RU

Hər gün şəhidlərimizin Anım Günüdür

30 sentyabr 2020-ci il

3 gündə 2300 canlı qüvvə, 200-dən artıq artilleriya, 130-dək tank məhv edilib

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edib.

Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, sentyabrın 27-dən 30-dək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tank əleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Cəbrayıl istiqamətində düşmənin döyüş texnikaları sıradan çıxarılıb

Cəbhənin Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları bölmələrimiz tərəfindən məhv edilib.

Səhər saat 08:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutub. Mülki infrastruktura ziyan dəyib və yaralananlar olub.

Düşmənin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini də atəşə tutmağa başlayıb.

Düşmənin "S-300" zenit-raket qurğusu məhv edilib

Xocalı rayonunun Şuşakənd ərazisində düşmənin 1 "S-300" zenit-raket qurğusu sıradan çıxarılıb.

İtirilmiş mövqeləri geri qaytarmaq üçün Suqovuşan istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınıb və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilib.

Prezidentdən və Mehriban Əliyevadan yaralı qazilərimizə dəstək  

Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkiblər.

Hər bir yaralı əsgərin vəziyyəti ilə maraqlanan İlham Əliyev deyib ki, həkimlər onların tezliklə sağalıb normal həyata qayıtmaları üçün əllərindən gələni edəcəklər.

Yaralılar isə tezliklə sağalıb yenidən döyüş bölgəsinə getmək, Vətən uğrunda haqlı savaşlarını davam etdirmək niyyətində olduqlarını bildiriblər. Ali Baş Komandan bir daha vurğulayıb ki, bu savaş tezliklə qələbəmizlə başa çatacaq: "Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar".

Baş sərkərdə döyüşlərin gedişatından da söz açaraq deyib ki, artıq dördüncü gün davam edən savaşda Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. 

İlham Əliyev Şarl Mişelə bir daha həqiqətləri açıqladı

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Prezident İlham Əliyevə telefonla zəng edib.

Təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edən Şarl Mişel münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu bildirib.

İlham Əliyev isə bir daha əsl həqiqətləri söyləyib və işğalçının hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyətin Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

On minlərlə könüllü döyüşlərə qatılmaq istəyir

Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət edib. Müraciətdə bildirilir ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz nazirliyə müraciət edərək ordumuzla birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildirib.

Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə təşəkkür edir və döyüşlərə qoşulmaqla şəxsi heyətin yanında olmaq istəyən hər kəsə dərin minnətdarlığını çatdırır. Bildirilir ki, könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlarımız hərbi hissələrə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər.

Ermənistan "Toçka-U" taktiki raket kompleksini tətbiq edib

Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilib. Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib. Köməyə gələn ehtiyat qüvvələr tərəfimizdən aşkar olunaraq atəş zərbəsilə darmadağın edilib.

Ermənistan silahlı qüvvələri "Toçka-U" taktiki raket kompleksini tətbiq edib.

Düşmənin "Uraqan" yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb

Son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin 1 ədəd "Uraqan" yaylım atəşli reaktiv sistemi, 1 ədəd "OSA" zenit-raket kompleksi, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını və 2 ədəd D-20 haubitsa-topu məhv edilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən saat 17:30-dək düşmənin 2 ədəd "OSA-AKM" zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 "Uraqan" yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 4 ədəd "D-20" haubitsa-topu, 16 ədəd tank, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib və sıradan çıxarılıb.

Düşmənin həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib

Suqovuşan istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib.

Axşam saatlarında keçirilən döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Избранный
45
azerbaijan-news.az

1Источники