RU

Sabiq icra başçısı hakim qarşısında FOTO

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Zərdab və Mingəçevirdə bütövlükdə 14 il icra başçısı olmuş Lütvəli Babayev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib.

Gununsesi.info xəbər verir ki, o, oğlu Babəli Babazadə ilə bağlı 2 milyon manatlıq dələduzluq işində dindirilib.

Bu işdə B.Babazadənin dostu – “Uniklinika”nın baş həkimi Aruz Əliyev təqsirləndirilir. O, daha bir tanışı Ehtiram Kərimovla birlikdə keçmiş icra başçısının oğlunun 2 milyon manatlıq əmlakını satıb pulunu mənimsəməkdə suçlanır.

İddia edilir ki, həmin dövrdə B.Babazadənin 1 milyona yaxın vergi borcu olduğundan ölkədən Türkiyəyə gedib və bu zaman həkim-cərrah olan dostu A.Əliyevə etibarnamə verib. İttihama görə, təqsirləndirilən A.Əliyev və E.Kərimov həmin etibarnamə əsasında onun əmlaklarını sataraq dələduzluq ediblər.

Təqsirləndirilən şəxslər ittihamla razılaşmır, orada yazılanları yalan adlandırırlar. A.Əliyev bildirir ki, əmlakları sabiq icra başçısının oğlunun öz istəyiylə satıb, pulu da onun özünə göndəriblər: “Orada xərcləyib, indi atasının qorxusundan yalan danışır, məni şərləyir”.

Keçmiş icra başçısı məhkəmədə dindirilərkən deyib ki, oğlunun etibarından sui-istifadə ediblər: “Aruz oğlumun həkimi olub, münasibətləri də oradan yaranmışdı. Onun etibarından istifadə etdi. Ona görə də biz bu gün buradayıq. Onu xəstəxanaya işə də o düzəltmişdi. Onda da ərimiş tort aparmışdı”.

L.Babayev etiraf edib ki, təqsirləndirilən həkimin səsyazısını özü gizli şəkildə qeydə alıb və hüquq-mühafizə orqanlarına təqdim edib.

“Dövlətin dini onun ədalətidir”

Yaşananlara baxmayaraq, təqsirləndirilən şəxslərlə düşmənçilik etmədiyini vurğulayan sabiq icra başçısı əmlakları geri istədiyini söyləyib. Onun sözlərinə görə, dəymiş ziyanın ödənilməsindən ötrü bir neçə dəfə qarşı tərəfin qohumlarıyla da görüşüblər, ancaq nəticəsi olmayıb.

L.Babayev özünün və ailəsinin adının bu işdə hallandırılmasına etirazını bildirib.

“Mən inanıram ki, din dövlətdən ayrıdır. Dövlətin dini onun ədalətidir. Ədalətin özü isə Qurani-Kərimdir. Mən inanıram ki, Qurani Kərimə xatir, siz ədalətli qərar çıxaracaqsınız”, – keçmiş icra başçısının sözləridir.

Təqsirləndirilən şəxsin vəkili İlqar Rüstəmov keçmiş icra başçısının davranışına etiraz edib. Vəkil bildirib ki, o, şahid yox, zərərçəkən kimi ifadə verir. Halbuki, statusu zərərçəkən deyil, şahidsə gördüyündən, bildiyindən danışmalıdır.

Keçmiş baş həkim A.Əliyev və E.Kərimov Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham olunurlar. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

“Heç bir sübut-dəlil olmadan bizə cinayət işi açıblar. Qondarma ittihamla bizi iki ildir girov saxlayırlar”, – təqsirləndirilən E.Kərimovun sözləridir.

L.Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə Zərdabın icra başçısı vəzifəsində çalışıb.

Onun oğlu Azərbaycanda “BLB” MMC-nin rəhbəri olub, 2021-ci ildə isə Moskvada “Liqa-Stroy” MMC-ni təsis edib.

Keçmiş icra başçısının ailəsinə məxsus daha bir şirkət “TOP POINT” MMC-dir. Bu şirkət 2014-cü ildə təsis edilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
icma.az

1Источники