RU

Xalqımız İlham Əliyevin rəhbərliyi ilə bunu edir - Deputat

BMT-nin Baş Assambleyasının sessiyaları elə bir platformadır ki, buradan ayrı-ayrı ölkələrin dövlət başçıları və digər yüksəksəviyyəli rəsmiləri öz ölkələrinin problemlərini, reallıqlarını və qlobal çağırışlara yanaşmalarını beynəlxalq birliyin diqqətinə çatdırmaq imkanı qazanırlar. Biz Baş Assambleyanın 80-ci sessiyasında da fərqli təqdimatlara şahidlik etdik.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev ifadə edib.

“Sessiyada Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı isə xüsusi diqqət çəkdi. Həmin çıxışla bağlı qısa şəkildə belə bir fikir ifadə etmək mümkündür: Dövlətimizin başçısının dünyanın ən ali kürsüsündəki çıxışı qalib Liderin qürurunu və beynəlxalq birlik qarşısında məsuliyyətini nümayiş etdirdi. Bu qürur onun titanik səyləri sayəsində yaratdığı və ölkənin, bütün regionun taleyi baxımından müstəsna önəm daşıyan reallıqlardan qaynaqlanır. Dövlətimizin başçısının məsuliyyəti isə bilavasitə son vaxtlarda meydana çıxan qlobal çağırışlarla bağlıdır. İndi dünya çox həssas bir dönəmdən keçir. Azərbaycan Prezidenti BMT tribunasından dünyaya o mesajı verdi ki, bəşəriyyətin gələcəyi həm də liderlərin mövqeyindən, ədalətli yanaşmalarından asılıdır.

Xatırlatmaq istəyirəm ki, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı bu dəfəki çıxışı onun dünyanın ali kürsüsündə birbaşa etdiyi sayca dördüncü çıxışdır. Dövlətimizin başçısının BMT tribunasından bundan əvvəlki birbaşa çıxışları 2004, 2010 və 2017-ci illərə təsadüf edib. Bu çıxışları müqayisə etdikdə onların məzmununda və ritorikasında kəskin fərqlər olduğu görünür. Bunu Prezident İlham Əliyevin Özü çıxışının əvvəlində açıq şəkildə auditoriyanın diqqətinə çatdırıb. Dövlətimizin başçısı uzun illər ərzində BMT kürsüsündən zamanında Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışıb. Cənab Prezidentin budəfəki çıxışı isə tariximizdəki yeni dövrü əhatə edib. Bu dövr işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi, sülhyaratma və quruculuq dövrüdür. Bu dövrdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə elə reallıqlar yaradıb ki, onlar həm ölkəmiz və xalqımız, həm də bütün region üçün müstəsna önəm daşıyır. Qısa şəkildə desək, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycanın işğal faktına necə son qoymaq və sülhə necə nail olmaq nümunəsini dünyaya təqdim etdi. Bu, ədalətli, beynəlxalq hüquqa əsaslanan dünya quruculuğu üçün son dərəcə önəmli bir nümunədir”, - Samir Vəliyev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında öz gücünə ərazi bütövlüyünə və suverenliyinə nail olan Azərbaycanın postmüharibə gündəliyinə diqqət çəkməsi də olduqca vacib məqamdır:

