RU

O balasından, mən də balamdan doymadım - Şəhid valideynləri övladlarını andılar

Bakı. TurkicWorld

27 sentyabr Anım günü ilə əlaqədar Azərbaycan xalqı şəhidlərimizi anmaq üçün Hərbi Memorial Məzarlığa axın edir. Şəhidlərin valideynləri, övladları, doğmaları onların məzarları başında dualar oxuyub, yad edirlər.

TurkicWorld bir neçə şəhid valideyni ilə həmsöhbət olub.

"Vətən müharibəsinin başladığı ilk günlərdən oğlum döyüşlərə qatılıb. Kəlbəcər-Murovdağ, Füzuli-Cəbrayıl istiqamətlərində döyüş əməliyyatlarında iştirak edib. Oğlum Cəbrayıl ərazisində oktyabrın 5-i döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub".

Bu fikirləri TurkicWorld -ə açıqlamasında şəhid Baş leytenant Kamran Kazımovun atası Qurbanəli Kazımov bildirib. O, şəhidlərimizin qanının yerdə qalmadığı, torpaqlarımızın düşmən işğalından xilas edildiyi üçün qürurlu olduğunu vurğulayıb.

"Oğlumla son danışığımız oktyabrın 3-də olub. Kamran şəhid olanda 2 övladı var idi. Qəhrəmancasına həlak olduqdan sonra bir övladı da dünyaya gəlib. Həmin övladı hər zaman atasını qəbrinin üstünə gələrək burada anır", - deyə əlavə edib.

Şəhid Mayor Ramid Hacıyevin anası Solmaz Əzimova oğlunu anarkən bu fikirləri səsləndirib:

"Oğlumla son görüşümüz sentyabrın 18-i oğlu Əlinin ad günündə olub. Ramid Suqovuşanda şəhid olub. 3 övladı var. Balamın şəhid olacağını bilsəydim doyunca qucaqlayıb öpərdim. Biz şəhid anaları Ali Baş Komandanımızın rəhbərliyi ilə Dəmir yumruq altında birləşmişik".

Şəhid Kapitan Elvin Kazımovun anası Fədayə Kazımova oğlu haqqında fikirlərini bölüşüb:

"Bütün şəhidlərimizin ruhu şad olsun. Oğlum haqqında nə qədər danışsam da onu ifadə etməyə cümlələrim yetərsiz qalar. Hər işdə çox qoçaq idi. Oğlumun gözündə qorxu yox idi".

Fədayə Kazımova qeyd edib ki, Elvin könüllü olaraq döyüşlərə qatılıb:

"Oğlum Aprel döyüşlərində iştirak edib yaralanmışdı. Azərbaycan Ali Hərbi Məktəbinə müəllim olaraq yeni işə düzəlmişdi. Şəhid olanda ailəli idi. O balasından, mən də balamdan doymadım".

Избранный
12
2
turkic.world

3Источники