RU

Qələbəyə yol açan tarixi gün

27 sentyabrı xalqımız daim anacaq, xatırlayacaq və bu gün heç zaman unudulmayacaq. Çünki qələbəmizə gedən yol, düşmənin başının əzildiyi, erməni faşistlərinin ayaqlarının Qarabağ torpaqlarından kəsildiyi anlar bu gündən başlayır.

Bu gün xalqımızın qələbə tarixinin başlanğıcı, ilk uğurudur. Həmin gün Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri verdiyi, ordunu və xalqı torpaqlarımızı azğın erməni faşistlərindən azad etmək üçün səfərbər etdiyi, düşmənə ilk ağır zərbələr vurulduğu gündür.

İlk anlardan düşmən sarsıldı. Ordumuzun zərbələrinə tab gətirə bilmədi, igid oğullarımızın şücaəti qarşısında aciz qaldı və böyük itkilər verdi. Qələbəyə gedən yolun başlanğıcı uğurlu olduğu üçün sonrakı günlərdə qəhrəman əsgər və zabitlərimiz sinələrini alınmaz sipərə çevirdilər, torpağımızın hər qarışı uğrunda cəsarətlə döyüşdülər, əsl qəhrəmanlıq göstərdilər.

44 günün hər bir anı, hər saatı qəhrəmanlıq nümunəsidir və torpaq uğrunda şəhid olanların iradəsi, mətanəti ölçüyəsığmazdır. Azərbaycan Prezidenti bu qəhrəmanlığa böyük dəyər verdi və bildirdi: "Anım günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Biz onların qanını aldıq. Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib".

Ölkə rəhbərinin ifadələrində şəhidlərimizə, qazilərimizə, müharibədə hünər göstərən hər bir insana sonsuz ehtiram və məhəbbət olmaqla bərabər, həm də müharibəyə, itkiyə səbəb olanlara kəskin nifrət var idi. Çünki "biz müharibə istəmirik, sülh istəyirik" şüarı həm rəhbərimizin, həm xalqımızın həyat amalıdır. Ancaq düşmən uzun illər bu çağırışı eşitmədi, torpaqlarımızı işğal altında saxladı, şəhər və kəndlərimizi, mədəni-dini, tarixi abidələrimizi məhv etdi, meşələrimizi qırdı, çaylarımızı, göllərimizi zəhərlədi, torpaqlarımızı minaladı, dinc sakinlərimizi qətlə yetirdi. Haqqımız tapdalandı, səsimiz batırıldı.

Belə bir zamanda beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, hətta BMT belə susdu, səsimizə səs verən olmadı. Faşist Ermənistanı müdafiə edənlərin sayı artdı. 907-ci maddə əleyhimizə işlədi, Avropa İttifaqı, AŞPA Ermənistana dəstək verdi, ölkəmiz haqqında saxta qətnamələr qəbul edildi, bəyanatlar verildi, qərarlar qəbul edildi.

Prezidentimiz ən mötəbər tribunalardan Ermənistanın təcavüzkar əməllərini, xalqımızın başına gətirilən bəlaları, faciələri, soyqırımları əyani faktlarla açıb söyləsə də, haqqımıza, ədalətli mövqeyimizə biganəlik göstərildi, dövlətimizin çağırışları cavabsız qaldı. Ermənistan rəhbərləri, beynəlxalq təşkilatlar sülhə, ədalətə dəstək vermədilər. Erməni faşistlərinin daha geniş əraziləri zəbt etməsi üçün bəyanatlar səsləndirdilər. Bundan həvəslənən erməni vandalları vaxtaşırı atəşkəsi pozdular, sərhəd rayonlarında dinc sakinləri güllələdilər. Başqa çıxış yolu qalmırdı. Qələbə, sülh yolu səngərdən, döyüşlərdən keçirdi. Odur ki, hərbə üstünlük verildi. Döyüş əmrinin verilməsi qaçılmaz idi, çünki düşmən harınlamışdı, qudurmuşdu, Azərbaycanı zəif, ordunu gücsüz, xalqı aciz hesab edirdi. Əslində, belə deyildi.

Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz son illər güclənmiş, müasir silahlar alınmış, vətənpərvər əsgər və zabit heyəti yetişdirilmiş, hərbi kadrlar təkmilləşdirilmişdi. Xalq döyüşə səfərbər idi. İqtisadi inkişaf, beynəlxalq aləmdə qazanılan nüfuz, dost dövlətlərin mənəvi dəstəyi Azərbaycana döyüşdə qələbə qazanmağa imkan versə də, dövlətimiz, rəhbərimiz yenə də müharibənin tərəfdarı deyildi və çox təəssüflər olsun ki, o vaxt Ermənistan rəhbərliyi bunu dərk etmədi. Haqlı olaraq Azərbaycan xalqının qəzəbinə tuş gəldi və təcavüzkarlar məhv edildilər. "Dənizdən-dənizə Ermənistan" ideyası sona yetdi.

"Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir" ifadəsi xalqımızın dilinin əzbəridir. Suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canını qurban verən, fiziki sağlamlığını itirən, döyüşlərdə hünərlə vuruşub qələbəmizə yol açan hər bir insanın amalı, əməli dövlətimiz, vətəndaşlarımız üçün doğma və əzizdir. Bu hisslər qürurvericidir və rəhbərimizin bildirdiyi kimi: "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik".

Dövlət rəhbəri söylədiyi hər sözün sahibidir. O, "müharibədə qalib gələcəyik, qələbə bizimlədir" anonsunu vermişdi və dediyini etdi. "Ermənistan, beynəlxalq aləm, böyük dövlətlər haqlı mübarizəmizə dəstək verəcəklər, istədiklərimizi alacağıq" söyləmişdi, bu da oldu.

Vaşinqton razılaşmaları, Azərbaycan, Amerika və Ermənistanın dövlət rəhbərlərinin görüşləri və qəbul olunmuş üçtərəfli Bəyannamə bu həqiqəti sübut etdi. Azərbaycan bu görüşdə bir daha qələbə qazandı. Minsk qrupunun ləğvinə, 907-ci düzəlişin dondurulmasına nail oldu, sülh müqaviləsinin bağlanmasını zərurətə çevirdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev sülhə, təhlükəsizliyə, əmin-amanlığa, insan azadlığına, haqqın-ədalətin bərqərar olunmasına sadiqdir və bəşəriyyətin gələcəyini, xoşbəxtliyini, dövlətlərin inkişafını bu nəcib amallarda görür. Dövlətimizin başçısı bütün beynəlxalq tədbirlərdə bu mövqedən çıxış edir, insanların səadəti, dövlətlərin müstəqilliyi və suverenliyi, xalqların birliyi, ölkələrin sağlam əməkdaşlığı, səmimi münasibətləri uğrunda səylərini əsirgəmir.

Prezidentimizin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfərə dəvət alması da onun sülhə yönəldilən fəaliyyətinə, xidmətlərinə verilən yüksək qiymətin nəticəsidir.

Ölkəmizin rəhbəri sülh carçısı olmaqla bərabər, həm yaradıcıdır, həm qurucudur, torpağının, suyunun, təbiətinin qədrini biləndir. Azad edilmiş torpaqların qurulması, yenidən bərpası, abadlaşdırma tədbirləri, sakinlərin öz doğma yurd-yuvalarına qayıdışı sözlə əməlin vahidliyinin ifadəsi olmaqla həm də torpağa bağlılığın, insana qayğı və məhəbbətin nümunəsidir.

Prezident İlham Əliyev tez-tez işğaldan azad edilmiş ərazilərə səfərlər edir, işlərin gedişi ilə tanış olur, təməlqoyma, açılış mərasimlərini keçirir, insanlarla görüşür, yeni tapşırıqlarını verir və hər dəfə də Qarabağ və Şərqi Zəngəzur torpaqlarının gülüstana çevrildiyini gördükcə qürurlanır, sevinir, ordusu, xalqı ilə fəxr etdiyini bildirir. Çünki həmin torpaqlarda görülən işlər möhtəşəmdir. Çəkilən yollar, tikilən binalar, salınan tunellər, körpülər, yaradılan şərait, insanların fəallığı ürək açır, ruh verir, gələcəyə daha böyük inam yaradır.

Əlbəttə, bu qürur, bu sevinc 27 sentyabrın təntənəsidir, o günün töhfəsidir. Qələbəmizin təməli olan həmin gün xalqımız üçün unudulmazdır və hər zaman şərəflə, qürurla anılacaqdır.

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Избранный
36
azerbaijan-news.az

1Источники