RU

Ağ Evdə “Qəzza” zirvəsi: Netanyahu və Tramp razılığa gəldi

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu Ağ Evdə Qəzza ilə bağlı mühüm görüş keçiriblər. Görüşdən sonra Tramp açıqlama verərək bildirib ki, Netanyahu 21 maddəlik Qəzza planını qəbul edib.

Trampın sözlərinə görə, əgər HƏMAS bu planı qəbul etsə, bütün girovlar azad ediləcək, əks halda ABŞ İsrailə tam dəstək verəcək.

 Planın əsas bəndləri

Qəzza və HƏMAS tamamilə silahsızlaşdırılacaq;

HƏMAS planı qəbul edərsə, girovlar ən geci 72 saat ərzində azad ediləcək;

Qəzzada müvəqqəti idarəetmə qurulacaq və İsrail qüvvələrinin mərhələli çıxarılması üçün cədvəl hazırlanacaq;

Beynəlxalq nəzarət mexanizmi yaradılacaq və bu qurum "Sülh Şurası" adlanacaq;

Yerli polis qüvvələri hazırlanacaq, tünellər və silah anbarları məhv ediləcək.

Tramp qeyd edib ki, bu prosesdə Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, İordaniya, Türkiyə, Pakistan və Misir kimi bir çox müsəlman və ərəb ölkəsi dəstək verir. O, Rəcəb Tayyib Ərdoğanı da "güclü dost" adlandırıb.

Tramp çıxışı zamanı bildirib:

"Min illərdir davam edən vəziyyətə indi son qoya bilərik. HƏMAS planı qəbul etməsə, İsrail ABŞ-ın tam dəstəyi ilə tədbir görəcək. Hədəfimiz - bölgədə terroru aradan qaldırmaq və qalıcı sülh yaratmaqdır."

Netanyahu da planı təsdiqləyərək vurğulayıb ki:

HƏMAS silahı təhvil verdikdən sonra 72 saat ərzində girovlar geri qaytarılacaq;

Qəzza tamamilə hərbi varlıqlardan təmizlənəcək;

Beynəlxalq qurum bölgədə sabitliyi təmin edəcək;

Əgər HƏMAS razılığı pozsa, İsrail "məsələni özü həll edəcək".

Netanyahu həmçinin əlavə edib ki, bu plan HƏMAS və Fələstin rəhbərliyi olmadan, bölgədə barışa inan insanlarla həyata keçiriləcək.

Görüş zamanı Netanyahu ilə Qətər Baş naziri arasında Oval ofisdə telefon danışığı da baş tutub. Tramp bu danışığı "çox uğurlu və səmimi" adlandırıb. ABŞ-İsrail-Qətər mexanizmi bölgədə mühüm rol oynayacaq.

Tramp vurğulayıb ki, bu planı demək olar ki, bütün ölkələr dəstəkləyir. Maddi və siyasi dəstək yüksəkdir. O, bu prosesi "sonsuz sülh dövrünün başlanğıcı" adlandırıb.

Netanyahu isə deyib:

"7 oktyabrı heç vaxt unutmayacağıq. Girovlarımızı azad etmək və bölgədə yeni bir səhifə açmaq üçün bu planı dəstəkləyirik."

Lalə Qüdrətova
Milli.Az

Избранный
18
36
milli.az

10Источники