Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Astara rayonunun Ərçivan qəsəbəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Bu barədə News24.az-a nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb edilib.
Görülmüş tədbirlər nəticəsində 10-u azyaşlı olmaqla ümumilikdə 30 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.
Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.