RU

Ərçivanda təxliyə olunmuş sakinlər evlərinə qayıtdılar: Gördüklərindən məyus oldular - FOTO/ VİDEO

ASTARA, 29 sentyabr. TELEQRAF

Astaranın Ərçivan qəsəbəsində bir neçə gün əvvəl baş verən güclü yağıntılar nəticəsində yaranan subasmadan zərər çəkmiş ailələr artıq evlərinə geri dönüblər.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, təxliyə olunmuş ümumilikdə 33 sakin öz evlərinə qaqıdıb.

Onlar qarşılaşdıqları mənzərədən məyus olublar. Sel suları həm evlərə, həm də təsərrüfat sahələrinə ciddi ziyan vurub. Evlərin zirzəmilərinə lil-palçığın dolması, ərzaq ehtiyatlarının yararsız hala düşməsi sakinlərin vəziyyətini daha da çətinləşdirib.

Kənd sakini İbrahim Rəhimov deyir ki, təsərrüfatına ciddi ziyan dəyib: “150 dənə presim vardı. Onun 50-ni götürə bilərəm, qalan 100-ü gedəcək. Kömək lazımdır ki, üst cərgəni yerə qoyum. Heyvanlara yem çatmayacaq. On toyuğumdan üçü salamatdır”.

Digər zərərçəkən Fatimə Hadiyevanın sözlərinə görə, onun da evi və təsərrüfatı ziyan görüb: “10-a yaxın toyuğum tələf olub. Su pilləkənə qədər qalxmışdı. Biz çıxmadıq, gəlib bizi aparmaq istədilər. Mən heç yana gedə bilmədim”.

Sakinlər əlavə edirlər ki, həyətlərdəki su quyuları sel suları ilə dolduğundan, hazırda içməli suyu qonşu ərazilərdən gətirmək məcburiyyətindədirlər.

Başqa bir sakin, Amil Hüseynov isə evinə təmir üçün aldığı materialların korlandığını qeyd edib: “Evi təmir eləmək üçün taxta almışdım. Suyun altında qaldı, şişdi, artıq istifadəsi mümkün deyil”.

Ən çox zərər çəkən sahələrdən biri də sitrus bağlarıdır. Ağaclar meyvəsini yağış vurub.

Astara Rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisə ilə bağlı xüsusi komissiya yaradılıb. Hazırda selin fəsadlarının aradan qaldırılması və təsərrüfatlara dəymiş ziyanın dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Избранный
109
teleqraf.com

1Источники