RU

Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmə: elektrik yuvasına uzadıcılar qoşulurdu

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Report" un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Dilarə Şirinova deyib ki, mərkəzdə direktorun müavini, baş həkim vəzifəsini icra edib:

"Hadisə baş verən gün Mehriban xanım zəng eləyib mərkəzdə yanğın baş verdiyini demişdi. İcbari tibbi sığorta tətbiq olunandan sonra Perinatal Mərkəzdə bir sıra dəyişikliklər həyata keçirildi. Struktur dəyişikliyi olana qədər Məryəm xanım direktor vəzifəsini icra edirdi. Mərkəzdə tibb bacılarının sayı az idi. Ştatların artırılması ilə bağlı müraciəti Mehriban xanım edirdi".

Dilarə Şirinova bildirib ki, mərkəzdə əvvəl də yanğın olub:

"Mərkəzin 3-cü mərtəbəsində sanitar qovşaqda yanğın olmuşdu. Yanğın qısa müddətdə söndürülmüşdü. Son yanğın zamanı 2 palatada 4 tibb bacısı xidmət göstərirdi. Mehriban xanıma bir neçə dəfə demişdim ki, işçilər çatdıra bilmir, o isə demişdi ki, çatdırmalıdırlar. Yanan otaqda 32 dənə elektrik yuvası var idi. Aparat elektrik yuvasına uzadıcılarla qoşulurdu. Bu xəstə çoxluğundan edilirdi. Əvvəllər görəndə ki, xəstə sayı artıb direktora deyirdim ki, xəstə qəbulunu dayandırsın. Qəbula cavabdeh Mehriban xanım idi. Hamilə gələndə ona deyirdilər ki, xəstə gəlib, o da qəbul etməyi tapşırırdı. Mehriban xanım iclaslarda dəfələrlə demişdi ki, xəstə sayı artırılmalıdır. O deyirdi ki, kimin qohumu-tanışı varsa, bizə müraciət etsin. Məqsəd perinatalın kateqoriyasını qaldırmaq idi".

Şahidin sözlərinə görə, mərkəzin kateqoriyasını qaldırmağa səbəb kimi əməkdaşların maaşlarının artırılması göstərilirdi. O deyib ki, müraciət edən çoxaldıqca mərkəzin kateqoriyası da qalxacaqdı. Bu halda bütün əməkdaşların maaşı artırılacaqdı. Dilarə Şirinova əlavə edib ki, hazırda mərkəz inzibati olaraq fəaliyyət göstərir və orada direktor vəzifəsini icra edir, lakin xəstə qəbul edilmir.

Prosesə ayrılan vaxt başa çatdığı üçün növbəti iclas oktyabrın 8-nə təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Избранный
21
1
bakivaxti.az

2Источники