RU

Milli həmrəyliyin, qəhrəmanlığın və tarixi ədalətin rəmzi: 27 Sentyabr

"2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunan bu gün xüsusi olaraq anılır. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə təsis edilən 27 sentyabr Anım Günü tariximizin qanlı, eyni zamanda şərəfli səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olunub".

Bu fikirləri Redaktor.az-a Anım Günü ilə bağlı danışan politoloq Qəvami Sadıqbəyli bildirdi. 

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin Azərbaycan Ordusunun möhtəşəm zəfəri ilə başa çatdığını qeyd edən siyasi şərhçi dedi ki, 44 gün davam edən döyüşlərdə xalqımız və ordumuz bir yumruq kimi birləşərək, işğal altında olan torpaqlarımızı azad etdi:

"Bu savaş yalnız hərbi qələbə deyil, həm də milli qürurumuzun, tarixi ədalətin və beynəlxalq hüququn bərpasının rəmzi oldu. 30 il ərzində arxasında böyük güclərin, Rusiya, Fransa, ABŞ və digər dövlətlərin dayandığı Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Azərbaycan torpaqları qəhrəman əsgərlərimizin qanı, şəhid övladlarımızın canı bahasına azad edildi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Ağdam bölgələri, Şuşa şəhəri və onlarla kənd, qəsəbə düşməndən təmizləndi".

Politoloq vurğuladı ki, müharibə günlərində Azərbaycan əsgərləri və zabitləri misilsiz qəhrəmanlıq göstərdilər.

"Onlar Vətən uğrunda canlarını fəda edərək xalqımızın qürur mənbəyinə çevrildilər. Qəhrəman oğullarımız döyüş meydanında igidlik nümayiş etdirərək düşmənin illərlə qurduğu istehkamları yarıb keçdi, strateji yüksəklikləri və şəhərləri azad etdi.

Bu zəfər minlərlə şəhidimizin qanı və canı bahasına qazanıldı. Onların hər biri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə isə dərin minnətdarlığımızı bildiririk. 27 sentyabrda bütün ölkə boyu şəhidlərin ruhuna dualar oxunur, onların xatirəsi ehtiramla yad edilir. Azərbaycanın qazandığı tarixi qələbə yalnız hərbi gücün nəticəsi deyildi. Bu zəfər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə və beynəlxalq hüququn prinsiplərinə tam uyğun olaraq əldə olundu. 30 il ərzində icrası yubadılan həmin qətnamələrin praktiki tətbiqi Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində mümkün oldu. Dövlətimiz həm öz ərazi bütövlüyünü bərpa etdi, həm də beynəlxalq hüququn aliliyini qorudu. Hər zaman 27 sentyabr xalqımızın yaddaşında milli həmrəyliyin, qəhrəmanlığın və tarixi ədalətin təcəssümü kimi daim yaşayacaq", - deyə Qəvami Sadıqbəyli yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Избранный
26
50
redaktor.az

10Источники