RU

Fərid Qayıbov: “III MDB Oyunlarının sonuna qədər medallarımızın sayı çoxalacaq”

“III MDB Oyunlarının sonuna qədər Azərbaycan idmançılarının medallarının sayı çoxalacaq”.

İdman.biz “Report”a istinadla xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

O, Gəncədə “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclası barədə danışıb: “Hər zaman MDB Oyunları ərəfəsində bu cür iclaslar keçirilir. Belə yığıncaqlarda iştirakçı ölkələrin idman nazirlərinin və ya müavinlərinin hesabat xarakterli çıxışları olur. İclasda hazırda Gəncədə davam edən III MDB Oyunları ilə bağlı maraqlı müzakirələr oldu. Dünən Gəncə stadionunda baş tutan möhtəşəm açılış mərasimi barədə söhbətlər aparıldı”.

Nazir 4 gündür davam edən yarışlarda maraqlı mübarizələrə şahidlik etdiklərini söyləyib: “Üzgüçülük və stolüstü tennis yarışlarında artıq medallar qazanmışıq. Bu, bizə pozitiv düşünməyə imkan verir ki, yarışın sonuna qədər medallarımızın sayı daha çox olacaq. “Doğma divarlar” arasında qələbələrimizin sayının çox olmasını istəyirik. Bütün idmançılara uğurlar arzulayıram”.

O, bildirib ki, III MDB Oyunlarının paytaxtdan kənarda keçirilməsi Prezident İlham Əliyevin təşəbbüsü olub: “7 şəhərimiz III MDB Oyunlarını qəbul etmək üçün hazır vəziyyətə gətirildi. Hazırlıq vaxtı Təşkilat Komitəsi tərəfindən bir sıra işlər görüldü. Ölkə üzrə 50-dən artıq idman kompleksləri var. Onların bəziləri son 25 ildə inşa olunmuşdu və təmirə ehtiyacı var idi. Yarışdan əvvəl fürsətdən istifadə edərək idman qurğuları əsaslı təmirə bağlandı”.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

İdman.biz

Məqalədə:
Избранный
32
3
idman.biz

9Источники