadüfi olsun. VAR baş hakimi məlumatlandırır və o, qolu ləğv edir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir".