12 ölkə Fələstin Milli Administrasiyasına (PNA) maliyyə dəstəyi göstərmək üçün koalisiya yaradıb.
Musavat.com xəbər verir ki, məlumatı Fransa Xarici İşlər Nazirliyi öz saytında açıqlayıb: “Bu gün Belçika, Böyük Britaniya, Danimarka, İslandiya, İrlandiya, İspaniya, Norveç, Səudiyyə Ərəbistanı, Sloveniya, Fransa, İsveçrə və Yaponiya Fələstin Milli Administrasiyasının maliyyə dayanıqlığını təmin etmək üçün fövqəladə koalisiya yaratdıqlarını elan ediblər”.
Bəyanatda vurğulanır ki, “koalisiya PNA-nın üzləşdiyi kəskin və görünməmiş maliyyə böhranına cavab olaraq yaradılıb”: "Onun əsas məqsədi PNA-nın maliyyəsini sabitləşdirmək və idarə etmək, həyati xidmətlər göstərmək və təhlükəsizliyi qorumaq qabiliyyətini təmin etməkdir".
Koalisiyanı yaradan ölkələr həmçinin İsraildən Fələstinin bütün gömrük gəlirlərinin dərhal blokdan açılmasını və PNA-nın mövcudluğuna mane olan, zəiflədən və ya təhlükə yaradan hər hansı tədbirləri dayandırmağı tələb ediblər.
Bundan əvvəl BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən konfransda Andorra, Belçika, Lüksemburq, Malta, San Marino və Fransa Fələstin Dövlətini tanıdıqlarını bəyan ediblər. Bundan başqa, sentyabrın 21-də Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya Fələstini rəsmən tanıyıb. Onların bəyanatlarına görə, iki xalq üçün iki dövlət prinsipinə sadiqlik həm Fələstin, həm də İsrail xalqları üçün sülh və təhlükəsizliyin açarıdır.
Musavat.com