RU

“PowerChina Resources Ltd” şirkəti ilə günəş və külək enerjisi layihələrinin inkişafı müzakirə edilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov “PowerChina Resources Ltd” şirkətinin sədri Zhong Haixiang ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması və enerji sahəsində əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin aprel və sentyabr aylarında Çinə səfərlərinin mühüm rolu vurğulanıb. Bərpaolunan enerji sahəsində Çin şirkətləri ilə tərəfdaşlığa xüsusi əhəmiyyət verildiyi qeyd olunub.

“PowerChina Resources Ltd” şirkəti ilə 160 meqavat gücündə günəş elektrik stansiyası, həmçinin 2 giqavat gücündə dənizdə külək enerjisi layihələrinin icrasının mövcud vəziyyəti müzakirə edilib. Layihələrin inkişaf perspektivləri şəbəkəyə inteqrasiya və ixrac imkanları çərçivəsində qiymətləndirilib. Hazırda Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə əlavə bərpaolunan enerji güclərinin enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkə tədqiqatlarının aparılması, həmçinin Türkiyə və Avropa istiqamətlərində enerji interkonnektorlarının qurulması barədə məlumatlar diqqətə çatdırılıb.

“PowerChina Resources Ltd” şirkətinin sədri Zhong Haixiang bildirib ki, Azərbaycan təkcə siyasi baxımdan deyil, həm də bazar potensialı və iqtisadi biznes mühiti baxımından əlverişli ölkədir və şirkət yeni investisiya layihələrinə maraq göstərir. Görüş zamanı bərpaolunan enerji, hidroakkumulyasiya sistemləri və digər sahələrdə potensial investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

 

Избранный
23
6
azertag.az

7Источники