“Müharibədən çxan dövlətlərin toparlanması, necə deyərlər, müharibə itkilərinin yerini doldurmaları üçün illər lazım gəlir. Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsi bitdikdən sonra ermənilər iddia edirdilər ki, Qarabağı dirçəltməyə Azərbaycanın gücü çatmayacaq və yaxud buna uzun illər lazım gələcək. Bəli, qarşıda həqiqətən böyük iş həcmi dayanırdı. Otuz illik işğal dövründə ərazilərimizdən sanki vəhşi tayfalar gəlib keçmişdilər. 11 min kvadratkilometr ərazidə hər şey dağıdılmışdı, yüzlərlə yaşayış məntəqəsi, bir vaxtlar çiçəklənən şəhər və kəndlərimiz sözün əsl mənasında urbisid və kulturisid siyasətinə məruz qalmışdır. Prezident İlham Əliyev çıxışında işğal illərində Dağlıq Qarabağda və ora bitişik ərazilərimizdə 65 məscidin dağıdıldığını diqqətə çatdırıb. Eyni zamanda, İslam dininə aid olan ibadət ocaqlarında mal-heyvan saxlanılıb, qəbristanlıqlarımız təhqirlərə məruz qalıb. Həmçinin maddi sərvətlərimiz talanıb, ekologiyamıza ciddi ziyan vurulub, meşələrimizdəki qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Bütün bunlar ermənilərin “mədəni xalq” mifini dağıtmaqla yanaşı, bizim də ürəyimizi ağrıdırdı. Xalqımız vətənpərvərdir və doğma yurd yerlərinə qəlbən bağlıdır. Biz otuz il ərzində torpaqlarımıza qayıtmağın həsrəti ilə yaşamışdıq. Indi isə həmin ərazilər nə qədər dağıdılmış olsa da, biz o yerlərə sahib çıxmalı idik və dövlətimiz, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə bunu edir.

Güclü və məsuliyyətli Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin bərpasına müharibə başa çatdıqdan dərhal sonra, vaxt itirmədən başladı. Aradan cəmi beş il ötüb. Ancaq bu qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə nə qədər böyük işlər görülüb. Qələbələrimizin əsas memarı olan Prezident İlham Əliyev inamla bildirirdi ki, biz Qarabağı dünyanın ən gözəl guşəsinə çevirəcəyik. Onun rəhbərliyi ilə bu proses çox sürətlə və yüksək səviyyədə gedir. Göz önündə yeni bir Qarabağ formalaşır. Yeni starteji mərhələdə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin olunması Azərbaycanın beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Ötən dövrdə dövlətimizin başçısının müvafiq Sərəncamı ilə qəbul olunan Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla reallaşdırılır. Artıq yeni strategiyanın hazırlıqlarına da start verilib. Qısa müddətdə İşğaldan azad olunmuş ərazilərdə çoxlu sayda layihənin icrası yüksək səviuyyədə təmin olunub, digərlərinin icrası isə intensiv şəkildə davam etdirilir. İşğaldan azad olunmuş ərazilərə 2022-ci ilin iyul ayında “Ağıllı kənd” konsepti ilə inşa olunmuş Zəngilan rayonunun Ağalı kəndinə başlayan ilk köç bu gün yeni-yeni ünvanları əhatə edir. Prezident İlham Əliyev BMT tribunasında qürur hissi ilə bildirib ki, biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır. Xatırladaq ki, 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. 2025-2029-cu illərdə bu xərclərinin 20 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Dövlətimizin başçısının BMT tribunasından bəyan etdiyi kimi, postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə ərazilərimizdə yerləşdirilmiş minaların yaratdığı təhlükədir. Hazırda Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasında yer alır. Söhbət işğal dövründə basdırılmış bir milyondan artıq ölüm saçan minalardan gedir. Onlar ən ağlasığmaz yerlərdə, hətta uşaq oyuncaqlarında yerləşdiliblər. Təəssüf doğuran haldır ki, ərazilərimizdə insanlar postmüharibə dövründə də mina terrorunun qurbanına çevrilirlər. Elə bu günlərddə mina partlaması nəticəsində daha bir hərbiçimiz həyatla vidalaşıb. Bütövlükdə, 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Prezident İlham Əliyev vurğulayıb ki, bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir.

Qeyd edək ki, ərazilərin minalardan təmizlənməsi çətin və çox vəsait tələb edən bir prosesdir. Burada çətinliklər həm də Ermənistanın səhih mina xəritələrini Azərbaycana təhvil verməməsi ilə bağlıdır. Indiyədək ölkəmizə təqdim olunan mina xəritələrinin yalnız 20 faizi səhihdur. Vaşinqton zirvəsində əldə olunan razılaaşmalarla Azərbaycan və Ermənistanı heç vaxt olmadığı qədər sülhə yaxınlaşıblar. Ermənistanın mina xəritələrini Azərbayacana təqdim etməsi etimad quruculuğu yolunda növbəti addım olardı və bu çox vacibdir”.

Избранный
10
3
axar.az

4Источники