"Bir neçə il əvvəl start verilmiş rəqəmsal transformasiya layihələrinin nəticələri bu ildən etibarən özünü göstərməyə başlayıb". 1news.az xəbər verir ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev beynəlxalq "INMerge Innovation Summit 2025" forumunda bildirib. Nazirin sözlərinə görə, ötən müddət ərzində dayanıqlı rəqəmsal infrastruktur yaradılıb və ölkədə internetdən istifadə müddətinin orta göstəricisi 6 dəfə artıb. Hazırda təxminən 2 milyon vətəndaş dövlət xidmətlərinin əksəriyyətinə bir toxunuşla çıxış imkanı yaradan "Mygov" platformasından aktiv şəkildə yararlanır. Yaxın aylarda isə mikrobiznes üçün nəzərdə tutulmuş yeni platformanın istifadəyə verilməsi planlaşdırılır. Bu sistem sahibkarlara bütün dövlət xidmətlərinə “vahid pəncərə” prinsipi ilə çıxış imkanı təmin edəcək. Bundan əlavə, Rəşad Nəbiyev qeyd edib ki, biometrik imzaya əsaslanan SİMA sistemi artıq 6,3 milyon aktiv istifadəçiyə malikdir. “Qürurla deyə bilərəm ki, bu, böyük nailiyyətdir”, — deyə nazir vurğulayıb.