RU

III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərinin su təchizatına baxış keçirilib

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının təşkili və keçirilməsi məqsədilə ölkənin müxtəlif şəhərlərində hazırlıq işləri davam etdirilir. Oyunların keçiriləcəyi əsas məkanlardan biri olan Mingəçevir şəhərində infrastruktur layihələrinin icrası və xidmət sahələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi diqqət mərkəzindədir.

KONKRET.az xəbər verir ki, 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində baş tutacaq oyunlarla bağlı görülən tədbirlər çərçivəsində Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinə yerində baxış keçirilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində yaradılan komissiyanın üzvləri və sukanal idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən baxış zamanı Mingəçevir şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin istismar vəziyyəti, nasos stansiyaları, su anbarları və digər mühüm infrastruktur obyektlərinin mövcud durumu təhlil olunub.

Komissiya üzvləri əvvəlcə Mingəçevir Sukanal İdarəsində texnika və avadanlıqların vəziyyəti ilə yaxından tanış olublar. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətin İdarə Heyətinin sədr müavini, komissiyanın sədri Cavid İsmayılzadə Mingəçevir şəhərinin əhalisi ilə yanaşı, MDB Oyunları çərçivəsində şəhərə gələcək idmançılar, qonaqlar və texniki heyətin su təminatının fasiləsiz və keyfiyyətli şəkildə həyata keçirilməsi üçün görüləcək işlər barədə tapşırıqlarını verib, yarışlar zamanı daha çevik və məsuliyyətli davranmağı tövsiyə edib. Oyunların keçiriləcəyi günlərdə işçilərin hansı qrafiklə çalışacağı dəqiqləşdirilib, sukanal idarəsinin gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyi qeyd olunub.

Sonra komissiya üzvləri Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksinin vəziyyəti ilə tanış olublar. Yarışlar zamanı sutəmizləyici qurğuların, ehtiyat generatorların, nasos və avadanlıqların saz vəziyyətdə olması və hər hansı bir problemin yaranmaması üçün qabaqlayıcı təbirlərin görülməsi istiqamətində tapşırıqlar verilib.

Komissiya üzvləri “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin su təchizatı sisteminə baxış keçirən zaman mərkəzin daxili su şəbəkəsi, anbar tutumları, nasos sistemləri və sanitar texniki qurğular da yoxlanılıb. Bundan əlavə, yarış və təlim məkanlarının yerləşdiyi ərazilərdə tullantı sularının idarəolunması sistemi də araşdırılıb.

Yarışların keçiriləcəyi və iştirakçılar üçün mühüm əhəmiyyət kəsb edən bəzi küçə və prospektlərdə kanalizasiya quyuları, yağış barmaqlıqları, həmçinin yağış sularının axıdılması sistemləri də yoxlanılıb.

Komissiya üzvləri Mingəçevir şəhərində yerləşən Kanalizasiya Nasos Stansiyasında da olublar. Stansiyanın texniki hazırlıq səviyyəsi, nasosların iş rejimi, enerji təminatı və qəza halları zamanı operativ müdaxilə imkanları ətraflı təhlil olunub. Stansiyanın fasiləsiz işləməsi üçün mövcud imkanlar nəzərdən keçirilib və əlavə tədbirlərin görülməsi ilə bağlı müvafiq göstərişlər verilib.

https://youtu.be/DKA9xVs8Bkk?si=L0e8a-A8AS5UhamK

Избранный
22
16
konkret.az

10Источники