RU

Əliyevin BMT görüşləri ölkənin qlobal rolu barədə yeni rəylər yaradır...


Fuad İbrahimov: “Böyük şirkətlər, korporasiyalar əməkdaşlığa, qeyri-neft sektoruna sərmayə qoyuluşuna maraq göstərir”

Prezident İlham Əliyevin Nyu-Yorka işgüzar səfəri həm ikitərəfli görüşlərin miqyası, həm də BMT Baş Assambleyasında etdiyi çıxış baxımından diqqət mərkəzindədir. Bütün bunlar Azərbaycana olan marağı daha da artırıb. Prezident İlham Əliyevin dünyanın ən iri maliyyə qurumlarının rəhbərləri ilə görüşməsi Azərbaycanın iqtisadi uğurlarına beynəlxalq etimadın göstəricisi oldu.

Keçirilən görüşlər çərçivəsində “Brookfield Asset Management”, “Neuberger Berman”, “Blackstone”, “Franklin Templeton” və “Global Infrastructure Partners” kimi maliyyə nəhənglərinin rəhbərləri Azərbaycanın artan iqtisadi potensialını xüsusi vurğuladılar. Bu şirkətlərin təmsilçilərinin Bakıda gördükləri iqtisadi nailiyyətlərdən heyranlıqlarını ifadə etmələri, ölkəmizin bərpaolunan enerji sahəsində sürətli inkişafını yüksək qiymətləndirmələri Azərbaycanın dünya iqtisadi xəritəsində mühüm oyunçuya çevrildiyini göstərir.

Bütün bu deyilənlərin fonunda, Prezident Əliyevin Nyu-York görüşlərini (biznes və siyasi dairələrlə) Azərbaycanın qlobal mövqelərinin daha da güclənməsinin ifadəsi kimi qəbul etmək olarmı?

“O baxımdan, hesab edirəm ki, Azərbaycanın qlobal mövqeyi möhkəmlənəcək, çəkisi daha da artacaq”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında buna bir neçə aspektdən yanaşdı: “Prezident İlham Əliyevin Nyu-Yorkda keçirdiyi yüksək səviyyəli görüşlər, ali tribunada etdiyi çıxış - bütün bunların hamısı Azərbaycan diplomatiyasının qələbəsidir. Azərbaycan diplomatiyasının qələbəsi olmaqla yanaşı, biz ora əli yalın getməmişik. Biz ora konkret olaraq regionları, qitələri bir-birinə inteqrasiya edən layihələrlə getmişik. Bu gün dünyada siyasi baxışlardan sonra ən başlıcası iqtisadi, biznes maraqlarıdır. Bu məsələdə Azərbaycan, demək olar ki, öz regionunda maraqları nəinki öz ətrafında birləşdirib, eyni zamanda bu proseslərə siyasi liderlik edə bilir. Yəni istər şərqi olsun, istər qərbi olsun, bu gün Azərbaycan modelinin qəbul olunması müşahidə edilir. Xüsusən də Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edəndən sonra ölkəmizə olan maraq daha da artıb. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı görünməmiş səviyyədə artıb. Söhbət təkcə Azərbaycandan enerji məhsulları almaq istəyən dövlətlərdən getmir. Söhbət ondan gedir ki, böyük şirkətlər, korporasiyalar Azərbaycanla əməkdaşlığa, qeyri-neft sektoruna sərmayə qoyuluşuna maraq göstərirlər. Bu günlərdə Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. Elə Forumun birinci günündə 5,5 milyardlıq saziş imzalandı. Bu nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, artıq bu kimi iqtisadi tədbirlərə gələndə heç kəs gələcəyin perspektivli regionu olan, gələcəyin ticarət dövriyyəsini öz üzərindən buraxa biləcək bir dayanıqlı dəhlizdə payçı olmaq niyyətlərini gizlətmir. Artıq bura gələndə hər hansısa formatda Azərbaycan varlığı ətrafında möhkəmlənməyi özlərinə məqsəd qurublar. O ki qaldı Birləşmiş Ştatların proseslərdə iştirakına, bu çox önəmli hadisədir. Ona görə ki, dünya iqtisadiyyatının flaqmanı, maliyyə sisteminin institusional mərkəzi kimi ABŞ öz sağlam iqtisadi siyasətini Azərbaycanda yürütmək istəyər. Prezident də çıxışında qısaca olaraq ona toxundu ki, biz sağlam investisiyaya açığıq. O baxımdan hesab edirəm ki, Azərbaycanın qlobal mövqeyi möhkəmlənəcək, çəkisi daha da artacaq”.

Vidadi ORDAHALLI

Избранный
29
baki-xeber.com

1Источники