RU

Amazon 2,5 milyard dollarlıq tarixi təzminat ödəyəcək

Amazon 2,5 milyard dollarlıq tarixi təzminat ödəyəcək

ABŞ-ın Amazon şirkəti Federal Ticarət Komissiyası (FTC) ilə iki ildir davam edən məhkəmə çəkişməsində razılığa gələrək 2,5 milyard dollar ödəməyi qəbul edib. Şirkət milyonlarla müştərini aldadıcı üsullarla Prime üzvlüyünə cəlb etməkdə və abunəliyin ləğvini çətinləşdirməkdə ittiham olunurdu.

FTC-nin açıqlamasına görə, razılaşma çərçivəsində Amazon 1 milyard dollar inzibati cərimə ödəyəcək, üstəlik 35 milyon müştəriyə ümumilikdə 1,5 milyard dollar geri qaytaracaq. Bu qərar FTC tarixində qayda pozuntusuna görə tətbiq edilən ən böyük maliyyə sanksiyası kimi qeydə alınıb və qurumun əldə etdiyi ikinci ən böyük kompensasiya məbləği olub.

Şirkət iddiaları rədd etdi

Amazon-un sözçüsü Mark Blafkin bildirib ki, şirkət qanunları pozmayıb: “Müştərilərimizə üzvlüklərini həm başlatmaq, həm də ləğv etmək üçün açıq və sadə imkanlar təqdim edirik. Bu razılaşma bizə müştərilər üçün yeniliklərə diqqət ayırmağa şərait yaradacaq”.

Yeni qaydalar tətbiq olunacaq

Razılaşmaya əsasən, Amazon bundan sonra üzvlük ekranlarında “Xeyr, pulsuz çatdırılma istəmirəm” kimi istifadəçini yönləndirən seçimlərdən istifadə edə bilməyəcək. Prime qeydiyyatı zamanı şərtlərin açıq şəkildə göstərilməsi və ləğv prosesinin sadələşdirilməsi məcburi olacaq.

Prime-ın miqyası

Prime abunəliyi aylıq 14,99 dollar və ya illik 139 dollara başa gəlir. 2024-cü ildə xidmət şirkətə 44 milyard dollar gəlir qazandırıb. Prime sürətli çatdırılmadan onlayn kontentə, market alış-verişindən xüsusi endirimlərə qədər geniş xidmətlər təqdim edir. Müstəqil təhlillərə görə, 2025-ci ilin mart ayına ABŞ-da təxminən 197 milyon Prime abunəçisi var.

“Cərimənin təsiri məhduddur”

Ekspertlər hesab edir ki, 2,5 milyard dollarlıq ödəniş Prime abunəliyinin ləğvini daha şəffaf edə bilər, lakin xidmətin bazar üstünlüyünə ciddi təsir göstərməyəcək. ABŞ-ın keçmiş FTC sədri Lina Xan isə bildirib ki, Amazon bu razılaşma ilə mümkün məhkəmə hökmünün qarşısını aldı, lakin cərimə şirkətin nəhəng maliyyə gücü qarşısında cib xərci səviyyəsində qalır.

Избранный
61
afn.az

1Источники