RU

Şəhid jurnalistlərin Xatirə Turnirinin açılışı olub

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək keçirilən şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan turnirin təşkilatçısı və şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Vətən müharibəsində qazanılan qələbədə xüsusi rolu olan şəhidlərin qəhrəmanlıqlarının heç zaman unudulmadığını və daim yaşayacağını bildirib. Qeyd edib ki, məhz bu turnirin təşkili mərd mübarizlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Ardanış kənd İcma sədri, professor Məhəmməd Kərimov ənənəvi xarakter daşıyan turnirin əhəmiyyətindən danışıb və deyib ki, Vətən yolunda canlarından keçən şəhidlərimizin igidliyi hər zaman təqdirəlayiq olub: “Bu sırada qələmləri ilə şəhidlik zirvəsinə ucalan jurnalistlərin xatirəsi hər zaman yad olunur. Göyçə mahalının Ardanış kəndinin yetirməsi olan Məhərrəm İbrahimov da erməni terrorunun qurbanı olan 9 media təmsilçimizdən biri idi. O, nümunəvi davranışları ilə hər zaman Vətənə, dövlətə sadiq, öz peşəsinə ləyaqətlə xidmət edən hərbi jurnalist kimi tanınıb. Məhz şəhid jurnalistlərin xatirəsinə həsr olunan turnir idman tədbiri olmaqla yanaşı, həm də vətənpərvərliyi təbliğ edən, insanları bir-birinə yaxınlaşdıran mühüm təşkilatçılıq işidir. Hər birimiz bütün şəhidlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsini daima əziz tutmalıyıq”.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aqşin Fərəcov şəhidlərə Allahdan rəhmət diləyərək bildirib ki, turnirin təşkilində məqsəd həm şəhidləri yad etmək, həm də idmanı təbliğ etməkdir: “Yarışın sağlam rəqabət şəraitində keçməsini, güclü olanın qalib gəlməsini arzulayıram”.

Mətbuat Şurasının əməkdaşı İlqar Tağıyev şəhid həmkarlarının xatirəsinə keçirilən futbol turnirinin ənənəvi xarakter aldığını, igid Azərbaycan övladlarının Vətən yolunda xidmətlərinin hər zaman təqdir olunduğunu söyləyib.

Dövlət Himni səsləndikdən sonra yarış açıq elan olunub. Topa rəmzi olaraq ilk toxunuşu təşkilatçılar adından Əsgər İbrahimov edib.

Açılış mərasimindən sonra A və B qrupunda 2 qarşılaşma baş tutub. Meydana ilk olaraq “Real TV” və “Baku WS” komandaları çıxıb. Görüş televiziya təmsilçilərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün 2-ci qarşılaşmasında “AzTV” “AZƏRTAC” ilə oynayıb və agentlik təmsilçilərinin qapısından 6 cavabsız top keçirib. Oyunları AFFA-nın hakimləri Mahir Məmmədov və Vüsal Balaşov idarə ediblər.

Xatırladaq ki, turnir Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTV), Baku TV, Real TV, AZƏRTAC, APA, Yurd Media agentliklərinin və BAKU.WS saytının informasiya dəstəyi ilə keçirilir.

Избранный
46
1
azertag.az

2Источники